İranda Azərbaycan Mədəniyyəti Günləri geniş konsert proqramı ilə başa çatıb

 

   İranda Azərbaycan Mədəniyyəti Günləri sentyabrın 29-da Tehranda təşkil edilmiş zəngin konsert proqramı ilə başa çatıb. Tədbirdə əvvəlcə Elçin Musaoğlunun “Qırxıncı qapı” filmi nümayiş etdirilib.

  

   Konsert şairlər Taleh Həmid və Adil Cəmil tərəfindən Vətəni və xalqı tərənnüm edən şeirlərin oxunması ilə başlanıb. Azərbaycan Dövlət Kamera Orkestri bədii rəhbər və baş dirijor, Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, M.Mirzəyevin əsərlərini ifa edib. Orkestrin müşayiəti ilə əməkdar artistlər Samir Cəfərov və Anar Şuşalı Ü.Hacıbəylinin və T.Quliyevin mahnılarını oxuyublar.

   Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu "Toy", “İgidlər” və “Çobanlar” rəqslərini ifa edib. Nemət Qasımov sazda “Misri” aşıq havasını səsləndirib. Əməkdar artist Mircavad Cəfərovun (ud) ifası alqışla qarşılanıb. Əməkdar artistlər - Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiəti ilə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramovun ifasını isə dinləyicilər ayaq üstə alqışlalayıblar.

   Konsert bəstəkar Rauf Hacıyevin böyük şairimiz Səməd Vurğunun sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısı ilə yekunlaşıb. Tamaşaçılar bu mahnını ayağa qalxaraq bütün musiqi kollektivi ilə birlikdə oxuyublar.

   Tamaşaçılar səhnəni çiçək dəstələrinə, gül çələnglərinə qərq ediblər.

 

 

   Mədəniyyət.- 2010.- 1 oktyabr.- S. 8.