Milli geyimlərimiz

 

   Milli geyimlər maddi və mənəvi mədəniyyətin çoxəsrlik və mürəkkəb inkişaf prosesində yaranıb. Digər mədəniyyət nümunələri ilə müqayisədə milli xüsusiyyətləri özündə daha mükəmməl əks etdirir, xalq yaradıcılığının etnoqrafik və estetik xüsusiyyətlərini özündə qabarıq ehtiva edir.

  

   Mövzu ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elm-fond şöbəsinin müdiri, tarix elmləri namizədi Gülzadə Axundova ilə söhbət etdik. O, dedi:

   - Milli geyimlər tariximizlə sıx bağlıdır. Xalqın milli xüsusiyyətləri, etnogenezi, təsərrüfat məşğuliyyətinin istiqaməti, məskunlaşdığı ərazinin təbii-coğrafi şəraiti, bədii yaradıcılığı, etik düşüncə tərzi tarixən milli geyimlərdə öz əksini tapıb. Eyni zamanda şəxsin yaşı, sosial vəziyyətini də geyimi ilə təyin etmək mümkün olub. Adətən cavanlar al-əlvan, orta yaşlılar tünd, yaşlılar isə qara rəngli geyim geyirlər. XIX-XX əsrdə əsas qadın geyimlərimiz çəpkən, arxalıq, ləbbadə, eşmək, küləcə və s. ibarət olub.

   Çəpkən: köynəyin üstündən geyilib. Astarlı olub və belə qədər bədənə biçimi kip olub. Yan tikişləri “peş” adlanan çapıqla tamamlanır. Əlcək ilə bitən qondarma qolları olub. Çəpkən əsasən tirmə, məxmər və kəmxa parçalardan hazırlanıb.

   Arxalıq: geniş yayılmış geyimlərdən hesab olunur. Formaca müxtəlif biçimlidir. Çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Beldən aşağı hissəsinə büzməli, yaxud qırçınlı ətək tikilib. Arxalıqlar məxmər, tirmə, zərxara və başqa bahalı ipək parçalardan tikilib. Sarıma, bafta, şəms, zəncirə, qaragöz bafta, zərbafta və başqa geyim bəzəkləri ilə bəzədilib.

   Ləbbadə sırıqlı və astarlı olur. Yaxası açıq, bel hissəsi isə bağ ilə bağlanır. Beldən bir qədər aşağı yan tərəfində qısa çapığı olur. Qolu dirsəyə qədər, qoltuq altı açıq biçilir. Əsasən tirmə, məxmər və müxtəlif zərli parçalardan hazırlanır. Yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla, əsasən şahpəsəndlə bəzədilir.

   Eşmək: sırıqlı hesab olunur. Əsasən üst geyimidir. Döş-yaxa hissəsi və qoltuğunun altı açıq, qolları isə dirsəyə qədər biçilir. Eşmək əsasən tirmə və məxmərdən hazırlanır. Astarına, qolunun ağzına və ətəyinə xəz qoyulur. Eyni zamanda müxtəlif bafta və zəncirələr tikilir.

   Küləcə: belə qədər düz ətəyi büzməli olan üst geyimdir. Yaxası açıq olan külçənin uzunluğu dizə qədər olub. Qolu isə dirsəkdən aşağı biçilib. Əsasən məxmər və tirmədən hazırlanıb. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq ilə tikmə tikilib.

   Ötən əsrin əvvəllərində qadın üst geyimlərini daha da zənginləşdirmək yolunda bəzi addımlar atılıb. Evdə və sənətkar karxanalarında müxtəlif çeşidli geyim bəzəkləri : sarıma, qaragöz, zəncirə, şahpərsənd və s. hazırlanıb. Qızıl və gümüşdən hazırlanmış qoza və katibi qoza düymələr qadın geyimlərinin yaxası boyunca düzülüb. Bəzən də köynəyin ətəyinə qızıl pullar tikilib. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tutub.

   Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl, yaxud qızıl suyuna salınmış gümüş kəmər də taxıblar. Baş örtükləri içərisində kəlağayı, naz-naz və qaz-qaz ipək örtüklər çox məşhur olub. Daha doğrusu, geniş yayılıb. Kəlağayı Gəncə, Şəki və Şamaxı kimi ipəkçilik mərkəzlərində geniş istehsal olunub.

   Kişi geyimlərimiz: üst köynək, arxalıq, çuxa, baş geyimləri, ayaqqabı və şalvardan ibarət olub. Qeyd edək ki, xalq geyimlərinin geniş yayılmış bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan üçün səciyyəvi olub.

   Üst köynək: bu geyim iki növ olur. Yaxası ortadan və yandan biçilən hər iki növün kiçik boyunduruğu (“vorotnik”) olub. Yaxası qaytandan olan düymə və ilgək ilə düymələnib. Əsasən atlasdan və sətindən tikilib.

   Arxalıq: beldən kəsik və bədənə kip biçilib. Ətəyi qırçın və büzməli, qolları düz, bilək hissəyə doğru daralır. Əsasən atlas, nazik mahud, sətin, lastik parçadan tikilir. Onun üstündən cavanlar qayış və ya kəmər, yaşlı və qoca kişilər isə qurşaq bağlayıblar.

   Çuxa: kişi üst geyimlərindən biridir. Belə qədər kip və astarlı, ətəyi büzməli, yaxud qırçınlı tikilir.

   Kişi baş geyimləri müxtəlif biçimli olub. Əsasən dəridən hazırlanıb. Buxara və çərkəzi papaq (qara, çal və mixəyi buxara dərisindən), çobanların şələ papağı və s. Yun corablar da geniş yayılmış geyimlərdir. Əsasən ipək və yun saplardan toxunur.

   Ayaqqabılar: İstər qadın, istərsə də kişilərin geydikləri ən geniş yayılmış ayaqqabı başmaq hesab olunub. Qadınlar üzü tikməli və ya uzun boğazı olan tikməli çəkmələr də geyiblər. Aşılanmış və xam göndən hazırlanmış kişi ayaqqabıları adətən birrəngli və naxışsız olub. Şəhərlərdə kişilər daha çox başmaq və nəleyin, kənd yerlərində isə xam göndən tikilən çarıq geyiblər.

  

 

   Qələmə aldı: Savalan Fərəcov

 

   Mədəniyyət.- 2010.- 1 oktyabr.- S. 15.