Dünyanın
aynaları - sənətkarlar
Hərəsi onu
bir sayaq əks etdirir...
Onların hərəsi bu dünyanın bir nəsnəsinə,
sahəsinə ayna tutur.
Bəstəkar səsinə, ədib sözünə, memar daşına, rəssam sifətinə... Və
belə-belə dünyamızın milli mədəniyyətlər
tablosu yaranır...
Hər bir
insanın bir güzgüsü
var; hər kəs ona özü üçün, özüylə görüş, təkbətək dərdləşmək,
cəmiyyətə çıxış zamanı özünü redaktə etmək və
xüsusən də yarı üçün
baxır - «onsuz üzüm
gülməz, açılmaz aynam» - deyə.
Dünya isə sənətkar-aynalarda
sığallanıb-tumarlanır.
1942-ci ildə - bütün güzgülərdə qara libasda görünən
Bakının incəsənət muzeyindəki bir
sərgidə yalqız bir yeniyetmə - gələcəyin
fenomenal rəssamı Tahir
Teymur oğlu Salahov da tamaşa
etdiyi şedevr tablo və portretlərin, bir
az da bu
salondakı tənhalığının təsirindən
səssiz-sovsuz bir monoloq
söyləyirdi:
Bu dünya niyə belədir?
«... Niyə bu qədər adi görünür bu qeyri-adi dünya? Ən görkəmsiz adamlar belə, nəzərlərdən heyrət qoparmağa çalışdıqları halda, nədən bu qədər zəngin aləm özünü ilk baxışdan təqdim edə bilmir? Axı ağıl, düşüncə daha çox göz məhsulları ilə işləyir. Zehnin, təfəkkürün üyütdüyü xammalın çoxu gözün dənlədiklərindən ibarət deyilmi? Qulaq qənimətləri nə qədər şirin, poetik olsa da, gözün gördüklərinin yerini verə bilməz. Elə babam da tez-tez demirmi, «yüz kərə eşitməkdənsə, bir kərə görmək yeydir»?
Yaxud bu camaat özü. Hər gün, hər saat küçədə-bazarda gördükləri neftçinin, qırış-quruşlu qocaların, böyük-böyük ədib, bəstəkar və aktyorların, gül-güldanın, antikvarların... yanından saymazyana ötüb, sabahısı həmin subyektlərə tamaşa etmək üçün böyük həvəslə sərgi salonlarına getmirlərmi? Görəsən niyə? Bəyəm Tanrının qənirsiz qələmindən çıxan bu dünya rəssamların fırçalarından çıxan dünyacıqlardan maraqsızmı? Bəyəm bu dünya özü nəhəng bir sərgi salonu deyilmi? Bütün tabloların da ki, şəriksiz müəllifi, yaradanı - Yaradan! Bəlkə?.. Yox, burda «bəlkə»yə meydan görünmür. Amma bəs, nədən, nə üçün?.. Niyə bu gün bütün bəşər tamaşaçısını lərzəyə salan Hitlerin real müharibə «tablo»ları insanları Brüllerin «Cəhənnəm» tablosu qədər heyrətləndirmir? Niyə hər abşeronlunun qapısında bir elə əncir ağacı ola-ola, gəlib burda Səttar əminin «Əncir ağacı»ndan qidalanırlar? Niyə?.. Bəlkə?.. Yox, hələ yenə «niyə»? Amma... deyəsən, bu «bəlkə»də də bir həqiqət var. Ode, Leonardo da Vinçinin «Cokonda»sı da öz sehrli təbəssümü ilə bunu təsdiq edir! Bəli, sənət! Sənət! Özü də «bəlkə»siz-filansız!..»
Bütün bu suallar, nidalar, mühakimələr 14 yaşlı bir yeniyetmənin xəyalından dalğalanırdı. 1928-ci ildə bu şəhərdə doğulub, 1942-ci ilin bir payız günü, lap dəqiqi öz ad günü - noyabrın 29-da başı müharibəyə qarışmış bu şəhərin geniş, yaraşıqlı sərgi salonunda böyük sənət əsərlərinə tək-tənha tamaşa edən Tahirin düşüncələrindən yayımlanırdı. Bu yeniyetmə oğlan, o illər heç kimin keçirmədiyi, yəni xüsusi qeyd etmədiyi ad günləri haqda da düşünüb-daşınır, bu salonu böyük, zəngin bir sənət süfrəsi, peyzajları hədiyyə, portretləri dostlar, öz fikirlərini isə tostlar hesab edirdi...
Düşünmələrdən düşündürmələrə...
Hələ yeniyetmə yaşlarında o sayaq düşünən Tahir, əlbəttə, elə ilk gənclikdən ətrafını, bir az sonra Bakını, Azərbaycanı, SSRİ-ni və nəhayət bütün dünyanı düşündürməli idi.
Bu fenomenallıq Tanrının, təbiətin ona bəxş etdiyi fitri istedaddan başlamışdı. Bəs bu istedadı bəyan etmək üçün o özü nədən, hardan başladı? Öncə ev-ailə, şəcərə «konstitusiya»sına sədaqətdən, sonra Ə.Əzimzadə adına rəssamlıq məktəbindən. Müharibənin qələbə ilində Tahir tələbə oldu. Yüksək erudisiyasını, intellektini, istedad və qabiliyyətini görənlər onu daha yüksək təhsil ardınca getməyə səslədilər. Bütün ətrafı onun simasında gələcəyin dahisini görürdü - necə ki, 58 ildən sonra keçiriləsi 80 illik yubileyində Fransanın böyük mədəniyyət xadimi Pyer Karden deyəcəkdi: «Salahov - o dahidir, dühadır, o bəşər tarixində mütləq və mütləq qalacaqdır!». Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli də Tahir Salahovu elə həmin dahilik mərtəbəsində görəcəkdi: «Bizim Akademiyanın dünya şöhrətli üzvü Salahov - çox böyük işlər və əsərlər müəllifi - böyük hərflərlə qeyd olunası sənətkardır. Niyə böyük? Siz onun qadir fırçasından çıxan şəkillərə baxın. Onlarda nə qədər böyük insanlar var!..».
Bəli, gələcəyin böyük Tahir Salahovu böyük təhsil ardınca getməli idi və o, Ə.Əzimzadə məktəbini başa vuran kimi V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna qəbul olundu. 1957-ci ildə həmin ali məktəbi rəssam-nəqqaş ixtisası üzrə bitirib, böyük, rəngarəng, maraqlı, ömrün sonunadək bitirilməyən həyat-sənət məktəbinə qədəm qoydu. Yaşayıb-yaratdıqca, bir vaxt - yeniyetmə ikən istixarə etdiyi fikir və düşüncələrin fərqinə vardı. Gördü ki, Dünya doğrudan da, onu təəccübləndirən mizan-düzənə malik imiş. Tanrı dünyası ilə sənət dünyası arasında bir uyarlıq varmış...
Cənc Tahir hələ Bakıda ikən, bakılı ikən dünya ona çox şey vermişdi. İndi növbə onun idi. İstedadının cəzbi ilə yığdıqlarını dünyaya qaytarmalı idi. Onların isə sayı da çox, sanbalı da! Hamısından danışmaq mümkünsüz - bununçun gərək göyü molbert, dəryanı rəng edəsən. Bununçun gərək dünyanın uzaq-uzaq, məşhur-möhtəşəm muzeylərinə baş çəkib müxtəlif dillərdə müsahibə alasan, gözlərdəki heyrət və duyğuları sözə çevirəsən. Gərək Rəsul Rzanın, Fikrət Əmirovun portretlərindəki koloritli detallar barədə söz söyləyəsən, «Abşeron qadınları»na bir baxıb, yüzbir boy boylayasan, «Səhər eşelonu»nda səfərə çıxıb, «Rezervuar parkı»nda dincələsən ki, Dmitri Şostakoviçin təkrarsız portretinin məziyyətlərindən bəhs edəsən.
«Bəstəkar Qara Qarayevin portreti» isə özgə aləm, ayrıca bir yazı mövzusudur! O portretin ictimaiyyətə təqdimi zamanı biz tələbə idik və onu hələ qəzet səhifəsində görərkən nələr demədik?! Dedik ki, «Bu portretin özü də bir simfoniyadır!», «Bax, bax, Qara Qarayev bu an qalxıb, növbəti bir şedevr yaradacaq!», «Alın və göz ətrafı qırışlardan «Yeddi gözəl» süzülür», «Gözlər «İldırımlı yollar» çəkir...» və sair.
Çoxları bilmir, bilənlərinsə əksəri etiraf etmir ki, əmək, zəhmət mövzusu təsviri sənətə məhz Tahir Salahovun sayəsində yol tapıb. Özü də onun diplom işi olan «Gecə növbəsindən qayıdanlar» əsərilə. Tahir Salahov gələcək bakılılara qos-qoca, dost-doğma bir «Köhnə Bakı» verib. Böyük sənət «ovçu»larının «pusqu»suna «Səhər ovu» çıxarıb. Ürəyi sənət atəşilə yananlara tamaşa edərkən gözlərlə hərarət, ürəyə sərinlik çiləyən «Nardaran qarpızları» əta edib. Məşhur triptixi ilə yeni bir «Qız qalası», «Atəşgah», «Xəzər - bu gün» yaradıb.
Yüksək təltiflər...
Tahir Salahov 60 ilə yaxındır ki, öz təkrarsız sənət əsərlərilə milyonların qəlbini riqqətə gətirir, zövqləri təltif edir. Və elə 60 ildir ki, demək olar hər il müxtəlif dövlətlər, təşkilatlar, qurumlar tərəfindən müxtəlif adlar, mükafatlarla təltif edilir. Sovetlər İttifaqının saysız təltifləri bir yana, şöhrətli həmyerlimiz dünyanın bir çox sənət akademiyalarının müxbir üzvü, həmçinin «Ölməzlər Akademiyası» kimi tanınan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən seçilmiş 3 üzvdən biridir. Az qala sənət əsərlərinin sayı qədər təltiflərə layiq görülmüş böyük sənətkar barədə bitirməyə çətinlik çəkdiyim bu yazını onun 2008-ci ildə Bakıda keçirilən 80 illik yubileyi zamanı dediyi sözlərlə yekunlaşdırıram: «Möhtərəm Prezident İlham Əliyev cənabları! Bu gün Sizin mənə təqdim etdiyiniz «Heydər Əliyev» ordenini - Azərbaycanın ən ali mükafatını ulu öndərimiz Heydər Əliyevin bu xalqa və sənət adamlarına misli görünməmiş qayğısının növbəti təzahürü kimi qiymətləndirirəm. Mən doğma vətənimizdən uzaqda yaşasam da, bu gün özümü hamıdan çox azərbaycanlı hesab edirəm. Çünki mən bu xalqın ən şərəfli mükafatları ilə - «İstiqlal» və «Heydər Əliyev» ordenlərilə mükafatlandırılmışam! Buna görə Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə təşəkkür edirəm!»
T. Abbaslı
Mədəniyyət.-
2010.- 26 noyabr.- S. 12.