Keçə sənəti: gözəl mədəniyyət nümunəsi

 

   Təəssüf ki, bu qədim sənət növü peşəkar usta qıtlığı üzündən unudulmaqdadır

  

   Qədim xalq adət-ənənələri müasir zamanımızda bir çox xalq sənətkarları tərəfindən yaşadılır, inkişaf etdirilir. Lakin təəssüf ki, qədim xalq sənəti növlərinin heç də hamısı barədə bunu demək olmaz. Xalqımızın qədim məişət mədəniyyətinə aid olan və indi tamamilə unudulmaqda olan keçəçilik sənəti də bu qəbildəndir. Keçəçilik sənətinin spesifikliyinə, məişətdə yararlılığına baxmayaraq, bu sənətin tədricən unudulması haqqında ciddi düşünüləsi məsələdir.

  

   Keçə gözəl mədəniyyət nümunəsi olmaqla yanaşı, əvvəllər məişətdə geniş istifadə olunub. Xalqımızın mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin “Kitabi Dədə Qorqud” dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların tikilməsində, çobanların yapıncı kimi keçədən istifadə etməsindən, babalarımızın atlarını keçə ilə bəzəməsindən geniş söhbət açılır.

   Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar “həllac” və ya “atıcı” adlanırdı.

   Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Keçənin hazırlanmasında yun əsas material olduğu üçün burada qoyun bəslənməsi və qırxılması vacib elementdir.

   Keçənin hazırlanması üçün, qoyunların xüsusi gölməçələrdə bir neçə gün yuyulması və qırxılması prosesi gedir. Qırxılmış yun daha sonra didilir. Didilmiş yun bir neçə nəfər tərəfindən döyülür. Yunun üzərinə ilıq su əlavə edib, üzərində addımlayırlar. Sonra yun tapdalanır, buna yunun təpilməsi deyilir. Qəliblər üzərində də davam edən təpmə, yun hazır olub, keçə əmələ gələnə qədər davam etdirilir. Keçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da eyni zamanda nəzərə alınmalıdır.

   Göründüyü kimi, keçə hazırlamaq heç də asan proses deyil. İndi isə unudulmaqda olan, amma Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan bu sənətin ustası haqda...

   Haqqında danışacağımız sənətkarın adı keçə sənətinin inkişafı və tanıdılmasına verdiyi töhfələrlə sıx bağlıdır. O, ölkədə keçəçilik kimi ağır peşəyə yiyələnib, keçəni peşəkar səviyyəli mədəniyyət nümunəsi kimi beynəlxalq sərgilərə, dünya incəsənətinə tanıdan yeganə keçə ustasıdır. “Humay” Milli mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının, Reklamçılar İttifaqının üzvü Rauf Əbdülhüseynoğlu 1957-ci ildə Mingəçevirdə anadan olub. 1974-1980-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb. Hazırda isə sənətkar Mədəniyyət və İncəsənət Universitetində gənc rəssamlar yetişdirməklə məşğuldur.

   Onun keçəçilikdən əlavə, gözəl rəsm əsərləri də bir çox yerli və beynəlxalq muzey və qalereyaların salonlarını bəzəyir.

   Sənətkarla görüşümüz onun nəfis əl işlərinin yarandığı kiçik, 13 kv. m-lik, elə də şəraiti olmayan emalatxanada gerçəkləşdi. Düzü, Rauf Əbdülhüseynoğlunun gözoxşayan əsərlərini muzeylərdə seyr etdikdə, deyirsən, usta inciləri yaradırsa, demək, onun yaxşı maddi imkanı rahat, geniş emalatxanası var. Çünki sənətkarın unudulmuş və inkişaf etdirmək istədiyi keçə sənəti belə əlverişli mühit, şərait tələb edir. Lakin Rauf müəllim öz istəyi, sənətə vurğunluğu, mənəvi zənginliyi sayəsində bütün çətinliklərə sinə gərərək özünü bütünlükdə sənətin inkişafına, incəsənətə həsr edib.

   Keçə kimi qədim, gözəl sənətin unudulması, gənclərdə bu sənətə yiyələnmək, sirlərinə vaqif olmaq istəyinin olmaması Rauf müəllimi düşündürən ciddi problemdir: “Məni heç kəs sənətlə, keçə ilə məşğul olmağa məcbur etməyib. Daxilimdən mədəniyyətə, incəsənətə, mənəvi dəyərlərə doğan bağlılıq duyğuları nəticəsində ömrümü sənətə həsr etmişəm. Bildiyiniz kimi, keçə sənəti çox ağır bir peşədir və mən keçəçiliyi maddi qazanc mənbəyi hesab etməmişəm. Bu sənətin spesifikliyi, unikallığı məni cəlb edib. Təəssüf ki, indi yanıma bu sənəti öyrənmək üçün gələnlər, ilk növbədə, işin maddi tərəfini düşünürlər. Keçə sənəti ilə qazanmaq şansının sıfıra bərabər olduğunu anladıqda, çətinliyini gördükdə, qorxub qaçırlar”.

   Hazırda sənətkarın davamçısı olan yeganə tələbəsi Rauf müəllimin öz oğludur. Sənətkarın oğlu Əbdülhüseynlə birgə həyata keçirdikləri sərgilər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanı belə ecazkar sənət nümunəsi ilə dəfələrlə xaricdə təmsil edən Rauf Əbdülhüseynoğlu keçə üzərində relyef əsərlər yaratmağa müvəffəq olub. Rəssamın “Ana məhəbbəti”, “Hünər meydanı”, “Dörd ünsür”, “Köhnə Bakı”, “Başlanğıc” və s. keçədən hazırladığı möhtəşəm, tarixi əsərləri fəlsəfi anlam kəsb edib, insanı real həyatla, mənəvi dünyasını cilalayıb, kamilləşdirir. Biz də öz növbəmizdə bu qədim xalq mədəniyyətinin, sənət incisinin yaşadılması yolunda istedadlı sənətkara uğurlar arzulayırıq.

  

 

   Eldar İbrahimoğlu

 

  Mədəniyyət.- 2010.- 1 oktyabr.- S. 15.