«Skal Bakı»nın növbəti
toplantısı keçirildi
Oktyabrın 1-də «Sun Bise» hotelində «Skal
İnternational» beynəlxalq turizm təşkilatının
Bakı klubunun növbəti, 5-ci toplantısı
keçirildi. Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin
Daxili turizmin
inkişafı sektorunun müdiri
Mahir Qəhrəmanov, Xarici
turizm sektorunun müdiri Səbinə Zadayeva,
tədqiqat işləri, statistika və
lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, BMT-nin turizm-inkişaf layihəsinin
milli koordinatoru Faiq Qürbətov, ölkəmizdə fəaliyyət
göstərən aparıcı hotel və
turizm şirkətlərinin rəhbərləri,
media nümayəndələri iştirak edirdilər.
Toplantını giriş sözü ilə açan «Skal İnternational Baku»nun rəhbəri Ruslan Quliyevin təklifi ilə iştirakçılar bir müddət əvvəl dünyasını dəyişmiş «Skal İnternational»ın baş katibi Jim Powerin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra R.Quliyev klubun 4-cü toplantısından sonra görülən işlər barədə hesabat xarakterli çıxış etdi.
Klub rəhbəri ilk olaraq «Skal Bakı»nın Antalya və İstanbul skalçıları ilə möhkəmləndirilən əlaqələrindən danışdı. Onun sözlərinə görə, bu əlaqələr Azərbaycan turizminə divident gətirəcək: «Bu sahədə növbəti hədəfimiz Avropa ölkələrinin skal klubları ilə əməkdaşlığı gücləndirməkdir».
R.Quliyev bildirdi ki, «Skal İnternational»ın 75-ci Budapeşt konfransı zamanı türkiyəli skalçılarla azərbaycanlı tələbələrin Türkiyədə təcrübə keçməsi məsələsi müzakirə edilib. Nəticə olaraq isə Azərbaycan Turizm İnstitutunun 10 nəfər tələbəsi bu ölkənin hotellərində yay müddətində təcrübə keçib. Onun sözlərinə görə, Türkiyə skalçıları ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu ölkənin 20-yə yaxın skal klubunun liderləri ölkəmizə səfərə dəvət ediliblər: «Bu əlaqələrin genişləndirilməsi ikitərəfli əhəmiyyət daşıyır. İlk növbədə Azərbaycana turist axınının yaranması baxımından Turkiyənin turizm sektorunun nümayəndələri ilə əməkdaşlığın möhkəmləndirilməsi vacibdir. Eyni zamanda skal üzvü olan hotellərin və aviaşirkətlərin mövcud endirimlərdən istifadə etmək imkanı yaranır».
R.Quliyev bildirdi ki, «Skal Bakı» «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin «Azərbaycanda yeni turizm marşrutlarını kəşf edək» devizi altında həyata keçirdiyi layihələrdə yaxından iştirak edir.
Hazırda «Skal Bakı»nın 37 nəfər üzvünün olduğunu deyən klub rəhbərinin sözlərinə görə, dünyanın heç bir ölkəsinin skal klubunun az vaxt içərisində bu qədər üzvü olmayıb: «İndi xarici iş adamlarının klubumuza nəinki üzvlük, hətta idarə heyətində təmsil olunması məsələsi müzakirə edilir. Çünki bu insanların bəziləri ölkəmizdə fəaliyyət göstərən aparıcı hotellərin rəhbərləridir və onların turizm sahəsində böyük təcrübələri var. Məqsədimiz turizm sahəsində çalışan hər bir insanın öz məhsulunu skal vasitəsilə dünya bazarına çıxara bilməsinə və bunun nəticəsində də Azərbaycanın turizm potensialının tanıdılmasına nail olmaqdır».
Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirdi ki, skal klubları turizm sənayesində çalışan insanların toplaşdığı, qarşılıqlı əməkdaşlıq etdiyi bir qurumdur. Adətən bu klubların üzvlərinin çox geniş əlaqələri olur. Rektor «Skal Bakı»nın üzvlərindən öz əlaqə və imkanlarından istifadə edərək institutun tələbələrinin xarici ölkələrdə təcrübə keçməsinə kömək etmələrini xahiş etdi: «Ölkəmizdə çoxsaylı hotellər tikilməkdədir. Nəzərə almaq lazımdır ki, bu hotellərdə çalışmaq üçün ixtisaslı kadrlara böyük ehtiyac olacaq. Bu ehtiyacın ödənməsi məqsədilə hazırda ölkə başçısının göstərişi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir çox işlər görülür». O, institutun fəaliyyəti ilə yaxından tanış olmaq üçün Bakı klubunun üzvlərinə qurumun növbəti toplantısını ATİ-də keçirməyi təklif etdi.
Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov isə kluba yeni icraçı direktorun təyinatı məsələsindən danışdı və bildirdi ki, yeni direktor həm turizm sahəsini yaxşı bilməli, həm də bir neçə xarici dildə mükəmməl danışmağı bacarmalıdır. Sektor müdiri onu da dedi ki, icraçı direktor skal üzvü olmaya da bilər.
Sonda «Skal İnternational»ın Bakı klubuna yeni icraçı direktorun təyin olunması məsələsi müzakirə edildi və klub üzvlərinə öz namizədlərini təklif etmək tövsiyə olundu. Verilən təkliflər müzakirə olunmaqla, klubun növbəti toplantısında icraçı direktorun təyin olunması qərara alındı.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 6 oktyabr.-
S. 9.