Dünya Turizm Günü ölkəmizdə də qeyd edildi
Əbülfəs
Qarayev: “Turizmin inkişafının yeni mərhələsində
mövcud problemləri yalnız birgə əməkdaşlıq
çərçivəsində aradan qaldırmaq
mümkündür”
Sentyabrın 29-da Bakı Biznes Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Dünya Turizm Gününə həsr olunmuş tədbir
keçirildi. Müxtəlif dövlət qurumlarının,
ölkəmizdə akkreditə olunmuş xarici səfirliklərin,
turizm sənayesində aktiv fəaliyyət göstərən
özəl sektor təmsilçilərinin, media nümayəndələrinin
iştirak etdiyi tədbiri nazirliyin Daxili turizmin inkişafı
sektorunun müdiri Mahir Qəhrəmanov açaraq bildirdi ki,
turizm dünyada ölkələrin iqtisadiyyatına gəlir gətirən
sahələrdən birinə və qlobal problemlərin həllinə
təsir göstərə bilən amilə çevrilib.
Ölkəmizdə də turizm sahəsində mühüm
nailiyyətlər əldə edilib. Mədəniyyət və
Turizm Nazirliyi yay turizm mövsümünün başa
çatması ilə əlaqədar və Dünya Turizm
Gününün təntənəli qeyd olunması çərçivəsində
ənənəvi olaraq hər il tədbirlər həyata
keçirir.
Bakıda və Qusarda turizm sahəsində yeni təlim mərkəzləri
yaradılacaq
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirdi ki, son dövrlər
ölkə başçısı tərəfindən
imzalanan müvafiq fərman və sərəncamlar
respublikamızda turizmin inkişafına əlverişli şərait
yaradıb və turizmi iqtisadiyyatımızın, qeyri-neft
sektorunun prioritet sahələrindən birinə çevirib:
«Prezidentin 6 aprel tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
Proqramın başlıca məqsədi Azərbaycanda yüksək
iqtisadi, sosial və ekoloji tələblərə cavab verən
müasir turizm xidməti sahələrinin
formalaşdırılması, turizm sahəsinin ölkə
iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə
çevrilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən
sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək
keyfiyyətli xidmət səviyyəsinin yaradılması və
davamlı inkişafın təmin edilməsidir. Proqramın
icrasının təmin edilməsi məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən bir çox işlər
görülüb. Turist xidməti sahəsində
çalışanların peşə hazırlığı
səviyyəsinin artırılması məqsədilə bu
ilin may ayında Türkiyənin Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə 130 nəfər
üçün Masallı rayonunda, Turizm İnstitutu ilə
birgə 52 nəfər üçün Xaçmaz rayonunda və
Milli Kulinariya Mərkəzi ilə birgə 40 nəfər
üçün Tovuz rayonunda təlim kursları
keçirilib. Bununla yanaşı, Azərbaycanda yeni turist
marşrutlarının yaradılması çərçivəsində
avqustda Respublika Atçılıq Mərkəzinin Şəki
filialında “Atüstü turizm marşrutları”nın, həmçinin
Quba-Şamaxı ekstremal turizm marşrutunun təqdimatı
keçirilib”.
Ə.Qarayev bildirdi ki, son dövrlər
turizm infrastrukturunun yaradılması və inkişafı sahəsində
bir sıra mühüm işlər görülüb. Nazir Bakı
şəhərində müasir standartlara uyğun 5 ulduzlu
mehmanxanaların, Bakı və regionlar üzrə 50-yə
yaxın mehmanxana və ona bərabər tutulan yerləşdirmə
obyektlərinin tikildiyini, “Şahdağ yay-qış turizm
kompleksi” kimi böyük layihənin həyata keçirildiyini
dedi. Ə.Qarayevin sözlərinə görə, bu işlərin
nəticəsində yüksək keyfiyyətli turizm xidmətinə
nail olmaq olar: «Bu məqsədə nail olmaq üçün isə
əsas hədəflərdən biri həmin obyektlərdə
xidmət sahəsində çalışacaq müxtəlif
peşələr üzrə bacarıqlı kadrların
hazırlanmasına olan ehtiyacın aradan
qaldırılmasıdır. Bu sahədəki işçilərin
peşə hazırlığı səviyyəsinin
artırılmasını təmin etmək məqsədilə
ölkə başçısının
tapşırığı ilə Bakı şəhərində
və Qusar rayonunda turizm sahəsində yeni təlim mərkəzlərinin
yaradılması nəzərdə tutulur».
Nazir öz
çıxışında Turizm İnstitutunun fəaliyyətinə
də toxunaraq bildirdi ki, bu il institutun ilk məzunları
buraxılıb. 74 məzundan 14-ü Avstriyanın Krems
Universitetinin müvafiq diplomunu alıb. Hazırda bu ali təhsil
ocağında 1123 nəfər tələbə müxtəlif
ixtisaslar üzrə təhsil alır.
Beynəlxalq sərgilərdə Azərbaycanın turizm
potensialı təbliğ olunur
Nazir Ə.Qarayev Azərbaycanın
turizm imkanlarının təbliği məqsədilə il ərzində
rəhbərlik etdiyi nazirlik tərəfindən müxtəlif
işlər görüldüyünü qeyd etdi: «2010-cu ilin
yanvar ayından nazirlik 12 beynəlxalq turizm sərgisində
iştirak edib. İlin sonuna qədər isə daha
üç sərgidə iştirakımız nəzərdə
tutulur. Belə tədbirlərdə iştirak edən əməkdaşlarımız
bir qayda olaraq iştirakçı və qonaqlara Azərbaycanın
turizm imkanlarını əks etdirən müxtəlif
çap, audio və video məhsullarını, CD-ləri,
reklam xarakterli kitabça və bukletləri təqdim edir. Eyni
zamanda ölkəmizin turizm imkanlarını əks etdirən
filmlər və reklam çarxları beynəlxalq turizm sərgilərində
nümayiş etdirilir. Bundan əlavə, bu il ərzində məşhur
“Voyager”, “ABTA” jurnallarında və “Upper Reach”, “Forbes” qəzetlərinin
reklam səhifələrində respublikamızın turizm
imkanlarına dair məlumatlar yerləşdirilib. Azərbaycanın
turizm potensialının təbliğ edilməsi məqsədilə
dünyanın aparıcı televiziya kanalları olan
"CNN", "Euronews", "Travel Channel", BBC, CNBC,
“National Geopraphic”də müxtəlif reklam çarxları
yayımlanır».
Ə.Qarayev bildirdi ki, nazirliyin həyata
keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq
mədəni turizm marşrutları vasitəsilə Azərbaycanın
turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir:
«Bununla bağlı Avropa Şurasının Kiyev təşəbbüsü
layihəsi çərçivəsində “Aleksandr Düma
Qafqazda”, “Azərbaycanda şərab yolları” və “İpək
Yolu” beynəlxalq mədəni turizm marşrutları, “Alman
yaşayış məskənləri” adlı beynəlxalq
layihələr işlənməkdədır. “Azərbaycanda
şərab yolları” layihəsi çərçivəsində
“Beynəlxalq Mədəniyyət və Turizm mübadiləsi
Assosiasiyası” yaradılıb».
Bu
il 20 yeni turizm şirkəti yaradılıb, 28 şirkətin
isə fəaliyyəti dayandırılıb
Nazirin sözlərinə görə,
son dövrlərdə dövlət tərəfindən Azərbaycanda
turizmin inkişafına yaradılan münbit şərait nəticəsində
mehmanxana və mehmanxana tipli obyektlərin sayı artmaqdadır.
Hazırda belə obyektlərin sayı 477-dir. Ölkə ərazisində
lisenziya əsasında 209 turizm şirkəti fəaliyyət
göstərir: «Bir sıra turizm şirkətləri mövcud
bazarda rəqabətə davam gətirmədiyi
üçün fəaliyyətini dayandırıb. Bu ilin 9
ayı ərzində ümumilikdə nazirlik tərəfindən
30 şirkətə turizm fəaliyyətinə xüsusi
razılıq (lisenziya) verilib. Bunlardan 20-si yeni yaradılan
şirkətlərdir. Bununla yanaşı, qeyd etmək
lazımdır ki, bu il 28 turizm şirkətinin
lisenziyasının müddəti bitib və fəaliyyəti
dayandırılıb».
Bölgələrdəki turizm obyektlərinin yalnız
30%-i müasir tələblərə cavab verir
«2009-cu ilin rəsmi statistik məlumatlarına
görə, Azərbaycanda turizm sahəsində
çalışan işçilərin sayı 7380 nəfər
təşkil edib» - deyən nazirin sözlərinə görə,
2010-cu ilin ilk 6 ayı ərzində Azərbaycana gələn əcnəbi
vətəndaşların sayı 885 min 459 nəfər təşkil
edib. Bu, ötən ilin 6 ayı ilə müqayisədə 13%
və ya 102.251 nəfər çoxdur. 2009-cu ildə isə Azərbaycana
gələn əcnəbi vətəndaşların sayı 1
milyon 830 min 367 nəfər təşkil edib, bunun da 1 milyon 429
min 825 nəfəri turistlərin payına düşür.
Nazir Ə.Qarayev onu da bildirdi ki,
aparılan təhlillər nəticəsində və turizm
şirkətləri, eləcə də mehmanxanalardan əldə
edilən məlumatlar əsasında bu il ölkəmizə gələn
xarici turistlərin sayında artım olacağını demək
olar. Nazir «Turizm haqqında» yeni qanunun hazırlanmasına ciddi
ehtiyac yarandığını da nəzərə
çatdırdı. Yeni qanun layihəsi Nazirlər Kabinetinə
təqdim edilib.
Ə.Qarayevin sözlərinə
görə, turizmin inkişafını şərtləndirən
müsbət amillərlə yanaşı, bir sıra problemlər
də mövcuddur. Nazir bildirdi ki, bölgələrdə fəaliyyət
göstərən yerləşdirmə obyektlərindən
yalnız 30%-i müasir dövrün tələblərinə
və müvafiq standartlara cavab verir: “Sahibkarlar tərəfindən
mövsümün başlanması ilə bağlı reklam
işi zəif aparılır, bölgələrdə obyektlərin
əksəriyyətinin turizm şirkətləri ilə birgə
işləmək təcrübəsi azdır. Bu obyektlərdə
çalışanların peşə hazırlığı
demək olar ki, yox səviyyəsindədir, mehmanxana sahiblərində
turizm vərdişlərinin və idarəetmənin öyrənilməsi
səviyyəsi çox aşağıdır, yerləşdirmə
obyektlərində müştərilərə reklam-çap
məhsulları təşviq olunmur, online bronlaşdırma
sistemindən və yeni elektron texnologiya vasitələrindən
çox az istifadə olunur».
Nazir bildirdi ki, turizmin sistemli şəkildə
inkişafına nail olmaq, ölkəmizdə zəngin olan
mövcud tarixi, təbii və mənəvi dəyərlərdən
daha səmərəli istifadə etmək, turizmin
inkişafının yeni mərhələsində mövcud
olan problemləri aradan qaldırmaq yalnız birgə əməkdaşlıq
çərçivəsində mümkündür.
Sonra tədbirdə nəzərdə
tutulan müvafiq təqdimatlar edildi. Mədəniyyət və
Turizm Nazirliyinin İnvestisiya və texniki proqramlar şöbəsinin
müdiri Ruslan Abduləlimov hazırda Qusarda inşa edilən
Şahdağ qış-yay turizm kompleksi haqqında
iştirakçılara geniş məlumat verdi.
Fransanın “Mondeos” nəşriyyat
evi tərəfindən Azərbaycanın turizm potensialı
haqqında hazırlanmış bələdçi kitabı və
Böyük Britaniyanın “Hedonist Guide” şirkəti tərəfindən
hazırlanan “Bakı haqqında kataloq” haqqında həmin nəşrlərin
nümayəndələri Pierre Sforza və Carew Pole Tremayne tərəfindən
məlumat verildi. Sonra isə “ERA Marketing Center”in direktoru Anar
İbrahimov şirkətin ölkə vətəndaşları
arasında turizmlə bağlı keçirdiyi
sorğu-müayinənin nəticələrini
açıqladı.
Nazirliyin sektor müdiri Mahir Qəhrəmanov
isə “Azərbaycanın yeni turist marşrutlarını kəşf
edək” layihəsi çərçivəsində 3-5 sentyabr
tarixində keçirilən Bakı-Quba-Şamaxı-Bakı
istiqamətində Avto Safari haqqında məlumatı tədbir
iştirakçılarının diqqətinə
çatdırdı.
Tədbirin sonunda Bakı Turizm
İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev mərkəzin
təsis etdiyi “Milli turizm mükafatı”nı sahiblərinə
təqdim etdi.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2010.- 1 oktyabr.-
S. 9.