Şərəflə yaşanan ömür
Hər
birimizin tərbiyəsində, onun formalaşmasında müəllimlərimizin
əvəzsiz əməyi var. İnsanlar heç vaxt gənclərə
sabaha aparan yolları göstərən müəllimlərini
unutmur, özlərini həmişə onlara borclu sayırlar.
Bizə göstərdikləri qayğı, istiqamətləndirdikləri
düz yola görə onları çox vaxt valideynlərimizlə
bərabər tuturuq. Haqlı olaraq onlar üçün təqvimdə
xüsusi gün də ayrılıb. Dünən, oktyabrın
5-i Beynəlxaql müəllimlər günü idi. Bu
münasibətlə musiqişünas-alim, təkcə ölkəmizdə
deyil, qardaş Türkiyədə də uzun müddət
pedaqoji fəaliyyət göstərmiş, çoxsaylı
yetirmələri olan Nailə Mehdiyeva ilə
görüşüb onu oxucularımıza da tanıtmaq qərarına
gəldik.
- 1959-cu ildə Üzeyir Hacıbəyli
adına Dövlət Konservatoriyasını (indiki Musiqi Akademiyası
-red.) bitirdikdən sonra elə orada musiqi tarixi kafedrasında
işləməyə başladım. 1993-cü ilədək
bu təhsil ocağında işlədim, dekan, kafedra müdiri
vəzifələrində çalışdım. Onda
heç təsəvvür etməzdim ki, nə vaxtsa Azərbaycandan
kənarda, Türkiyədə fəaliyyətimi davam etdirəcəyəm.
Ankaradan - görkəmli alim və ictimai xadim İhsan
Doğramacının məşhur Bilkənd Universitetinə dəvət
aldım və qardaş ölkəyə getdim. Burada Avropa
musiqi tarixi, dünya opera incəsənəti tarixi, iyirminci
yüz illiyin çağdaş musiqi tarixindən mühazirələr
oxuyurdum.
1995-ci ildən 2009-un sonunadək
universitetdə musiqi tarixi kafedrasının müdiri kimi fəaliyyət
göstərmişəm. Pedaqoji işimlə yanaşı, həm
də Bilkənd simfonik orkestrinin (yeri gəlmişkən, onun
ifaçılarının əksəriyyəti azərbaycanlılardır)
proqramlarını hazırlayıb ərsəyə gətirmişəm.
Onu da deyim ki, indi həmin proqramların böyük hissəsi
ingilis, fransız, alman dillərinə tərcümə
olunaraq disklərə köçürülüb.
2008-ci ildə həmin proqramlar əsasında
“Konser kılavuzu” kitabımı çap etdirdim. Burada 116 məşhur
bəstəkar haqqında məlumat və 484 simfonik əsərin
şərhini vermişəm. Kitab barokko dönəmindən
XX əsrədək bütün məşhur bəstəkarların
yaradıcılığını əhatə edir. Burada
Avropa bəstəkarları ilə bərabər, Azərbaycanın
görkəmli sənətkarları (Ü.Hacıbəyli,
Q.Qarayev, F.Əmirov, R.Hacıyev, S.Hacıbəyov və s.),
Türkiyə bəstəkarları (Əhməd Adnan Sayqun,
Ülvi Camal Erkin, Fərid Tüzün və s.) haqqında məlumatlar,
onların əsərlərinin təhlili verilib. Bu toplunu təmənnasız
olaraq Bilkənddəki tələbələrim
üçün hazırlamışdım. Amma çox
keçmədi ki, onun sorağı İzmir, İstanbul və
digər şəhərlərdən gəldi.
Şadam ki, respublikamızda
olduğu kimi, qardaş Türkiyədə də çoxlu
yetirmələrim var. Onlar əməyimizi yüksək qiymətləndirir,
müəllimlərini öz doğmaları kimi sevirdilər.
Biz ora gedənədək universitetdə
musiqişünaslıq sahəsi yox dərəcəsində
idi. Onun inkişafı üçün əlimizdən gələni
etdik. Gərgin işləyirdik, boş vaxtımız çox
az olurdu. Boş vaxtımızda isə mən, Zərifə
Bakıxanova, mərhum professor Sərvər Qəniyev (o, Bilkənd
simfonik orkestri üçün çox işlər
gördü) Bakıdan, Azərbaycandan danışır,
xoş xatirələri birgə yada salırdıq. Fərəhlə
deyə bilərəm ki, orada olduğumuz müddətdə
türk musiqi mədəniyyətinə öz töhfələrimizi
verə bildik. Qürur hissi keçirirəm ki, vətənimi
onun hüdudlarından kənarda ləyaqətlə təmsil
etməyə müvəffəq olmuşam, dahi bəstəkarlarımızı,
onların əsərlərini dostlarımıza yaxından
tanıtmaqda mənim də payım var.
Bir qədər Bakıda istirahət etdikdən, dost-tanışla görüşüb ürək dolusu söhbətləşəndən sonra güman edirəm ki, yenə də gənclərin arasında olacağam. Gördüyünüz kimi, ahıllıq planlarımı həyata keçirməkdə heç də mənə mane olmur. Hamıya şərəfli, mənalı ömür, cansağlığı arzulayıram.
İradə Əsədova
Mədəniyyət.- 2010.- 6 oktyabr.-
S. 12.