Yaşın
nə fərqi var ki...
1
oktyabr Beynəlxalq ahıllar günüdür. BMT Baş
Assambleyasının qərarı ilə 1991-ci ildə təsis
edilən bu gün ölkəmizdə də qeyd olunur. Uzun illər
incəsənətimizə töhfələr vermiş, mədəniyyətimizi
xarici ölkələrdə layiqincə təmsil etmiş və
bu gün ahıllıq yaşına çatmış xeyli
insanlar var. Bu gün onlardan ikisi ilə söhbətimizi
oxuculara təqdim edirik.
Adil Rüstəmov, Əməkdar rəssam, professor:
- Ahıllıq elə bir nemətdir
ki, o hər adama qismət olmur. 68 yaşım var. Ömrün
bu çağını xüsusi dəyərləndirmək,
Tanrıya şükürlər etmək lazımdır.
İnsan yaşa dolduqca müdrikləşir, öyüdləri
ilə ətrafdakılara düzgün yol göstərir,
onları naşı hərəkətlərdən çəkindirir.
Əlbəttə, bu müdriklik, xeyirxahlıq “toxumları”
onun daxilində hələ gənclik vaxtlarından cücərməlidir.
İndi arxaya dönüb baxanda
ömrümün hədər keçmədiyi ilə fəxr
edirəm. Məndə rəssamlığa həvəsi mərhum
anam Fatma xanım yaradıb. Onun yaxşı əl qabiliyyəti
vardı. Hər dəfə ağ parça üzərində
saldığı gözəl naxışlara, rəngarəng
tikişlərə baxarkən ovsunlanmış kimi sehrli bir aləmə
düşər, onların cazibəsindən qurtara bilməzdim.
Bu hiss məni rəssamlığa gətirdi. Əvvəlcə
Ə.Əzimzadə adına Rəssamlıq məktəbini,
sonra M.Əliyev adına İncəsənət İnstitutunu
bitirdim. Xalq rəssamı Tahir Salahovun, məşhur heykəltəraş
Tokay Məmmədovun siniflərində oxumuşam. 1975-ci ildən
Rəssamlar İttifaqının üzvüyəm. 1981-ci ildən
müxtəlif sərgilərdə iştirak etmişəm.
Altı fərdi sərgim keçirilib. Təvazökarlıqdan
kənar saymayın, ilk və yeganə azərbaycanlı rəssamam
ki, keçmiş SSRİ-nin ən ucqar nöqtəsinə -
Arktikaya səfər etmişəm. Bütün təəssüratlarım
1985-ci ildə nümayiş etdirdiyim “Arktika” fərdi sərgimdə
əksini tapıb. “Lirika-Poeziya” (1991), “Əliağa Vahid-100”
(1994), “Füzuli-500” (1996), “Azərbaycan və Türkiyə
şairləri” (2000), “Ömər Xəyyam aləmi” (2005),
“Qarabağ şikəstəsi” (2010) fərdi sərgim də
tamaşaçılar tərəfindən maraqla
qarşılanıb. Bir neçə beynəlxalq və
respublikamızda keçirilən müsabiqələrin
laureatıyam. “Məmməd Araz”, “Əliağa Vahid-100”,
“Şəhriyar-90”, “Hüseyn Cavid”, “Soltan Məhəmməd”,
“Rəsul Rza”, “Humay” və digər mükafatlara layiq
görülmüşəm. Berlində, Tehranda keçirilən
mötəbər sərgilərdə diplomlara, fəxri fərmanlara
layiq görülmüşəm, əsərlərim Fransada da
tanınır.
Bütün sərgilərin
arxasında böyük iş, gərgin zəhmət durur. Hər
fərdi sərgimdə 50-60 əsərin nümayiş etdirilməsi
xırda məsələ deyil. Sərgilərim haqqında
saatlarla danışmaq olar. Təkcə bunu demək istəyirəm
ki, onların hamısına eyni məsuliyyətlə
hazırlaşmışam. Onu da bildirim ki, mənim rəsmlərimlə
ümummilli lider Heydər Əliyev də tanış idi. Bu
barədə professor Vilayət Quliyev “Ədəbiyyatın
yüksək borcu və amalı” (1999) kitabında görkəmli
qəzəlxan şair Əliağa Vahidin yubileyinə həsr
olunmuş tədbirdən bəhs edərkən yazır:
“Dövlətimizin başçısı Respublika
Sarayının (indiki Heydər Əliyev Sarayı - red.)
foyesində rəssam Adil Rüstəmovun xalqımızın
sevimli sənətkarına həsr olunmuş qrafika əsərlərinin
sərgisi ilə tanışlıqdan razı
qaldığını bildirərək dedi: “Mən sərgi
ilə tanış olanda da dedim, Vahidin əsərləri
başdan-başa fəlsəfədir. Bax, buaxşamkı
yubiley tədbiri də bir fəlsəfə gecəsidir. Mən
bunu belə qəbul etdim. Sizin oxuduğunuz o şeirlər,
dediyiniz sözlər, səslənən musiqi də fəlsəfədir.
Bax, rəssam da bunu belə dərk edib. Onun çəkdiyi əsərlər
çox gözəl rəsm əsərləridir və orada
da fəlsəfə var. Siz şeirləri oxudunuz, rəssam da
o rəsmləri çəkib. Vahidin surətini müxtəlif
kompozisiyalarda yaradıb. Bu rəsmlərin hər birində də
Vahidin şeirlərindən misralar yazıb. Hətta
özü də Vahidin şeirlərini yaxşı oxuyur. Mən
sərgiyə baxarkən o, Vahiddən bir neçə şeir
oxudu”. Bu xoş sözlər Ə.Vahidin yubileyi günü mənə
ünvanlanmışdı.
Onu da deyim ki, 2002-ci ildə
keçirilən “Lirika-Poeziya” sərgimdə mənimlə
yanaşı nəvəm Hüseyn Hüseynbəylinin də
çəkdiyi rəsmlər nümayiş olundu. İndi 19
yaşı var, rəsmlərdən bir qədər
uzaqlaşsa da istedadlı oğlandır. Ailəmizdə sənətimi
böyük qızım Vəfa (qrafika) və həyat
yoldaşı Rasim (rəngkarlıq) davam etdirir. Hər ikisi Rəssamlar
İttifaqının üzvüdür, respublika və beynəlxalq
sərgilərdə iştirak edirlər.
Səhhətimdə bir qədər
problem olmasına baxmayaraq indi də üzərində işlədiyim
əsərlər var. Kim bilir, bəlkə ahıl
yaşımda daha bir sərgi ilə çıxış
etdim. Ürəyimdə yerinə yetməsini çox istədiyim
bir arzu da var: tezliklə işğal altında olan torpaqları
geri qaytaraq. Biz rəssamlar da həmin yerlərə gedib
xalqımızın quruculuq işlərini, səfalı
guşələrimizi, gözəl Qarabağın şən
günlərini rəsmlərimizdə təsvir edək.
* * *
Rəfiqə Axundova, Xalq artisti, balerina
və xoreoqraf:
- Ahıl yaşlarında olsam da, özümü, maşallah, çox gümrah hiss edirəm. Gördüyünüz kimi, çəkim
də artmayıb.
Elə həyat yoldaşım Xalq artisti Maqsud
Məmmədovun da sağlamlığı qaydasındadır.
Gənclikdə onunla səhnədə
bir yerdə olduğumuz kimi indi də bir-birimizə
arxa, dayağıq.
Keçdiyimiz həyat yoluna
baxdıqda fəxr etməli çox faktların olduğunu görürəm. Bu, bizi ruhdan düşməyə
qoymur. Necə deyərlər, yaşın
nə fərqi var ki...
Balet sənətinə 1952-ci ildə gəlmişəm.
İlk müəllimim Xalq artisti Qəmər Almaszadə olub. Sonra təhsilimi Moskvada davam etdirmişəm.
Düz 20 il
Maqsudla birgə Opera və Balet Teatrında
bütün balet tamaşalarında çıxış
etdikdən sonra özümüzü xoreoqrafiya
sahəsində sınamışıq.
Qeyd edim ki, burda
da uğur bizdən uzaq düşməyib. Müxtəlif balet əsərlərini ərsəyə gətirdik,
ölkəmizdə və
xaricdə tədris işlərilə məşğul
olduq. İlk quruluş verdiyimiz
əsər bəstəkar
Tofiq Bakıxanovun neftçilərdən bəhs
edən “Xəzər”
balladasıdır. Onda qazandığımız
müvəffəqiyyət bizi
yeni işlərə ruhlandırdı. Bəstəkar
Fərəc Qarayevin (rəssam Toğrul Nərimanbəyov) “Qobustan
kölgələri” əsərinə
(1969) quruluş verdikdən
sonra elə həmin il
üzümüzə Fransanın
qapıları açıldı.
Quruluş verdiyimiz “Xəzər”,
“Qobustan kölgələri”
əsərləri, eləcə
də Rauf Hacıyevin “Azərbaycan süitası” baleti ilə Parisdə keçirilən festivalda iştirak etdik. Tamaşalar çox bəyənildiyi üçün
Fransanın digər şəhərlərində də
sənətimizlə tanış oldular, xeyli diplomlara layiq görüldük. Hər yerdə böyük anşlaqla qarşılandığımız
üçün məşhur
Monte Karloya da dəvət aldıq.
Fəxrlə deyə bilərəm
ki, biz orada çıxış edən
ilk və yeganə Azərbaycandan olan mədəniyyət nümayəndələriyik.
Həmin
tamaşalara dahi bəstəkar, gözəl
insan Qara Qarayev də baxırdı və bizim belə hərarətlə qarşılanmağımız,
uğurumuz onu da vəcdə gətirmişdi. Vətənə dönəndən sonra Qara müəllimlə “İldırımlı yollar”,
“Yeddi gözəl” əsərlərini yeni quruluşda səhnəyə
qoyduq.
1972-ci ildə Nazim Əliverdibəyovun Mirzə
Şəfi Vazehin sözlərinə yazdığı
və bizim quruluş verdiyimiz “Muğam” (Bayatı-Şiraz
üstündə) baleti
də sonralar bütün Sovet İttifaqında məşhurlaşdı.
Tamaşada Moskvanın Böyük
Teatrının tanınmış
artistləri Vladimir Vasilyev,
Yekaterina Maksimova çıxış edirdilər.
Vazehin şeirlərini isə Xalq artisti Vera Şirye oxuyurdu. 1987-ci ildə “Babək”
baletini (Aqşin Əlizadə, Tahir Salahov) ərsəyə gətirdik. Onun premyerası Respublika
Sarayında böyük
təntənə ilə
keçdi. P.Çaykovskinin “Şelkunçik”, F.Qarayevin
“Kaleydoskop”, “Tanrıdan”
əsərləri də
müxtəlif illərdə
bizim zəhmətimiz sayəsində nümayiş
olunub. Qürurla deyə bilərəm
ki, biz Azərbaycan baletini dünya səhnəsinə çıxaran,
onu beynəlxalq aləmdə tanıdan ilk
xoreoqraflarıq.
Müxtəlif
zaman kəsiyində Belçikada (2 il),
İsveçdə, Qahirədə,
Əlcəzairdə, Türkiyənin
müxtəlif şəhərlərində
çalışmışıq. Harada işləməyimizdən
asılı olmayaraq həmişə vətənə
dönməyə tələsmişik.
1990-1996-cı illərdə
Opera və Balet Teatrında baş xoreoqraf, 2000-2002-ci illərdə
isə Bakı Xoreoqrafiya Məktəbində
bədii rəhbər
vəzifəsində çalışmışam.
Çoxlu yetirmələrimiz, dostlarımız var. Onlar heç vaxt bizimlə ünsiyyəti pozmayıblar.
Xoşbəxtəm ki, həyatda
Maqsud kimi bir insanla ailə
qurmuşam. Sənətdə
isə dahi bəstəkar Qara Qarayevi, məşhur rəssamlar Tahir Salahovu, Toğrul Nərimanbəyovu yaxından
tanıyıb onlarla birgə balet tamaşaları üzərində
işləmişəm, ünsiyyət
yaratmışam. Harada olmağımıza baxmayaraq
həmişə xalqımızın,
vətənimizin adını,
mədəniyyətimizi yüksəklərə
qaldırmağa nail olmuşuq.
Bundan sonra da mədəniyyətimizə,
incəsənətimizə bacardığımız töhfəni
verməyə hazırıq.
İradə Əsədova
Mədəniyyət.-
2010.- 1 oktyabr.- S. 13.