Mədəniyyət mərkəzinin yeniyetmə istedadları

 

   Məşhur rus dilçi alimi Vladimir Dal özünün “İzahlı lüğət”ində yazır: “Mədəniyyət - işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır”. Bu fikri dərindən nəzərdən keçirsək, mədəniyyətin doğrudan da hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıq olduğunu dərk edərik. Mədəniyyət insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərdir. Bu dəyərlərin formalaşmasında, təbii ki, mədəniyyət müəssisələrinin də mühüm yeri və rolu var.

     

   Paytaxtımızda qabaqcıl fəaliyyəti ilə seçilən çoxlu mədəniyyət mərkəzi var. Onlardan biri də Bakının Nizami rayonunda, Keşlə qəsəbəsində yerləşir. Mədəniyyət müəssisəsi vaxtilə kitabxana kimi yerli sakinlərə xidmət göstərib. 1946-cı ildən klub kimi fəaliyyətə başlayıb. Klubun xidmət dairəsi getdikcə genişlənib, nəticədə müəssisə Mədəniyyət evinə çevrilib. 1998-ci ildən Nizami rayon Mədəniyyət Mərkəzi adlanır.

   Mədəniyyət Mərkəzində 1968-ci ildən M.Müşfiq adına Xalq Teatrı fəaliyyət göstərir. Teatrın səhnəsində müxtəlif vaxtlarda Azərbaycan və xarici ölkə dramaturqlarının əsərləri tamaşaya qoyulub. Hazırda teatrın repertuarında S.M.Qənizadənin “Dursunəli və Ballıbadı” birpərdəli komediyası var. Tamaşanın rejissoru Qurbanəli Mürsəlov, rəssamı T.Lətifova, musiqi tərtibatçısı S.Qədimovdur. Bundan əlavə, Xalq teatrı C.Məmmədquluzadənin “Kamança” əsərini tamaşaya qoymağı planlaşdırır. Xalq Teatrında hazırda 16 həvəskar aktyor çalışır.

   Mədəniyyət Mərkəzində “Xəzri” instrumental ansamblı, “Tumurcuq” rəqs qrupu da fəaliyyət göstərir. Bu dərnəklərdə uşaqlar həm asudə vaxtlarını səmərəli keçirir, həm də ilk sənət və peşə sirlərinə yiyələnirlər. Mərkəzdə müxtəlif yaşda uşaqlara rast gəlmək mümkündür. Onlar öz maraqlarına uyğun olaraq dərnəklərə yazılır, dərsdən sonra buraya gələrək müxtəlif peşələrin incəliklərinə az-çox bələd olmağa çalışırlar.

   Nizami rayon Mədəniyyət Mərkəzinə 2006-cı ildən rəhbərlik edən Əbdürrəhman Əmirxanov deyir ki, dərnəklərə yazılan uşaqların valideyn və müəllimlərindən çoxlu sayda təşəkkür məktubları alır: “Buna görə də daha artıq həvəslə çalışırıq. Özfəaliyyət dərnəklərinin ümumilikdə 80-dən çox üzvü var. Mədəniyyət ocağına nəinki Nizami rayonunun ərazisindən, paytaxtın digər rayonlarından da məşğul olmağa gələnlər var. Mərkəzdə istedadlı uşaq və gənclərin iştirakı ilə müxtəlif tədbirlər, görüşlər, ədəbi-bədii gecələr, oxucu konfransları, bayramlar, yarışlar keçirilir, ”Xəzri” instrumental ansamblının çıxışları təşkil olunur.

   Mədəniyyət müəssisəsinin əsas məqsədlərindən biri dövlətin mədəniyyət siyasətinin qarşıya qoyduğu vəzifələri həyata keçirməkdir. Bu vəzifələri yerinə yetirmək üçün mərkəzin müəllim heyəti səylə çalışır, istedadlı uşaqların gələcək inkişaf yollarının düzgün istiqamətlənməsinə, düşüncəli, vətənpərvərlik ruhunda tərbiyəsinə öz töhfələrini verməyə çalışırlar.

  

   Sevda Yusubova

 

   Mədəniyyət.- 2010.- 26 noyabr.- S. 15.