Onun nağıllı dünyası

 

    II məqalə  

 

   (Əvvəli ötən sayımızda)

  

   “Qızmar günəş altında” kinopovesti rejissor Lətif Səfərovun “Bəxtiyar” musiqili filmindən sonra ikinci tammetrajlı bədii ekran əsəri idi. Filmin ssenarisini yazıçı Həsən Seyidbəyli özünün “Kənd həkimi” povesti əsasında yazmışdı. Filmdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydın Zeynalovun fədakar əməyindən, burada ilk məhəbbətini tapmasından bəhs olunurdu.

  

   “Bizi yaxın qohumlara bənzətmək olardı”

  

   Filmin yaradıcı qrupu istedadlı insanlardan ibarət idi. Arif Nərimanbəyov quruluşçu operator, Cəbrayıl Əzimov quruluşçu rəssam təyin olunmuşdular. Rollara A.Gəraybəyli, Ə.Məmmədov, L.Məmmədbəyov, M.Şeyxzamanov, A.Qurbanov, A.Cavadov, M.Kələntərli kimi tanınmış aktyorlar təsdiq edilmişdilər.

   Əkbər Fərzəliyevin xatirələrindən: “Mən filmdə sənət nəhəngləri ilə tərəf-müqabil olmalı idim. Filmdə məndən başqa aktyor təhsili olmayan bir qrup şəxs də çəkilirdi. O cümlədən, mənim sevgilim rolunda çəkilən Sürəyya Qasımova universitetin ingilis dili müəllimi idi. Çəkiliş qrupumuz elə səmimi idi ki, kənardan bizi yaxın qohumlara bənzətmək olardı. Elə tanışlığımızın ilk anlarından qaynayıb qarışmışdıq”.

   Çəkiliş qrupu gecə yarısı Lənkəran-Astara yolunun üstündə yerləşən limonçuluq sovxozuna gəlib çatdı. Onlar üçün əvvəlcədən məktəbdə yer düzəltmişdilər. Kino işçiləri səhər yuxudan durub həyət-bacaya çıxanda gözlərinə inanmadılar. Hər tərəf limon, portağal və feyxoa plantasiyaları ilə örtülmüşdü, əsrarəngiz və gözoxşayan mənzərə idi. Yerli əhali xoşxasiyyət, qonaqpərvər idi. Çəkiliş qrupu harada olurdusa, onları can-başla qarşılayır, hörmət edirdilər. Buradakı kəndin evləri planlı şəkildə tikildiyi üçün xoş təsir bağışlayırdı. Qrup bura gəlib çıxana kimi onlar üçün xüsusi bufet, yeməkxana təşkil edilmişdi. Hətta bir sürü qoyun alınıb hazırlanmışdı.

   Əkbər Fərzəliyevin xatirələrindən: “Birinci gün Lətif müəllim operatorla birgə “Vilis” markalı maşına əyləşib, naturada çəkiliş yerlərini qeydə almağa getdilər. Biz isə vaxtımızı sərinlikdə oturub çay içməklə keçirdik. Ertəsi günü günortaya yaxın bizi geyindirib qrimlədilər. Maşınlarla çəkiliş meydançasına gəldik. Çəkilən epizod təxminən filmin sonuna yaxın cərəyan edirdi. Mən filmdə Eldarın sevgilisi Nərminəni başa salmalı idim ki, Eldarın dilinin tez açılması üçün mütləq onu sarsıtmaq lazımdır. Bunun üçün Nərminə Eldara onu sevmədiyini deməli idi... O gün çəkilişim çox pis keçdi...”

   Məşq zamanı sanki hər şey qaydasında idi. Elə ki çəkiliş başlanırdı Əkbərlə bağlı səhnə alınmırdı ki, alınmırdı. Elə bil iş tilsimə düşmüşdü. Bir dubl, iki dubl, üç dubl... Yox, iş getmirdi. Rejissor çox əsəbiləşirdi, özünə yer tapmırdı. O, fasilə elan edib bir tərəfə çəkildi və birdən heç kəsin gözləmədiyi halda özündən çıxıb dedi: “Ya privyoz çuçelo”. Yəni “Mən müqəvva gətirmişəm”.

   Əkbər bu sözlərdən bərk sarsıldı. O, bir insan kimi həyatda özünü o yerə qoymamışdı ki, kimsə, böyük və ya kiçik olsun, ona güldən ağır söz desin. Özü də heç vaxt heç kəsin xətrinə dəyə biləcək söz işlətməmişdi. Birdən-birə bu cür sözləri eşitmək Əkbərə çox ağır gəldi. Özü də respublikanın tanınmış kinorejissorundan, gözəl ziyalı olan Lətif Səfərovdan bu ağlasığmaz sözləri eşitmək çox ağır idi.

   Əkbər Fərzəliyev ani olaraq yerində donub qaldı. Sonra nə fikirləşdisə, pencəyini soyunub kostyumçuya təhvil verərək düşərgəyə tərəf getməyə başladı. Lakin Əkbər çəkiliş meydançasından xeyli aralansa da filmin direktoru Bəşir Quliyev arxadan ona çatıb qarşısını kəsdi və həyəcanlı səslə dedi:

   - Oğlum, bilirsən, Lətif müəllim iş prosesində bizi necə var tənqid eləyir, dinmirik. Axı filmin yaradıcısı da odur, cavabdehi də odur. O, filmin yaxşı olmasına çalışır, tez-tez əsəbiləşir. Biz buna fikir vermirik. Çünki Lətif müəllimi yaxşı tanıyırıq. O, kobud adam deyil, əksinə çox mədənidir. Onun ürəyi çox nazikdir. Sonra dediyinə özü də peşman olur. Geri qayıt, hər şey yoluna qoyulacaq...

   Əkbər ayaq saxladı. Gözlərindən, çöhrəsindən aydın görünürdü ki, indiyədək daxilində qaynayan sevinc hissi tamam sönmüşdü. O, narazı halda filmin direktoruna dedi:

   - Bəşir müəllim, mən insanam, mənim qürurum var.

   Bəşir müəllim əlini Əkbərin çiyninə qoyaraq:

   - Bilirəm, bilirəm, - dedi: - Gedək, gedək... Sizi barışdırım.

   Əkbər Fərzəliyevin xatirələrindən: “Bəşir müəllim yaşda məndən böyük idi. Onun sözünü yerə sala bilməzdim. Qayıtdıq. Lətif müəllim əmr vermişdi ki, yığışıb düşərgəyə qayıdaq. Mənə isə dedi ki, axşam saat 6-da Sürəyya ilə onların qaldığı evə gələk.

  

   Məşq yeməkdən başlandı

  

   Axşamüstü Sürəyya məni Lətif müəllimin qaldığı evə apardı. Lətif müəllim bizi sevincək qarşıladı. Stolun üstünə yemək-içmək, meyvə, şampan şərabı qoyulmuşdu.

   Lətif müəllim: - Bu məşqimiz yeməkdən başlanacaq, - dedi.

   Yeməkdən sonra Lətif müəllim bizi yola salanda mənə dostcasına dedi: “Bugünkü çəkiliş materialı hazırlanıb gələndə sənə onu ekranda göstərəcəyəm, məncə, xoşuna gəlməyəcək, yeriyərkən ayaqların səndən qabağa qaçır, isə təbiilik itib. Gecəniz xeyrə qalsın”.

   Əkbər Lətif müəllimin söhbətlərindən sonra geri qayıdarkən çox fikirli görünürdü. Hətta otağında tənha qalanda hərtərəfli düşünməyə başladı. Düşündü ki, ona filmdə verilən baş rolun öhdəsindən gələ bilməsə, sonra necə olsun? Əkbər özünə söz verdi ki, gələcək məşqlərdə daha diqqətli olacaq.

   Yayın ortalarından filmin pavilyon çəkilişləri başlandı. Demək olar ki aktyorların günləri çəkilişlərdə keçirdi. Dekorasiyalı çəkilişlərdə Əkbər artıq hiss edirdi ki, xeyli irəliləyib, obrazı duymağa, vəziyyətə qiymət verməyə başlayıb.

   Əkbər Fərzəliyevin xatirələrindən: “Qızmar günəş altındafilmi çəkilişdən təxminən bir il sonra hazır oldu dərhal ümumittifaq ekranlarında nümayiş etdirilmək üçün komissiya tərəfindən qəbul edildi. Bu film mənə böyük sevinc gətirdi. Məni attestasiyadan keçirdi...”

   Bədii filmlər üzrə Baş idarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində oxuyuruq: “Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir. Lakin bu səhvlərə baxmayaraq rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Filmdə yaxşı cəhətlər vardır. Kolxoz sədri Sərdarovun rolu uğurludur. Manqa başçısı Gülpəri obrazı maraqlıdır. Bu rolda aktrisa çəkilməsə , obraz alınmışdır. Gənc həkim Aydın rolunda da aktyor oynamır. Burada da rejissor qəhrəmanın xarakterini açıb göstərə bilmişdir...”

  

   O, Mehdi Hüseynzadə roluna real namizəd idi

  

   Əkbər FərzəliyeviQızmar günəş altındafilmində görən rejissor Tofiq Tağızadə onu çəkməyə hazırlaşdığıUzaq sahillərdəfilminə dəvət etdi, Mehdi Hüseynzadə - “Mixayloroluna. Hətta o, foto kino sınaq çəkilişlərindən yaxşı çıxdı. Günlərin birində Əkbəri Mehdi rolu üçün geyindirib qrimləyib Mehdi Hüseynzadənin bacısına göstərmək üçün onun evinə apardılar. Əkbər qapı ağzında görünən kimi qəhrəmanın bacısı bir anlığa duruxdu, söz tapıb danışa bilmədi. Ona elə gəldi ki, qapıda duran aktyor yox, Mehdinin özüdür. İnsan da insana bu qədər oxşayarmış. Bacının göz yaşları hamını kövrəltdi. Bütün bunlar çox yaxşı idi. Amma bu məsələdə bir nigarançılıq var idi. Bu, Əkbərin professional aktyor olmaması ilə bağlıydı. Rejissoru da məhz bu cəhət narahat edirdi. Aktyor nəinki müxtəlif qiyafələrdə, həm daxilən yaratdığı surətlərlə tamaşaçını inandırmalı idi. Əgər yaradıcı qrup Moskvada peşəkar aktyor Nodar Şaşıqoğluya rast gəlməsəydi, çox güman ki, Əkbər Fərzəliyevi partizan Mehdi Hüseynzadə rolunda lentə alacaqdı.  

 

   Məşqçi, dalğıc, usta Əbdül...

  

   Kino Əkbər Fərzəliyevi elə ağuşuna almış, elə çulğamışdı ki, kinematoqrafın bu möcüzəsindən savayı onun gözünə heç görünmürdü. Kino sənətinə yaranan həvəs bu sahədə göstərdiyi fəaliyyəti ilə əlaqədar o, Azərbaycan Pedaqoji İnstitutunda təhsilini III kursdan sonra dayandırmalı oldu. Filmlərə isə dəvətlər davam edirdi.

   Rejissor Həbib İsmayılovÖgey anaməişət dramını çəkməyə başlayarkən epizodik rol da olsa usta Əbdülü Əkbərə tapşırdı. Rejissor Əlisəttar Atakişiyev isəBizim küçəkinopovestində Əkbəri boks üzrə məşqçi rolunda çəkdi. Bu gün kinoarxivdə tamaşaçılara bəlkə heç məlum olmayanMollanın sərgüzəştiqısametrajlı bədii filmi saxlanılır. Rejissor Həsən Sasanpurun 1960-cı ildə lentə aldığı bu film-felyetonda din pərdəsi altında hər cür fırıldağa əl atanmollaifşa olunur. Həmin filmdə Əkbər Fərzəliyev gənc aqronom rolunu ifa edib. O həmçinin məşhur rejissor Aleksandr PtuşkonunMosfilmkinostudiyasında (Rusiya) istehsal etdiyi “Al yelkənlərbədii filmində (1961) Dalğıc rolunda da çəkilib.

  

   Koroğlu”nun Eyvazı

  

   “O olmasın, bu olsunmusiqili kinokomediyasının uğurundan ruhlanan rejissor Hüseyn Seyidzadə 1959-cu ilin payızında böyük həvəsləKoroğluqəhrəmanlıq kino dastanının çəkilişlərinə başladı. Filmin ssenarisini dramaturq Sabit Rəhman yazmışdı. Əkbər Fərzəliyev Eyvaz roluna təsdiq edilmişdi.

   Çəkiliş ərəfəsində Tbilisinin atçılıq zavodundan yeddi at gətirilmişdi. Mehtərlər atları kinostudiyanın həyətində saxlayırdılar. Koroğlunun obrazını yaradacaq aktyor Əfrasiyab Məmmədovun atının adıMelikuşidi. Eyvazın atı isə ərəb cinsi idi. Atlar hər dəfə kinostudiyanın həyətindən (o vaxtlar kinostudiya hökumət evinin arxasında, Ü.Hacıbəyli küçəsində yerləşirdi - A.K.) cərgə ilə Hökumət evinin qarşısındakı sahil bağına aparılanda küçədən keçənlər onların gözəl yerişinə heyran qalırdılar.

   At çapmaq Əkbərin ürəyindən idi. Çəkilişə hazırlıq zamanı Tengiz adlı məşqçi Əkbərin həvəslə ürəklə at sürməyini görüb soruşdu:

   - Cavan oğlan, uşaqlıqda, deyəsən at sürmüsən, elədirmi?

   - Bəli, - deyə Əkbər cavab verdi: - Kənddə bizim atımız vardı, hər gün onu çapır, çimdirib evə qayıdırdım.

   Rejissor H.Seyidzadə məşqlər zamanı Əkbərin at çapmaq məharətinə heyran qalmışdı.

  

   (Ardı var)

  

 

   Aydın Kazımzadə,

   Əməkdar incəsənət xadimi

 

   Mədəniyyət.-2010.- 1 oktyabr.- S. 12.