Azərbaycan
xalçası - milli və ümumbəşəri
sərvət
Azərbaycan xalça
sənəti UNESCO-nun «Bəşəriyyətin
qeyri-maddi mədəni irsinin
reprezentativ siyahısı»na daxil edildi. Azərbaycan
Prezidenti İlham
Əliyevin xalqımızın mədəniyyətinə, mədəni
irsimizin təbliğinə göstərdiyi
diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın təşəbbüsü
və əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azərbaycan
aşıq sənətindən sonra milli xalça sənətimizin
bu siyahıda yer
alması ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu
addımdır.
Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. «Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.
Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvəti olan, eyni zamanda, ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də Azərbaycan xalçasıdır.
Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tədqiqatçılar göstərirlər ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Bəlkə də bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir. Doğma torpağımızın rəngarəng boyaqların hazırlanmasına imkan verən zəngin bitki aləmi və zərif yunu xalça sənətinin yaranmasına və inkişafına şərait yaradıb.
Xalça və xalça məmulatları ilk əvvəllər məişət ehtiyaclarını ödəmək məqsədilə meydana çıxıb. Bu məmulatlar zaman keçdikcə həm də mənəvi tələbatın ödənilməsinə xidmət edib. Xalça sənət əsərinə çevrilib, interyerin tərtibatında əsas vasitə olub. Bu da məlum həqiqətdir ki, hər bir xalq yalnız onun özünə məxsus olan bir cəhəti ilə fərqlənir. Azərbaycan xalqının özünəməxsus xüsusiyyətlərindən biri məhz xalça sənəti ilə bağlıdır.
Orta əsrlərdə Azərbaycanda toxuculuq sənətinin inkişafı ilə əlaqədar olaraq ipək, kətan və yun parçalar, xalça və xalça məmulatları toxunub. Mənbələrdə məlumat verilir ki, məhz həmin dövrdə Azərbaycan xalça istehsalı mərkəzlərindən biri kimi tanınırdı. Həmin dövrün əlyazmalarında göstərilir ki, Azərbaycanın ayrı-ayrı bölgələrində xalça və xalça məmulatları geniş yayılıb. Muğanda palaz və çuval, Naxçıvanda və Xoyda xalça, Ərdəbildə və Şirvan bölgəsində parça istehsal olunurdu.
Tədqiqatçılar XVI-XVII əsrlər Səfəvilər dövrünü Azərbaycan xalça sənətinin yüksək inkişaf mərhələsi hesab edirlər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin XVI əsrin əvvəllərində Təbrizdə, öz sarayında yaratdığı kitabxana sənət mərkəzinə çevrilmişdi. Buraya şairlər, elm və mədəniyyət xadimləri ilə birlikdə rəssamlar da toplaşmışdılar. Kitabxananın nəzdində bədii emalatxana yaradılmış və burada Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları fəaliyyət göstərmişlər. Onlar xalça və bədii parçaların çeşnilərini vermiş və bunların əsasında toxunmuş zərif xalçalar və parçalar geniş yayılmışdı.
Müxtəlif dövrlərdə Azərbaycanda ayrı-ayrı hökmdarların, zəngin adamların sarayları, məscid və ibadət yerləri də qiymətli sənət nümunələri ilə bəzədilib. Bunların arasında rəsm əsərləri, heykəltəraşlıq nümunələri, qiymətli materiallardan hazırlanmış bəzək əşyaları, silahlar, digər nümunələrlə yanaşı nadir Azərbaycan xalçaları da olub.
Azərbaycanda yaradılmış müxtəlif sənət nümunələrindən, o cümlədən Azərbaycan xalçalarından seçmələr 1872-ci ildə Moskvada, 1918-ci ildə Peterburqda Ümumrusiya sərgilərində, 1873-cü ildə Vyanada, 1924-cü ildə Parisdə Ümumdünya sərgilərində nümayiş etdirilib. Bununla yanaşı, xalça sənətinin bir sıra nadir sənət nümunələri zaman-zaman dünyanı dolaşıb, ayrı-ayrı ölkələrin muzeylərinin fondlarını zənginləşdirib, şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Bu əşyaların bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə qarət edilərək Azərbaycandan aparılıb.
Tarixən Azərbaycana gələn səyyahlar və tacirlər də buradan özləri ilə xalça aparıblar. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalçaları dünyanın ən zəngin muzeylərinin və bir sıra şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Bizim xalçalar Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Parisin Luvr, İstanbulun Topqapı, Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın, Sankt-Peterburqun, Vyananın muzeylərində nümayiş etdirilir. Bunların sırasında dövrümüzə qədər gəlib çatmış ən qədim Azərbaycan xalçaları - XII-XV əsrlərin yadigarları var.
Bu gün ölkəmizdə xalçalarımızı toplayan, qoruyan, öyrənən və təbliğ edən bir məkan var. Bu, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyidir. Ölkəmizin ən zəngin muzeylərindən biri olmaqla, eyni zamanda, elmi-tədqiqat müəssisəsidir. Muzey respublika hökumətinin qərarı ilə 1967-ci ildə təşkil olunub, ilk ekspozisiyası isə 1972-ci ildə İçərişəhərdə, XIX əsr memarlıq abidəsi "Cümə" məscidində açılıb. 1992-ci ildə Muzey Mərkəzinə köçürülüb və burada yeni ekspozisiya qurulub. İndi muzey, yuxarıda qeyd etdiyimiz kimi, yeni inşa edilən binaya - Azərbaycan xalçasına daha layiq məkana köçmək ərəfəsindədir.
Ötən dövr ərzində muzey tərəfindən xalça və xalça məmulatlarının, digər xalq tətbiqi sənəti nümunələrinin toplanması, qorunması, öyrənilməsi və təbliği sahəsində mühüm işlər görülüb. Muzeydə toplanmış əşyalar müxtəlif dövrləri əks etdirir. XII əsrə aid saxsı qablar, XIV əsrə aid bədii metal nümunələri, XVII əsrə aid xalça və xalça məmulatları, XIX əsrə aid bədii tikmələr, milli geyimlər muzey kolleksiyalarının qədimliyindən soraq verir. Hazırda muzeydə 15 mindən artıq müxtəlif sənət nümunələri saxlanılır.
Xarici ölkələrdə Azərbaycan xalçalarından ibarət sərgilərin təşkili muzeyin fəaliyyətində mühüm yer tutur. Belə sərgilər keçmiş SSRİ-nin müxtəlif guşələrində, ABŞ, Almaniya, İngiltərə, Fransa, Kuba, Hollandiya, İsrail, Nepal, Hindistan, Portuqaliya, Macarıstan, Yuqoslaviya, Türkiyə, Bolqarıstan, Monqolustan, Yaponiya, Finlandiya, İran və s. ölkələrdə uğurla nümayiş etdirilib.
1983-cü ildə muzeyin bazasında "Şərq xalça sənəti" mövzusunda I beynəlxalq simpozium keçirilib. Simpoziumda 170 nəfər, o cümlədən xarici ölkələrdən 57 nəfər iştirak edib. Simpozium çərçivəsində "Azərbaycan təsviri sənəti", "Azərbaycanın süjetli xalçaları", "Milli geyim və zərgərlik sənəti", "Azərbaycanın misgərlik sənəti" və s. sərgilər təşkil olunub.
Muzeyin bazasında 1988-ci ildə keçirilmiş II beynəlxalq simpozium Azərbaycan xalça sənətinə həsr olunmuşdu. Bu tədbirdə Azərbaycan xalçasının dünya xalqlarının mədəniyyətinə təsiri, qarşılıqlı mübadilə yolu ilə inkişafına aid məruzələr dinlənilmiş, xalça sənətinin öyrənilməsi səviyyəsi və gələcək inkişaf yollarının müəyyənləşdirilməsi məsələləri şərh olunmuşdu.
"Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzusunda III beynəlxalq simpozium 2003-cü ildə keçirilib. Bu simpoziumda Azərbaycan xalça sənətinin yeni inkişaf mərhələsinə aid məsələlər araşdırılıb.
Milli xalça sənətinə həsr olunmuş növbəti, beynəlxalq simpozium 2007-ci ildə Parisdə, UNESCO-nun iqamətgahında keçirildi. «Azərbaycan xalçaları» sərgisi ilə müşayiət olunan bu simpozium görkəmli xalçaçı-rəssam və tədqiqatçı-alim Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuşdu.
1998-ci ildə respublikamızda Azərbaycan xalça sənətinə aid yeni bir muzey də açıldı. Bu, Naxçıvan Muxtar Respublikası Azərbaycan Xalçası Dövlət Muzeyidir. Muzey Naxçıvan şəhərində, "Xalça evi" adlanan memarlıq abidəsində yerləşir. Ekspozisiyada Azərbaycanın müxtəlif məktəblərini təmsil edən xalça və xalça məmulatları, habelə xalq tətbiqi sənəti nümunələri nümayiş etdirilir.
Bu gün respublikamızda Azərbaycan xalça sənəti, onun tarixi elmi əsaslarla öyrənilir, tədqiq olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda, Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin müvafiq kafedralarında bu sahədə araşdırmalar aparılır, monoqrafiyalar nəşr olunur, dissertasiyalar müdafiə edilir, eyni zamanda, yüksək ixtisaslı xalçaçılar hazırlanır.
Bütün bunlarla yanaşı, xalçaçılarımız qədim ənənələrə əsaslanaraq yeni xalçalar yaradır, mədəni irsimizi daha da zənginləşdirirlər.
Adilxan Bayramov
Mədəniyyət.-
2010.- 26 noyabr.- S. 8.