Bakıda Qarabağ Fondunun təşkilatçılığı ilə “Mənim Şuşam” adlı sərgi açılıb

 

   Sentyabrın 30-da Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun təşkilatçılığı ilə gənc rəssam Həlimə Əsgərovanın “Mənim Şuşam” adlı sərgisinin açılışı oldu.

  

   Məlumat üçün deyək ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

   Mərasimdə çıxış edən fondun Avropa və MDB üzrə nümayəndəsi Tural Kərimli qurumun fəaliyyəti barədə məlumat verdi. Bakıda təşkil olunan bu sərginin fondun Azərbaycanda keçirilən ilk tədbiri olduğunu deyən T.Kərimlinin sözlərinə görə, təşkilat ilin sonunadək bir sıra silsilə tədbirlər keçirəcək. Oktyabr ayında Vaşinqton şəhərinin “Studio Gallery” sərgi salonunda Heydər Əliyev Fondunun təqdim etdiyi fotoşəkillər əsasında “Mənim Qarabağım” fotosərgisi təşkil olunacaq. Bundan əlavə, Amerika universitetlərində tələbə və alimlər üçün fondun Üzeyir Hacıbəyli və Natəvan adına qrant proqramlarının təqdimatı olacaq.

   Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında 23 yaşlı Həlimə Ələsgərovanın yaradıcılığından söhbət açdı, onun fəaliyyətini vətənini sevən istedadlı rəssam olmasını yüksək dəyərləndirdi.

   Mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva da gənc rəssam Həlimə Əsgərovanın yaradıcılığından danışdı. Onun vətən sevgisinin Azərbaycan gənclərinə örnək olduğunu dedi. Millət vəkili hər bir azərbaycanlı gəncin ölkəmizlə bağlı həqiqətlərin, işğal faktının daha geniş arenada tanıdılması üçün öz imkanları daxilində fəaliyyət göstərməsinin vacibliyini bildirdi.

   Sonra sərgiyə baxış keçirildi. “Mənim Şuşam” sərgisində Həlimə Ələsgərovanın müxtəlif janrlarda Şuşanın təbiəti, tarixi abidələri, mədəniyyəti və tarixi şəxsiyyətlərinə həsr olunmuş 40-a qədər əsəri nümayiş olunur.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2010.- 1 oktyabr.- S. 3.