Bakıda «Neft və mədəniyyət
- xalqın sərvəti
kimi» mövzusunda beynəlxalq konfrans keçirilir
Noyabrın 23-də Muzey Mərkəzində «Neft və mədəniyyət
- xalqın sərvəti kimi» mövzusunda ikigünlük beynəlxalq
elmi-praktiki konfrans işə başladı. Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlığa
dair 2009-2010-cu illər üzrə proqram çərçivəsində həyata
keçirilən tədbirdə Rusiyanın tanınmış
neft sənaye şirkətlərinin və
müvafiq elmi qurumlarının
nümayəndələri ilə yanaşı, Rusiya Dövlət Dumasının
deputatları da iştirak
edir.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev konfransın aktual mövzuya həsr olunduğunu vurğuladı: «Etiraf etmək lazımdır ki, konfransın formatı və mövzusu bir qədər qeyri-adi görünə bilər. Lakin bu gün iqtisadi strukturların və mədəniyyət siyasətinin tandemi müasir dünyanın qaçılmaz reallığıdır. Mədəniyyət siyasəti qarşısında duran vəzifələr təkcə incəsənətin dəstəklənməsi ilə məhdudlaşmır. Mədəniyyət siyasəti bütövlükdə ölkənin inkişafına və çiçəklənməsinə xidmət edir. Bir ölkənin dinamik inkişafından o halda danışmaq olar ki, orada həm mədəniyyət, həm də iqtisadiyyat sahəsində inkişaf eyni səviyyədə qiymətləndirilsin. Bu gün Azərbaycanda istər iqtisadiyyat, istərsə də mədəniyyət sahəsində pozitiv dinamik inkişaf müşahidə olunmaqdadır».
Son illər ölkəmizdə mədəniyyət sahəsində əldə edilən uğurlardan söz açan Ə.Vəliyev Bakıda keçirilən beynəlxalq tədbirlərdən də bəhs etdi: «2008-ci ildə Bakıda Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirildi. Bu günlərdə Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalça sənəti bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir. Əvvəlki illərdə Azərbaycanın muğam və aşıq sənəti, Novruz bayramı da həmin siyahıya daxil edilib. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan neft sənayesinin inkişafı xalqımızın milli-mədəni sərvətlərinin qorunması, təbliği və inkişafına daim böyük təkan verib».
Nazir müavini Azərbaycanda neft sənayesinin inkişafından və «qara qızılı»ın xalqlar arasında iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasında rolundan da bəhs etdi.
«Bütün müsbət faktorlara baxmayaraq, obyektiv problemlər də mövcuddur» deyən nazir müavini mədəniyyət siyasətinin ilk növbədə iqtisadi və biznes strukturlarının köməyinə ehtiyacı olduğunu bildirdi: «Ticarət layihələri ilə müqayisədə mədəniyyət siyasəti rəqabət qabiliyyətli aparılmır. Bu konfransın sonunda qəbul ediləcək bəyannamə də məhz bu məsələyə həsr olunub».
Konfransda çıxış edən Rusiya Dövlət Dumasının Mədəniyyət komitəsinin sədri Qriqori İvilyev Azərbaycanla Rusiya arasında həm iqtisadi, həm də mədəniyyət sahəsində əlaqələrin zəngin tarixi olduğunu bildirdi: «Azərbaycanla Rusiya arasında qədim tarixə malik əlaqələr möhkəmlənir, alimlər fikir mübadiləsi aparır. Belə tədbirlər fikir mübadiləsi aparmasına və milli mədəni sərvətlərin təbliğinə böyük təkan verir».
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə son illər Azərbaycanla Rusiya arasında bir sıra elmi konfransların keçirildiyini diqqətə çatdırdı: «Azərbaycanla Rusiya arasında əlaqələr günü-gündən inkişaf edir. Neft həm də xalqların sərvətidir. Neft və mədəniyyət mövzusu isə müasir dövr üçün aktualdır».
Rusiya Kulturologiya İnstitutunun direktoru Kirill Razloqov isə rəhbərlik etdiyi qurum, onun strukturları və tətbiq edilən yeni metodlarla bağlı məlumat verdi. Eyni zamanda Bakıda təşkil edilən konfransın əhəmiyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı. Bildirdi ki, belə layihələr gələcəkdə ölkələr arasında mədəni əməkdaşlığa daha geniş imkanlar yaradacaq.
Tədbirdə o da bildirildi ki, neft Azərbaycanın mədəniyyətinin inkişafında tarixən vacib rol oynayıb. XIX əsrin sonu - XX əsrin əvvəlində Bakıda böyük neft maqnatları olub və onlar əldə etdikləri gəlirdən Azərbaycan mədəniyyətinə böyük töhfələr veriblər. Məsələn, elə götürək Bakıda böyük və klassik memarlıq abidələrini. Bunlar vaxtilə böyük neft maqnatlarının tikdirdikləri binalardır. Bunun özü təsdiqləyir ki, neft bir xalqın mədəniyyətində mühüm rol oynayır.
Qeyd edək ki, konfrans noyabrın 24-də işini başa vuracaq. Sonda qəbul ediləcək bəyannamədə müasir dövrdə mədəniyyət siyasətinin aktuallığının artırılması, biznes dairələrinin mədəniyyət sahəsində layihələrə, yaradıcı insanlara dəstək və diqqətin artırılmasına çağırış əksini tapacaq.
Mehparə
Mədəniyyət.-
2010.- 24 noyabr.- S. 3.