Təbriz
musiqisevərləri “Qarabağ şikəstəsi”ni
ayaq üstə alqışlayıblar
İranda keçirilən Azərbaycan Mədəniyyəti
Günləri (25-29 sentyabr) çərçivəsində Təbriz
şəhərində möhtəşəm konsert
proqramı nümayiş etdirilib. Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, İranın Şərqi
Azərbaycan vilayətinin başçısı Əlirza
Beygi, ölkəmizin İrandakı səfiri Cavanşir
Axundov, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə
tamaşaçılar arasında olublar.
Konsert Nemət Qasımovun sazda ifa
etdiyi “Misri” aşıq havası ilə başlanıb. Təbriz
musiqisevərləri əməkdar artistlər - Elçin Həşimov
(tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun
(nağara) müşayiəti ilə Xalq artisti Mənsum
İbrahimov və Əməkdar artist Təyyar Bayramovun birlikdə
oxuduqları “Qarabağ şikəstəsi”ni ayaq üstə
alqışlayıblar. Azərbaycana olan məhəbbətlərini
göstərən müxtəlif şüarlar səsləndiriblər.
Azərbaycan nümayəndə
heyəti tədbirdən sonra Təbrizdəki “Şairlər məzarlığı”nı,
o cümlədən ustad Məhəmmədhüseyn Şəhriyarın
məzarını ziyarət ediblər.
Mədəniyyət.-
2010.- 1 oktyabr.- S. 8.