“Mərakeş
mədəniyyəti dünya
sivilizasiyası kontekstində”
Milli Elmlər Akademiyası, “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyası, Kulturoloqlar Cəmiyyəti və Vətəndaş
Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun Mərakeş
Krallığının Azərbaycandakı səfirliyilə
birgə keçirdiyi konfrans bu mövzuya həsr olunmuşdu. Tədbiri
açan “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov qədim
Məğribin - Mərakeşin tarixindən, XIX-XX əsrin əvvəllərində
Fransa, Portuqaliya və İspaniyanın bu ölkənin mədəniyyətinə
göstərdiyi təsirdən, Mərakeş mədəniyyətindəki
Qərb və Şərq mədəniyyəti
çalarlarından ətraflı bəhs etdi.
Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, fəlsəfə doktoru Həsən Hami konfrans iştirakçılarına öz minnətdarlığını bildirib, “Mədəniyyətlərin müxtəlifliyindən sivilizasiyaların dialoquna doğru” adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, siyasi planda Mərakeş ərəb Afrikası və Aralıq dənizi regionunda mədəniyyət və sivilizasiyaların dialoquna yol açmış ilk dövlətlərdən biridir. Səfirin sözlərinə görə, Mərakeşdə üç monoteist dinin nümayəndələri arasındakı dialoq tolerantlığın və mədəniyyətlərarası ünsiyyətin bariz nümunəsidir: “Mərakeş cəmiyyəti mədəniyyətlərin mozaikasından ibarətdir. Bu, Şimali Afrika səhrası, ərəb və İslam dünyası, Aralıq dənizi hövzəsinin müxtəlifliyindən qidalanaraq dirçələn çoxsahəli bir cəmiyyətdir. Azərbaycan kimi, Mərakeşin də sivilizasiyaların dialoqunda deməyə sözü var”.
Fəlsəfə elmləri doktoru Zəhra Əliyeva, dosent Samirə Mir-Bağırzadə, tarix elmləri doktoru Esmeralda Ağayeva, filologiya elmləri namizədi Ruhəngiz Cümşüdi, memarlıq doktoru Raihə Əmənzadə və başqaları Mərakeş mədəniyyətinin müxtəlif sahələrinə aid maraqlı məruzələrlə çıxış etdilər. Mərakeşin Azərbaycandakı səfirliyinin əməkdaşı Gülşən Nağızadə bu ölkə haqqında öz xoş təəssüratlarını (o, üç il Mərakeşdə yaşayıb) konfrans iştirakçıları ilə bölüşdü, Mərakeşdə istehsal olunan filmlər, bu ölkədəki ailə ənənələri haqqında məlumat verdi. Macarıstanın Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsi doktor Zoltan Baç çıxışında öz ölkəsinin Mərakeşlə hələ keçmiş zamanlarda olan əlaqələrindən danışdı.
Tədbirdə Misirin Azərbaycandakı səfiri Saber Mənsur və digər ərəb ölkələrinin respublikamızda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri iştirak edirdilər.
İradə Əsədova
Mədəniyyət.- 2010.- 6
oktyabr.- S. 15.