Azərbaycan turizmi Yunanıstanda təqdim edilib

 

    Noyabrın 18-dən 21-dək Yunanıstanın Saloniki şəhərində HELEXPO-nun təşkilatçılığı ilə «Philoxenia» 26-cı Beynəlxalq Turizm Sərgisi keçirilib. Sərgidə bir çox dünya dövlətlərinin turizm təşkilatlarının və biznes sektorunun nümayəndələri, turizm agentlikləri və hotellərin təşviqatı, eyni zamanda Qara dəniz hövzəsinə daxil olan ölkələrin turizm şirkətləri üçün UNDP-ninQara dəniz ticarət və investisiya təşviqatı” proqramı çərçivəsində biznes-forum keçirilib.

     

   Sərgidə Saloniki şəhərində Aleksandr Texnoloji Təhsil İnstitutunun Turizm Menecmenti Departamentinə ayrılmış stenddə Avropa İttifaqının “Erasmus Mundus” layihəsi çərçivəsində Cənubi Qafqazdan olan iştirakçılara öz ölkələrinin turizm potensialının təşviqi üçün şərait yaradılıb.

   Ölkəmizin turizm potensialının təqdimatı Gənclər və İdman Nazirliyinin və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə yüksək səviyyədə təşkil olunub. 4 gün davam edən sərgidə Azərbaycan haqqında təqdimatlara Avropa İttifaqının “Erasmus MundusXarici Əməkdaşlıq Pəncərəsi layihəsinin doktorantı Vəli Məmmədov rəhbərlik edib. Ziyarətçiləri Azərbaycanın milli geyimində olan tələbələr qarşılayıblar. Azərbaycan milli xalça nümunələri, regionlarımız, milli xörəklərimiz, turizm potensialımız və mədəniyyətimiz, iqtisadiyyatımız haqqında stendimizi ziyarət edən insanlara ətraflı məlumatlar verilib, Azərbaycanla bağlı kitab və broşürlər, eyni zamanda Heydər Əliyev Fondunun «Qarabağ həqiqətləri» kitabları, Bakı şəhəri, Qobustan qaya rəsmləri ilə əlaqəli bukletlər, Azərbaycanın təşviqat filmləri sərgi iştirakçılarına hədiyyə edilib. Qonaqlar Azərbaycan milli şirniyyatları olan paxlava və şəkərbura dadıblar.

   Sərgini ziyarət edən Yunanıstanın turizm nazirini doktorant Vəli Məmmədov və tələbə Leyla Cəfərova Azərbaycan bayrağı ilə qarşılayaraq, ona qısa olaraq ölkəmiz haqqında məlumat veriblər. Nazir Azərbaycan stendi ilə tanış olub. Eyni zamanda Turkiyənin Saloniki şəhərindəki baş konsulu Hüseyin Özdemir, Türkiyə Cümhuriyyətinin Edremit bələdiyyəsinin sədri Av.Tuncay Kılıç və ictimaiyyət nümayəndələri də stendimizi ziyarət edərək, Azərbaycan haqqında təqdimatı maraqla dinləyiblər.

   Qeyd edək ki, ermənilər bütün sərgilərdə olduğu kimi, burada da dinc dayanmayıblar. Belə ki, sərgidə Ermənistanın xəritəsində Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi göstərilib. Lakin azərbaycanlı tələbələrin etirazından sonra Ermənistan bayrağı xəritədə Dağlıq Qarabağ əks olunan hissədən çıxarılıb və Ermənistanın həqiqəti əks etdirməyən xəritəsi stenddən tamamilə sökülüb.

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2010.- 26 noyabr.- S. 9.