Dahi bəstəkara həsr olunmuş
“Ölməzlik” kitabının təqdimatı oldu
Sentyabrın 30-da Azərbaycan Bəstəkarlar
İttifaqında AMEA-nın müxbir üzvü, sənətşünaslıq
doktoru, professor Zemfira Səfərovanın “Ölməzlik“
kitabının təqdimat mərasimi oldu.
Tədbiri giriş sözü ilə
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
professor Firəngiz Əlizadə açdı. O, təqdimatı
keçirilən “Ölməzlik” kitabının müəllifinin
zəngin yaradıcılığından danışaraq,
Zemfira Səfərovanın Orta əsrlər Azərbaycan
musiqisinə dair apardığı araşdırmaları
yüksək qiymətləndirdi.
Sonra söz akademik Bəkir Nəbiyevə
verildi. O, Z.Səfərovanın
yaradıcılığından maraqlı məqamları diqqətə
çatdırdı: “1973-cü ildə Zemfira Səfərova
Moskvada Üzeyir Hacıbəylinin
yaradıcılığı ilə bağlı bir monoqrafiya
dərc etdirmişdi. Həmin monoqrafiya görkəmli bəstəkarımız
Qara Qarayevin diqqətini çəkmiş, böyük bəstəkar
Zemfira Səfərovanın bu xidmətlərini yüksək dəyərləndirmişdi.
Müəllif bu kitabında Üzeyir Hacıbəylinin pedaqoq,
publisist, dramaturq kimi yaradıcılığına
işıq tutub”.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev çıxış edərək
Üzeyir Hacıbəylinin 125 illiyi münasibətilə nəinki
respublikamızda, bir sıra xarici ölkələrdə də
tədbirlər keçirildiyini diqqətə
çatdırdı. Nazirin sözlərinə görə,
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr
olunmuş “Ölməzlik” kitabı dahi bəstəkarın
irsinə diqqətinin tükənməz olduğunu göstərir:
“Kitab üç dildə yazılıb. Yəni kitab gələcəkdə
tək azərbaycanlılar üçün deyil, digər
xalqlar üçün də bir mənbə olacaq”.
Xalq yazıçısı
Çingiz Abdullayev də Zemfira Səfərovanın “Ölməzlik“
kitabının üç dildə yazılıb nəşr
olunmasını önəmli fakt kimi vurğuladı: “Bu
kitabı bizdən başqa rus və ingilis dillərini bilən
digər xalqlar da oxuyacaq. Üzeyir Hacıbəylinin
yaradıcılığı və dünya musiqi mədəniyyətinə
verdiyi töhfələrlə yaxından tanış
olacaqlar”.
Daha sonra Qədim Musiqi Alətləri
Ansamblının bədii rəhbəri Məcnun Kərimov,
musiqişünas professor Aidə Tağızadə, Xalq artisti
Fidan Qasımova çıxış etdilər.
Tədbirin sonunda kitabın müəllifi
Zemfira Səfərova çıxış edərək
kitabın ərsəyə gəlməsində Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyliyə
minnətdarlığını bildirdi.
Savalan
Fərəcov
Mədəniyyət.-
2010.- 1 oktyabr.- S. 3.