Yapon turistlərin Azərbaycana marağı artır

 

  Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən 26-dək Yaponiyanın Tokio şəhərində “JATA-2010” Beynəlxalq Səyahət Sərgisi keçirilib. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Ümumi şöbəsinin müdiri Əli Rəsulov, Turizm şöbəsinin Xarici turizm sektorunun aparıcı məsləhətçisi Kəmalə Həsənova, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Cəlil Məlikov və “Cəngi” ansamblının rəqs qrupu təmsil edib.

   Kəmalə Həsənovanın dediyinə görə, “JATA-2010” sərgisində 130 ölkədən rəsmi turizm qurumları, turizm şirkətləri, avia şirkətlər və mehmanxanalar öz məhsullarını nümayiş etdirib. Sərgi müddətində Azərbaycanın turizm imkanlarını əks etdirən lövhəyə böyük ziyarətçi marağı olub: “Azərbaycana səfər etmək marağında olanlara ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında məlumatlar verdik. Eyni zamanda ingilis və yapon dillərində ölkəmizin turizm potensialını təbliğ edən müxtəlif reklam-çap məhsullarını ziyarətçilərə təqdim etdik. Sərgi zamanı həmçinin Azərbaycanın turizm potensialını əks etdirən filmlər, reklam çarxları ziyarətçilərə nümayiş etdirilirdi və milli musiqimiz səsləndirilirdi».

   K.Həsənovanın sözlərinə görə, nazirliyin nümayəndə heyəti ilə birgə həmin sərgidə «İmprotex Travel», «Khazar Travel», «Al Travel», «ENC TOURS» şirkətlərinin və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri də iştirak edib: «Azərbaycan şirkətləri ilə birgə turların təşkil edilməsi məqsədilə bizə müxtəlif ölkələrin turizm şirkətləri müraciət edirdi. Onlara ölkəmizin turizm imkanları haqqında ətraflı məlumatlar verilirdi. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri onlardan davamlı əməkdaşlıq barədə təkliflər də aldılar. Onu da qeyd edim ki, sərgidə GUAM vahid turizm məhsulunun yaradıcıları vahid lövhə ilə təmsil olunmuşdular».

   Sentyabrın 26-da Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə GUAM vahid turizm məhsulunun yaradılması üzrə təqdimata dair seminar keçirilib. Seminarda GUAM-a üzv ölkələrin rəsmi turizm qurumlarının nümayəndələri, Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn, Gürcüstanın Yaponiyadakı səfiri R.Beşidze, Ukraynanın Yaponiyadakı səfirliyinin nümayəndələri, GUAM Katibliyinin proqram əlaqələndiricisi Səbuhi Temirov, Yaponiyanın 15 turizm agentliyinin təmsilçiləri, Tokio Beynəlxalq Mərkəzinin rəsmisi Kimur Xironori iştirak edib. Tədbirdə GUAM üzvü olan ölkələrin turizm imkanlarına dair, həmçinin Türk Hava Yollarının GUAM ölkələrinə uçuşları barədə təqdimatlar keçirilib. Tədbirin sonunda GUAM vahid turizm məhsulunun gələcək inkişafına dair müzakirələr aparılıb.

   K.Həsənova onu da bildirdi ki, sərgidə Gürcüstanın lövhəsində təmsil olunan Ermənistanın “ArminTour” şirkəti tərəfindən ziyarətçilərə paylanılan reklam-çap məhsullarında yapon dilində Dağlıq Qarabağı erməni ərazisi kimi təqdim eldən məlumatlar aşkar edilib. Azərbaycan nümayəndə heyətinin və ölkəmizin Yaponiyadakı səfirliyinin birgə səyi nəticəsində həmin reklam-çap məhsullarının paylanılmasının qarşısı alınıb.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 6 oktyabr.- S. 9.