Qarabağ daş dövründə”

 

   Bakıda Azıx mağarasının kəşfinin 50 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

  

   Oktyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə Azıx paleolit mağara düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunmuş “Qarabağ daş dövründə” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

  

   Konfransı giriş sözü ilə açan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov tarixi keçmişimizə dair həqiqətlərin üzə çıxarılmasında Azərbaycan arxeoloqlarının əvəzsiz əməyindən, əlli il əvvəl görkəmli arxeoloq, tarix elmləri doktoru Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiyanın qədim Qarabağ bölgəsində Azıx paleolit düşərgəsini aşkar etməsindən söz açdı. Bildirdi ki, uzun illər Azıx mağarasında aparılan qazıntılar bu ərazidə ibtidai insanların hələ iki milyon il əvvəl məskunlaşdığını və bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edib.

   Rusiya Elmlər Akademiyasının (REA) Tarixi-filoloji elmlər şöbəsinin akademik-katibi, akademik Anatoli Derevyanko iki ölkə alimlərinin arxeologiya sahəsində elmi əməkdaşlığın və Azərbaycanda aparılan son arxeoloji tədqiqatların nəticəsini yüksək qiymətləndirdi. O, AMEA və REA arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd etdi. Daha sonra Azərbaycanda paleolitşünaslığın əsasını qoymuş Məmmədəli Hüseynovla tanışlığından, Azərbaycan arxeologiya elminin inkişafında onun yüksək xidmətlərindən, böyük alimin işini hazırda onun yetirmələrinin uğurla davam etdirməsindən danışdı.

   Azərbaycan alimləri ilə yanaşı Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin tarixçi alimlərinin iştirak etdikləri tədbirdə AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru,tarix elmləri doktoru Maisə Rəhimova “Qarabağın paleolit abidələri və dünya arxeologiyasında Azıxın yerimövzusunda məruzə ilə çıxış etdi. O, Azıx mağara düşərgəsinin dünyada ən qədim insan məskənlərindən biri olduğunu, Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində Azıx mağara düşərgəsinin, həm də bölgədəki digər tarixi-arxeoloji abidələrin elmi araşdırılmasının qarşısının alındığını, bu abidələrin əksəriyyətinin erməni barbarları tərəfindən dağıdıldığını diqqətə çatdırdı.

   Daha sonra rusiyalı akademik Anatoli Derevyankovun sədrliyi ilə keçən konfransda “Qarabağın və Qərbi Asiyanın erkən paleolit dövrünün müqayisəli təhlili” , “Dağıstanın paleolit dövrü əsas mədəni-xronoloji, mərhələli təhlili” və s. mövzusunda məruzələr dinlənildi və müzakirələr aparıldı.

   Oktyabrın 5-də Rusiya Elmlər Akademiyasının əməkdaşı, tarix elmləri doktoru Mixail Şunkovun sədrliyi ilə işini davam etdirən beynəlxalq elmi konfransdaŞimali Asiyanın qədim paleolit sənayesi”, “Naxçıvanda Qazma mağara düşərgəsi”, “Dağıstandakı qədim Muxkay abidəsinin tədqiqatının ilkin nəticələri”, “Qobustanın qədim incəsənəti”, “Cənubi Dağıstandakı Darvaqçay-Zaliv paleolit abidəsinin tədqiqatının ilkin nəticələri” və s. mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı. Elmi konfrans oktyabrın 6-da öz işini başa çatdıracaq.

   

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2010.- 6 oktyabr.- S. 15.