Kitab və
sənət dünyası
Paytaxtın Xətai rayonundakı M.Ə.Sabir
adına kitabxana-klubun 25 yaşı tamam olur
Aqillər deyib ki, kitab insanın ən yaxın dostu,
sirdaşıdır. Elə bir dost ki, insana həyatı
öyrədir, obrazların, hadisələrin
güzgüsündə bəlkə də elə
özümüzü bizə göstərir. Bu gün az adam
tapılar ki, mütaliə ilə məşğul olmasın.
Hər birimiz kitabxanalara gedərək bizə lazım olan
kitabları oxuyur, bilik və
dünyagörüşümüzü artırırıq.
Şəhərimizdə geniş
oxucu auditoriyası olan, qabaqcıl fəaliyyəti ilə
seçilən çoxlu kitabxana fəaliyyət göstərir.
Onlardan biri də Xətai rayonunda yerləşən Mirzə Ələkbər
Sabir adına kitabxana-klubdur. Kitabxana-klub Azərbaycan SSR Mədəniyyət
Nazirliyinin 5 oktyabr 1985-ci il tarixli qərarı ilə
yaradılıb. 1986-cı ildə kitabxana-kluba böyük ədib
Mirzə Ələkbər Sabirin adı verilib.
Mədəniyyət ocağı
ikimərtəbəlidir. Burada yaradılmış səliqə-səhman
göz oxşayır. Divarlara vurulmuş müxtəlif
fotostendlər (“Analar yanar ağlar” (Xocalı
qırğını), “Qarabağ şəhidləri” və
s.), ulu öndər Heydər Əliyevin həyat yolunu əks
etdirən “Dünya şöhrətli siyasi xadim” sərlövhəli
guşə, görkəmli şair və
yazıçılarımızın portretləri və
onların hikmətli sözləri diqqəti cəlb edir.
Mədəniyyət müəssisəsi,
adından da göründüyü kimi, əhaliyə iki
istiqamətdə - həm kitabxana, həm də klub xidməti
göstərir. Burada musiqi dərnəkləri (tar, qarmon,
fortepiano, nağara və s.), biçmə-tikmə, xarici dil,
toxuma kursları, uşaqlar üçün oyun otağı,
rəqs dərnəyi açılıb. Bu cür
çoxşaxəli fəaliyyətin başlıca məqsədi
isə gələcəyimiz olan uşaqlarda savad, biliklə
yanaşı, incəsənətə məhəbbət
aşılamaq, onlarda mənəvi-estetik zövqü
inkişaf etdirməkdir. Kitabxanada Azərbaycan və rus
bölmələri, not-musiqi, biblioqrafiya, kitabişləmə
və komplektləşdirmə, təşkilati-metodik
şöbələri, qiraət zalı fəaliyyət
göstərir. Uşaq və musiqi-not şöbələrinin
öz oxu zalları var. Uşaq şöbəsində köhnəlmiş,
yararsız hala düşmüş kitabların bərpası
ilə məşğul olan “Bacarıqlı əllər” dərnəyi
fəaliyyət göstərir.
Kitabxanada müxtəlif tədbirlər,
görüşlər, ədəbi-bədii gecələr,
oxucu konfransları, bayramlar mütəşəkkil şəkildə
təşkil olunur. Mədəniyyət ocağına baş
çəkənlərin çoxu şagird və tələbələr,
habelə təqaüdçülər, müxtəlif peşə
adamlarıdır. Ümumilikdə oxucu sayı 6 minə
yaxındır. Kitab fondu 77 min nüsxə təşkil edir.
Kitabsevərlərin artan tələbatını ödəmək
üçün kitab fondu müntəzəm olaraq zənginləşdirilir.
Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” sərəncamına əsasən
çap olunaraq respublikanın kitabxanalarına hədiyyə
edilən nəşrlər latın qrafikalı kitab fondunun
özəyini təşkil edir. Kitabxanaya M.F.Axundov adına
Milli Kitabxanadan mübadilə yolu ilə, ayrı-ayrı təşkilat
və qurumlardan hədiyyə olaraq kitablar daxil olur. Bundan əlavə,
kitabxana-klub 10-dan çox qəzet və jurnala abunə
yazılıb. Bu da kitabxanaya müraciət edən
oxucuları lazım olan materiallarla təmin etməyə xeyli
köməklik göstərir.
Hazırda kitabxana-klubda kompyuterləşmə
sistemi yaradılıb, internet saytı istifadəyə verilib.
Prezidentin sərəncamı ilə kitabxanaya hədiyyə
verilmiş kitabları elektron variantda oxumaq
mümkündür. Gələcəkdə bütün kitab
fondunun ”online” rejimdə oxucuların istifadəsinə verilməsi
nəzərdə tutulur. Şair və yazıçılar, sənət
adamları, incəsənət ustaları müntəzəm
olaraq mədəniyyət müəssisəsinin qonağı
olurlar.
Kitabxana-klubun direktoru Firəngiz Bəkirzadə
uzun illər bu sahədə çalışmış təcrübəli
mütəxəssisdir. Peşəsinin vurğunu olan Firəngiz
xanım kitabxana-klubun inkişafı, fəaliyyətinin
genişlənməsi üçün əlindən gələni
əsirgəməyib. Əməyi, zəhməti də
yüksək qiymətləndirilib, “Əməkdar
kitabxanaçı” adına layiq görülüb, “Xalqlar
dostluğu” ordeni, “Əməkdə fərqlənməyə
görə” və “Əmək veteranı” medalları ilə
təltif olunub. Mədəniyyət müəssisəsi 2008-ci
ildə Bakı şəhəri Mədəniyyət və
Turizm idarəsi tərəfindən “Ən fəal kitabxana”
diplomu ilə təltif edilib.
Sonda onu da qeyd edək ki,
kitabxana-klubun bu günlərdə 25 yaşı tamam olur. Biz də
bu əlamətdar tarix münasibətilə mədəniyyət
müəssisəsinin kollektivini təbrik edir, işlərində
uğurlar arzulayırıq.
Sevda Yusubova
Mədəniyyət.- 2010.- 6 oktyabr.-
S. 15.