Özünü sevdirən və insanları
sevən radio aparıcısı
Rəhilə
Nəcəfova həmkarlarının, keçmiş iş
yoldaşlarının xatirəsində hər zaman belə
qalacaq
Keçən
əsrin 60-cı illərində Azərbaycan mədəniyyətində,
incəsənətin müxtəlif sahələrində
canlanma, yeniləşmə baş verdi. Bu proses ədəbiyyat,
kino, rəssamlıq, musiqi ilə yanaşı, televiziya və
radio sahəsinə də təsirsiz ötüşmədi. O
dövrdə televiziya Azərbaycanda yeni yarandığı
üçün audiovizual sahədə intibah özünü
daha çox radioda göstərdi. Azərbaycan Dövlət
Radiosuna yeni və istedadlı gənclərin axını
redaksiyalarda keyfiyyətli verilişlərin artmasına təsir
etdi. Həmin vaxt radioda işləməyə gələn gənc
jurnalistlər arasında Rəhilə Nəcəfova da var idi.
Bu il həyatını dəyişən Rəhilə
xanımın oktyabrın 4-də 75 yaşı tamam
olacaqdı.
Rəhilə Nəcəfova
1963-cü ildə Azərbaycan Dövlət Radiosunun Uşaq
redaksiyasında fəaliyyətə başlayıb. Uşaq və
məktəb verilişlərinin hazırlanmasında
böyük əməyi olub. 1985-ci ilə qədər o,
radioda müxtəlif verilişlərin aparıcısı və
redaktoru kimi çalışıb. Verilişlərində
uşaqların və gənclərin həyatında
mühüm rol oynayan tərbiyəvi mövzulara toxunub. Bu sahədə
müxtəlif alim və professorlarla müzakirələrə
geniş meydan verib.
1985-1989-cu illərdə “Azərbaycan
qadını” jurnalında çalışıb. Cəmiyyətdə
qadın problemlərini daim diqqətdə saxlayan Rəhilə
xanım 1989-1994-cü illərdə Dövlət
Televiziyasında “Aygün” qadın proqramının
aparıcısı olaraq bu işi davam etdirib. Bütün
bunları isə o, 1992-ci ildə “Övlad işıqdır”
kitabında əks etdirir. Kitabda cəmiyyətimizə layiq əsl
insan, əsl vətəndaş tərbiyələndirməkdə
valideyn-övlad münasibətlərindən, məktəblə
ailənin əlbir işindən, müəllimin şəxsi
nümunəsindən, tərbiyə üsulundan bəhs olunur.
Əslində bu sadalananlar Rəhilə xanımın radioda
hazırladığı verilişlərin mövzuları idi.
Onunla birgə çalışan insanlar da R.Nəcəfovanın
insani keyfiyyətlərindən və jurnalist
bacarığından həvəslə danışdılar.
Uşaq və ailə problemlərindən
danışan verilişlər
Onunla uzun müddət birgə
çalışan radio aparıcısı Südabə Nuriyeva
Rəhilə xanımı belə xatırlayır:
“Rəhilə Nəcəfova savadlı, istedadlı jurnalist, gözəl insan idi. Onunla 25 il bir redaksiyada
çalışmışıq. Sovet vaxtında da müstəqil işləyən
jurnalistlər var idi. Onlar tapşırıqlarını alıb material hazırlamaq
üçün obyektə
yollanardılar. Yəni saat
səhər saat 9-dan axşam 6-dək redaksiyada
olmurdular. Yalnız verilişləri
olandan olana gəlib gedirdilər.
Radioda işlədiyi zaman Rəhilə xanım bu üsulla da çalışıb.
Bütün bu fədakarlığı
onun əsl jurnalist olmasından xəbər verirdi. Radioda uşaq redaksiyasının
aparıcısı olub.
Onun verilişində tez-tez indiki Azərbaycan Pedaqoji Universitetinin müəllimləri çıxış
edirdilər, universitetin
tələbələrini də
verilişə dəvət
edirdi. Rəhilə xanım tələbələrin
yazılarına redaktorluq
edirdi.
80-ci illərin sonlarında
televiziyada da işlədi. Televiziyada qadın
və ailə tərbiyəsindən bəhs
edən “Aygün” verilişini aparırdı.
Yəni
o dövr üçün
bu mövzular mürəkkəb idi.
O, işə canını
verərdi. Amma televiziyada çox
qala bilmədi. Yenidən onun üçün doğma olan radioya döndü.
Rəhilə xanım həyatda
və işdə də tərbiyəvi mövzulardan söz açardı. Hətta bu
mövzuda “Övlad işıqdır” adlı
kitabın da müəllifidir. Radioda da
verilişinin adı “Ailə və məktəb” idi. Yəni bu insan ömrünü
ənənəvi Azərbaycan
ailəsinin qorunub saxlanmasına, bu formatın daha da inkişaf eləməsinə sərf
etdi. Həmişə deyərdi ki,
əgər bir uşağın ailədə
təməli düzgün
qoyulubsa, sonradan cəmiyyətdəki baş
verən heç bir neqativ hallar
onu dürüst yoldan çəkindirə
bilməz. Verilişləri də bu mövzunu
əhatə edirdi.
Rəhilə xanım qarışıq
mövzularla işləmirdi.
O, yalnız bir mövzunu özünə
hədəf seçmişdi.
Bu mövzunu da
uğurla ömrünün
sonuna qədər davam etdirdi. Təqaüdə çıxdıqdan sonra da onunla
əlaqə saxlayardım.
Həmişəki kimi gözəl
məsləhətlər verirdi.
Maraqlı müzakirələrlə
dinləyicilərin rəğbətini
qazanırdı
Radio aparıcısı
Ruhəngiz Qasımova
həmkarı haqqında
bunları dedi:
“O vaxtlar redaksiyada yaxşı kollektiv çalışırdı.
Rəhilə Nəcəfova,
Rauf İsmayılov, Mailə Muradxanlı, Sona Məlikova, Rəfiqə Əliyeva, Əhəd Məmmədov
və mən redaksiyada gənc bir kollektivin üzvləri idik. Baş redaktor da yazıçı
Anar idi. Rusdilli olduğum üçün
redaktor mənə Azərbaycan dilini öyrənməyi məsləhət
bildi. Çünki verilişlər Azərbaycan
dilində idi. İlk əvvəllər rusca yazırdım və Rəhilə xanım tərcümə edirdi.
Rəhilə Nəcəfova peşəkar
radio jurnalisti kimi yadımda qalıb. Mən radioya Mailə xanımla birgə gəlmişdim. O bizdən
2-3 il sonra
gəldi. Gələn kimi də kollektivlə dil tapdı. Üzügülər, həyatsevər və şirin dili var idi.
Rəhilə xanım işə
gələndə bütün
qayğılar, problemlər
qapı arxasında qalardı. Ailədəki, həyatdakı problemlərini
işə qatmaz, kollektivi nəzərə alardı. Sözlə işləməkdə çox dəqiq və həssas bacarığa malik idi. O, əsasən məktəbdən bəhs
edən verilişləri
hazırlayırdı. Ümumiyyətlə, ciddi mövzuları sevirdi. Mən Rəhilə xanımla
birlikdə “Xoruz baba” verilişini hazırlamaq üçün
məktublar əsasında
rayonlara ezamiyyətə
də gedirdim.
Rəhilə xanım verilişlərinə
istedadlı insanları
dəvət edirdi.
Həmin
insanların öz fikirlərini gənclərə
çatdırması üçün
əlindən gələni
edirdi. Nəsihət verməkdən uzaq
idi. Məsləhət və maraqlı
söhbətlər yolu
ilə öz fikirlərini dinləyicilərə
çatdırardı. Xəstə olarkən onunla telefonla danışdım.
Yenə bütün qayğılardan
uzaq kimi danışırdı. Xəstə halında
da insanlara sevinc bəxş edirdi, xoş sözlər deməkdən
doymurdu”.
Yüksək mədəniyyətə
malik xanım
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Həmkarlar Komitəsinin sədri Sərhəd Qasımovun Rəhilə Nəcəfova haqqında dediklərindən:
“Rəhilə xanım bacarıqlı jurnalist, mehriban insan, səmimi iş yoldaşı idi. Hazırladığı və aparıcısı
olduğu verilişlər
aktuallığı ilə
yanaşı, cəmiyyətin
problemlərini özündə
əks etdirirdi. Sosial məsələlərin həllinə
kömək edən verilişlər hazırlayırdı.
Peşəkar jurnalist olduğunu
rəhbərlik də
etiraf edirdi. 1974-cü ildən Dövlət Televiziyasında
Həmkarlar Komitəsinin
sədri işləyirəm.
Onun insanlığından, necə
bir həmkar olmasından çox danışa bilərəm.
Rəhilə xanım ictimai
işlərdə fəal
iştirak edirdi.
O həm də qadınlar şurasının
üzvü idi. Qadınlarla bağlı ictimai tapşırıqları ona
verərdik. Bilirdik ki,
çox aktiv və belə işlərin öhdəsindən
gələ bilən bir xanımdır. Onu yüksək mədəniyyətə
malik olan bir qadın kimi xatırlayıram.
Öz sözünü vaxtında
və sərrast deyən Rəhilə xanım özünü sevdirən və insanları sevən həmkar idi. Dövlət
teleradiosunda kimi dindirsəniz, Rəhilə
Nəcəfova haqqında
yüksək fikirdə
olduğunu bildirəcək.
Rəhilə xanım hər
zaman işə məsuliyyəti ilə seçilərdi. O, əsl
azərbaycanlı qadınına
malik xüsusiyyətləri
özündə cəmləşdirən
bir xanım idi. Bütün bu sadaladıqlarım
hər kəsdə olmur.
Biz onu
unutmurduq. Onun səmərəli
əmək fəaliyyətini
nəzərə alıb
70 illiyini yüksək
səviyyədə qeyd
etdik. Gül-çiçək dəstələri, haqqında deyilən xoş sözlər onu sevindirdi. Həmkarları onun haqqında
yarım saatlıq veriliş də hazırladılar”.
Sonda Rəhilə Nəcəfovanın
“Övlad işıqdır”
kitabında “Müəllifdən”
bölməsindəki yazısından
müəyyən bir hissəni verməklə bu xanıma bir daha Allahdan
rəhmət diləyirik:
“Hansı ata-anadan soruşsaq, ailə nədən başlayır,
yəqin cavab verərlər ki, uşaqlardan. Doğrudan da, məhz uşağın ailəyə
gəlişi qadına
- ana, kişiyə - ata kimi şərəfli
ad verir. Ona görə də biz ailədə, məktəbdə,
küçədə, başqa
ictimai yerlərdə xoşa gəlməyən
hərəkətlərə yol verən uşaqları görəndə,
cinayətə əl atan yeniyetmələrlə
qarşılaşanda başa
düşürük ki,
bu haradasa ailənin və məktəbin tərbiyə
işində buraxdığı
səhvdir. Hamımızı narahat eləyən,
ürəyimizi ağrıdan
səhv”.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 1 oktyabr.-
S. 10.