Musiqi mədəniyyətimiz muzeylərdə
Azərbaycanın musiqi
sənəti qədim tarixə malikdir. Bu sənət böyük
inkişaf yolu keçib, daim zənginləşib,
milli mədəniyyətimizin əsas
daşıyıcılarından birinə çevrilib.
Arxeoloji qazıntılar zamanı əldə
edilmiş bir sıra materiallar, məşhur Qobustan
və Gəmiqaya abidələri üzərində həkk olunmuş təsvirlər qədim musiqi haqqında təsəvvür yaradır. “Kitabi- Dədə Qoruq” dastanında, Nizami Gəncəvi,
Əfzələddin Xəqani, Məhəmməd Füzuli və başqa
klassiklərimizin əsərlərində qədim və orta əsrlər musiqi həyatı,
dövrün musiqi alətləri
ilə bağlı məlumat verilib.
Tədqiqatçıların fikrincə, musiqi sənəti daim inkişafda olmuş, yeni melodiyalar yaranıb, bunlar isə öz növbəsində yeni musiqi alətlərinin meydana gəlməsini, mövcud alətlərin təkmilləşdirilməsini günün zəruri tələbinə çevirib.
Azərbaycan musiqi mədəniyyəti bu cür inkişaf yolu keçib, ilk öncə mahnılar, müxtəlif əmək və mərasim nəğmələri, aşıq havaları, muğamlar, daha sonra opera və balet musiqisi, simfonik musiqi, kantata, musiqili komediya, professional musiqinin digər növləri meydana gəlib.
Hazırda ayrı-ayrı muzeylərdə Azərbaycan musiqi mədəniyyətinə aid müxtəlif materiallar nümayiş etdirilir. Bunlar əsasən musiqi xadimlərinin həyat və fəaliyyətini əks etdirən əşyalardan, habelə musiqi alətlərindən ibarətdir. Təbii ki, bu əşyalar qayğı ilə qorunur, öyrənilir və təbliğ edilir.
Milli Azərbaycan Tarixi Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Dövlət İncəsənət Muzeyi, Dövlət Teatr Muzeyi, görkəmli şəxsiyyətlərin xatirə muzeyləri və bir sıra rayon tarix-diyarşünaslıq muzeylərinin fondlarında musiqi mədəniyyətimizə aid qiymətli materiallar toplanıb.
Professional musiqimizin banisi Üzeyir Hacıbəylinin, vokal sənətimizin banisi Bülbülün, görkəmli sənət xadimləri - bəstəkar və dirijor Niyazinin, bəstəkar və pianoçu Vaqif Mustafazadənin, məşhur musiqiçilər L. və M.Rostropoviçlərin xatirə muzeylərinin ekspozisiyaları bu şəxsiyyətlərin musiqiyə həsr olunmuş ömür yollarını əks etdirir.
Söz sənətimizin böyük nümayəndələri - Səməd Vurğunun, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin xatirə muzeylərində bir sıra əşyalar bu sənətkarların həyatının musiqi ilə bağlılığını göstərən səhifələrini canlandırır, onların yaradıcılığına aid çox maraqlı faktları üzə çıxarır.
Səməd Vurğunun ev-muzeyində royal, piano və saz nümayiş etdirilir. Muzeyə gələnlər öyrənirlər ki, bu royalı bir vaxtlar dahi bəstəkarımız Üzeyir Hacıbəyli «dilləndirib». Royal, eyni zamanda, şairlə bəstəkarın müştərək yaradıcılığının şahididir. Cəfər Cabbarlının ev-muzeyində piano, tar, qaval, patefon nümayiş etdirilir.
Ağstafa tarix-diyarşünaslıq muzeyində bizim eradan əvvəl IV əsrə aid burbuq nəfəsli musiqi aləti, Saatlı tarix-diyarşünaslıq muzeyində isə bizim eradan əvvəl I minilliyə aid tütək nümayiş etdirilir. Masallı tarix-diyarşünaslıq muzeyində də çox qədim dövrə aid burbuq vardır.
Təbii ki, musiqi mədəniyyətimizin tarixini əks etdirən materialların əsas saxlanc yeri, qorunduğu, öyrənildiyi və təbliğ olunduğu məkan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyidir.
Muzey 1967-ci ildə yaradılıb, İçərişəhərdə XVIII əsr memarlıq abidəsi olan karvansara binasında yerləşib. İlk əvvəllər muzeyin ekspozisiyası olmamış, burada toplama işi və muzeydənkənar iş aparılmışdır. Muzey 1996-cı ildə yeni binaya köçürülüb və burada ilk dəfə olaraq ekspozisiya açılıb. Ekspozisiyada Azərbaycan musiqi mədəniyyətinin tarixi, onun ayrı-ayrı mərhələləri, musiqi xadimləri, milli musiqi alətləri haqqında ətraflı məlumat verilir.
Ekspozisiya ilə tanışlıq “Qavaldaş” adlandırılan qaya parçasının fotoşəklinin nümayişi ilə başlanır. Bu qaya parçası Bakı şəhəri yaxınlığındakı Qobustan ərazisində aşkar edilmişdir. Tədqiqatçıların fikrincə, bu daş dəniz şəraitində əmələ gəlmiş və yüksəklikdən qopub düşmüş daş parçalarından ibarətdir. Qavaldaş dayaqlar vasitəsilə yerə söykənmiş təbii litofon hesab olunur, onun üzərinə kiçik daşlarla vurulduqda metal cingiltisinə oxşar səslər çıxır. Bundan öz dövründə musiqi aləti kimi istifadə olunduğu güman edilir. Bu bölmədə, eyni zamanda, Qobustan qayalarındakı rəqs təsvirlərinin surətləri də verilib.
Muzeydə Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansambl 14 nəfər musiqiçini özündə birləşdirir. Adından göründüyü kimi, bu ansambl başqa kollektivlərdən fərqlənir. Burada orta əsrlərə məxsus musiqi alətlərindən istifadə olunur. Həmin alətlər illər keçdikcə unudulmuş və sıradan çıxmışdı. Son illərdə muzeyin əməkdaşı, tanınmış musiqişünas-alim Məcnun Kərimov bu alətləri yazılı mənbələr əsasında yenidən hazırlayıb. Bunların sırasında qopuz, cəng, bərbət, rud, çəqanə, səntur, Şirvan tənburu, rübab kimi musiqi alətləri vardır və bunlardan Qədim Musiqi Alətləri Ansamblında istifadə edilir. Eyni zamanda bu alətlərin başqa nüsxələri muzeyin ekspozisiyasında nümayiş etdirilir.
Qədim Musiqi Alətləri Ansamblı musiqimizi, xüsusən qədim el sənəti nümunələrini dirçəldir, ölkəmizdə və xaricdə ləyaqətlə təbliğ edir.
Muzeydə mütəmadi olaraq müxtəlif tədbirlər - görkəmli musiqi xadimlərinin yubileyləri, xatirə gecələri, musiqişünaslıq və muzey işinə aid elmi-nəzəri konfranslar, seminarlar keçirilir. Muzey öz profili üzrə dünyanın bir sıra muzeyləri ilə əlaqə saxlayır, muzey işi ilə bağlı yenilikləri öz işində tətbiq edir, beynəlxalq proqramların iştirakçısı olur.
Respublika rəhbərliyinin təşəbbüsü ilə muzey üçün müasir standartlara cavab verən xüsusi binanın inşasına qərar verilməsi musiqi mədəniyyətimizlə bağlı materialların qorunması və təbliği üzrə daha önəmli işlərin görüləcəyinə təminat yaradır.
Muzeyin üç filialı var: Niyazinin xatirə muzeyi, Vaqif Mustafazadənin xatirə muzeyi, Xalq çalğı alətləri şöbəsi.
Xalq çalğı alətləri şöbəsi görkəmli musiqiçi Əhməd Bakıxanovun evində yaradılıb və burada tarzənin həyat və fəaliyyətini əks etdirən müxtəlif materiallar, habelə şəxsi kolleksiyasına aid musiqi alətləri nümayiş etdirilir. Bunların sırasında tar, kamança, saz, zurna, tütək, ney, balaban, nağara, qaval və digər musiqi alətləri var. Ekspozisiyada görkəmli musiqiçilər - Qurban Pirimov, Məmmədağa Muradov, Bəhram Mənsurov, Hacı Məmmədov və başqaları barədə məlumat verilir.
Respublikamızda musiqi profilli başqa bir muzey - Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi 1984-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində ictimai əsaslarla yaradılıb, 1990-cı ildə dövlət müəssisəsinə çevrilib.
Muzey görkəmli şair və aşıq Hüseyn Bozalqanlının adını daşıyır. Bu, təsadüfi deyil. Özündən sonra zəngin ədəbi irs qoyub getmiş Hüseyn Bozalqanlı aşıq sənətinin görkəmli davamçılarının yetişməsində də mühüm rol oynayıb. Neçə-neçə sənətkar saz-söz sənətinin sirlərini ondan öyrənib, onun səyi ilə şan-şöhrət sahibi olub.
Muzey üçün Bozalqanlı kəndinin mərkəzində xüsusi bina tikilib. Onun işıqlı otaqlarında ekspozisiya yaradılıb. Burada müxtəlif şifahi ədəbiyyat nümunələri, rəsm və heykəltəraşlıq əsərləri, fotoşəkillər, sənədlər, kitablar, elmi-tədqiqat əsərlərindən, aşıq poeziyasından, nağıl, dastan və əfsanələrdən seçmə parçalar, xatirə əşyaları, hədiyyələr… vasitəsilə bu qədim və həmişəyaşar sənətin əmələ gəlməsi, dünəni və bu günü, onun nümayəndələri barədə məlumat almaq mümkündür.
Adilxan Bayramov
Mədəniyyət.-
2010.- 6 oktyabr.- S. 13.