50-dən sonrakı 50

 

   Bu gün Xalq artisti Mənsum İbrahimovun 50 yaşı tamam olur

  

   17 il Opera və Balet Teatrının səhnəsində 112 dəfə Məcnun olmaq səadətini yaşayan, 112 dəfə canlı ifası ilə iki dahinin, Məhəmməd Füzuli və Üzeyir bəy Hacıbəyli sənətinin ecazkarlığını bir daha nümayiş etdirən Mənsum İbrahimov 25 il ərzində nə etdisə, sənət naminə etdi və onun bu fədakarlığı əvəzsiz qalmadı...

  

   “Dönüb arxaya baxanda uzun bir yol görürəm. Bu yollar Ağdamın İmanqulubəyli kəndinə gedib çıxır. Kəndimizin üç tərəfi Sultanbud meşəsi idi. Xaçın çayı kəndimizin yanından axıb keçirdi. Belə gözəl bir məkanda doğulub, boya-başa çatmışam...” - deyən Mənsum İbrahimov illər sonra doğma kəndindən ayrılıb arzularının dalınca şəhərə gələcək, böyük sənətkarlardan dərs alacaq və günlərin birində taleyi üzünə güləcəkdi.

   “... Səsim Şövkət xanımın xoşuna gəlmişdi deyə, məni öz sinfinə dəvət etdi. Günlərin birində mənə sual verdi ki, sən operada oxumaq istəyərsən? Dedim ki, Şövkət xanım, mən operada oxuya bilərəm? Dedi sənin səsin də, görünüşün də Məcnuna uyğundur, əgər öz üzərində çalışsan, zəhmət çəksən səndən yaxşı Məcnun olacaq...

   Hər dəfə səhnədən alqışlarla yola salınanda Şövkət xanımın ruhuna dua oxuyuram. Mənim sənət taleyimi Şövkət xanım həll elədi...”

   Beləliklə, Mənsum İbrahimov muğam sənətinin ən layiqli davamçılarından biri kimi şöhrət tapdı, xalq mahnılarının ən yaxşı ifaçılarından biri kimi sevildi, dünyanın əksər ölkələrində milli musiqimizin zənginliyini və gözəlliyini tamaşaçılara çatdırdı. Sənətin daşlı-kəsəkli yollarında nə büdrədi, nə yıxıldı. “Klassik muğam məktəbinə xidmət edirəm” - deyən Mənsum İbrahimov 50 yaşın tamamında özü-özünə bunları arzuladı:

   “O qədər görməli işlərim, arzularım var ki, sayı-hesabı yoxdur. Bu işləri görmək, başa çatdırmaq üçün Allahımdan vaxt, möhlət istəyirəm...”

   O, hər zaman sənətinin məcnunu olacaq, o hər zaman gözəl ifası, yüksək səhnə mədəniyyəti ilə seviləcək, milli musiqimizi yaşadanlar və təbliğ edənlərlə bir sırada dayanacaq.

   Mənsum İbrahimovun bu gün 50 yaşı tamam olur, 50 yaşın tamamında yeni bir 50-i başlayır. Yolunuz mübarək!

  

 

   Mədəniyyət.- 2010.- 1 oktyabr.- S. 9.