Azərbaycan-İran mədəni
əməkdaşlığında yeni üfüqlər
Qonşu ölkədə keçirilən Azərbaycan Mədəniyyəti
Günləri bu əməkdaşlığın möhkəmlənməsinə
mühüm töhfə oldu
Sentyabrın 25-dən 30-dək İran İslam
Respublikasında keçirilən Azərbaycan Mədəniyyəti
Günləri bu ilin ən yaddaqalan mədəniyyət hadisələrindən
biri kimi tarixə düşdü.
Ölkəmiz müstəqillik
qazandıqdan sonra ilk dəfə idi ki, İranda Azərbaycan Mədəniyyəti
Günləri keçirilirdi. Tədbirin yüksək səviyyədə
təşkil olunması iki ölkə arasındakı dostluq və
əməkdaşlıq münasibətlərinin, Azərbaycan
və İran rəhbərliyinin qarşılıqlı tərəfdaşlığa
və mehriban qonşuluğa verdikləri önəmin bariz təzahürüdür.
Bu əlamətdar hadisə, eyni zamanda, iki ölkə
arasında qədim mədəniyyət
körpüsünün daha da möhkəmlənməsi, iki ölkənin
mədəniyyət mübadiləsinin yeni müstəviyə
qədəm qoyması deməkdir...
İrandakı Azərbaycan Mədəniyyəti
Günlərində ölkəmiz mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə
geniş nümayəndə heyəti ilə təmsil olunurdu.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, professor Nizami Cəfərov,
Naxçıvan Muxtar Respublikasının mədəniyyət
və turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov,
Xalq rəssamı Ağəli İbrahimov, şairlər Taleh
Həmid, Adil Cəmil, sənətçilərimiz, mədəniyyət
və incəsənət xadimlərinin böyük bir qrupu
iştirak edirdi.
26-27 sentyabr. Yaddaqalan görüşlər
Sentyabrın 26-da Tehranda mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik
etdiyi rəsmi nümayəndə heyəti İranın
İslam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd
Hüseyni və İran Prezidentinin müavini, Turizm, Mədəni
İrs və Əl Sənayesi Təşkilatının sədri
Həmid Bəqayi ilə görüşdü. Səmimi
görüşə və yüksək qonaqpərvərliyə
görə təşəkkürünü bildirən mədəniyyət
və turizm naziri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
salamlarının qonşu və qardaş İran xalqına
çatdırılmasını M.Hüseynidən xahiş
etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra İranda ilk dəfə Azərbaycan Mədəniyyəti
Günlərinin keçirildiyini diqqətə
çatdıran nazir buna görə İran tərəfinə
təşəkkürünü bildirdi və
qarşılıqlı mədəni tədbirlərin əhəmiyyətindən
danışdı. Mədəniyyət Günlərinin Tehran və
Təbriz şəhərlərində keçiriləcəyini
diqqətə çatdıran nazir əmin olduğunu bildirdi
ki, növbəti belə mərasimlərin İranın digər
şəhərlərində - Ərdəbildə,
İsfahanda da təşkil olunmasına şərait
yaradılacaq. Nazir vurğuladı ki, qarşılıqlı
mədəni tədbirlər əsrlər boyu birgə
yaşamış xalqlarımızın daha sürətlə
bir-birinə yaxınlaşması prosesinə böyük
töhfə olacaq.
H.Bəqayi ilə görüşdə
Azərbaycanla İran arasında turizm əlaqələrinin
inkişaf perspektivləri müzakirə edildi, hər il
İrandan Azərbaycana gələn turistlərin
sayının əvvəlki illə müqayisədə təxminən
on faiz artdığı bildirildi.
Görüşlərdə kino
istehsalı, kino kadrlarının hazırlanması, kitab və
rəsm sərgilərinin təşkili, görkəmli ədiblərin
əsərlərinin Azərbaycan və fars dillərinə
qarşılıqlı tərcüməsi və digər məsələlərə
dair geniş fikir mübadiləsi aparıldı.
Sentyabrın 27-də nazir Əbülfəs
Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti
İran Prezidentinin müşaviri, Mədəni və
İslami Əlaqələr Təşkilatının sədri
Mehdi Mustafəvi ilə görüşdü.
Görüşdə Azərbaycan ilə İran arasında mədəniyyət
sahəsində əlaqələrin hazırkı vəziyyəti
və perspektivləri müzakirə edildi. Qeyd olundu ki, bu sahələrdə
əlaqələrin daha sürətlə inkişaf etdirilməsi
üçün geniş imkanlar mövcuddur və onlardan yetərincə
istifadə edilməlidir.
Görüşdə İranla Azərbaycan
arasında 2013-cü ilə qədər mövcud olan mədəni
əməkdaşlıq haqqında protokolun icrası ilə əlaqədar
xüsusi işçi qrupunun yaradılması barədə
razılıq əldə olundu. 2010-cu ildə İranda
keçirilmiş “Fəcr” Beynəlxalq Kino və Teatr
Festivallarında Azərbaycan tərəfin fəal iştirak
etdiyi vurğulandı. Xalqlarımızın ortaq bayramı olan
Novruz bayramının UNESCO tərəfindən qeyri-maddi irs
siyahısına daxil edilməsi əlamətdar hadisə kimi
qeyd olundu.
27 sentyabr, Tehran,
“Niyavəran” Sarayı. Bu da bir tarixdir
Sentyabrın 27-də
Tehrandakı “Niyavəran” Mədəniyyət Sarayında Azərbaycan
Mədəniyyəti Günlərinin təntənəli
açılış mərasimi oldu. Mərasimdə
Azərbaycan və İran rəsmiləri, səfirlər,
Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatların
və Azərbaycanın ayrı-ayrı dövlət
qurumlarının İrandakı təmsilçiləri,
ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Açılış
mərasimində çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev İranda Azərbaycan
Mədəniyyəti Günlərinin keçirilməsinin əhəmiyyətindən
bəhs edərək bildirdi ki, belə mərasimlərin
qarşılıqlı təşkili Azərbaycan və
İran xalqları arasında mövcud olan tarixi kökləri
daha da möhkəmləndirir. Müştərək
tarixə, mədəniyyətə və dini
bağlılığa malik olan Azərbaycan və İran
xalqlarının hazırkı münasibətlərinin
yüksək səviyyədə olduğunu diqqətə
çatdıran nazir qeyd etdi ki, dövlətlərimiz
arasında qarşılıqlı etimadın yaranmasında
ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri
olub. Bu mehriban qonşuluq və səmimi
dostluq siyasəti prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan və
İran prezidentləri arasındakı səmimi dostluq iki
ölkənin əlaqələrinin hərtərəfli
inkişafına zəmin yaradır.
Nazir
çıxışında bildirdi ki, Azərbaycan
xalqının görkəmli şəxsiyyətləri öz
yaradıcılıqları ilə zaman-zaman dünya mədəniyyəti
xəzinəsinə böyük töhfələr veriblər
və bu gün də dekorativ-tətbiqi, miniatür, rəngkarlıq,
memarlıq və heykəltəraşlıq kimi sənət
sahələrində bu ənənələr mövcuddur.
Nazir görüşdə
xüsusi olaraq nəzərə çatdırdı ki, Ermənistanın
Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar
siyasəti, torpaqlarımızın işğalı nəticəsində
qədim abidələrimiz, memarlıq nümunələri qəsbkarlar
tərəfindən məqsədli şəkildə məhv
edilir, qəbiristanlıqlar dağıdılır, məscidlər
və ibadətgahlar təhqirlərə məruz qalır. Qeyd olundu ki, Ermənistanın bu siyasəti Azərbaycan
və İran xalqlarının tarixinə və mədəniyyətinə
qarşı təhqirdir.
Mərasimdə
çıxış edən İranın İslam
irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd
Hüseyni və İran prezidentinin müşaviri, Mədəni
və İslami Əlaqələr Təşkilatının sədri
Mehdi Mustafəvi ölkələrimiz arasında mədəni əlaqələrin
tarixindən və bugünündən danışaraq qeyd
etdilər ki, mədəni münasibətlərin
inkişafı xalqlarımızın qədim və müasir
mədəniyyətinin, dövlətlərimizin qüdrətinin
nümayişidir.
Rəsmi hissədən
sonra incəsənət ustalarımız geniş və rəngarəng
konsert proqramı ilə çıxış etdilər.
Milli musiqimizin gözəlliyi, təkrarsızlığı
və ecazkarlığı tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı. Azərbaycan
Dövlət Kamera Orkestrinin müşayiəti ilə
vokalçılar - əməkdar artistlər Samir Cəfərov
və Anar Şuşalı klassik musiqi əsərlərimizdən
nümunələr ifa etdilər. Xalq
artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar
Bayramovun ifasında muğamlarımız səsləndi.
“Qarabağ şikəstəsi” zalda xüsusi
canlanma yaratdı və tamaşaçılar tərəfindən
ayaq üstə alqışlandı.
Musiqiçilərimizi əməkdar
artistlər- udda Mircavad Cəfərov, tarda Elçin Həşimov,
kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov
müşayiət etdilər.
Azərbaycan Dövlət Mahnı
və Rəqs Ansamblının rəqs qrupu "Toy",
“İgidlər” və “Çobanlar” rəqslərini yüksək
peşəkarlıq və ustalıqla nümayiş etdirərək
qədim və bitkin kompozisiyalı Azərbaycan rəqslərinin
incəliyini bir daha nəzərə çatdırdılar. Aşıq Nemət Qasımovun ifa etdiyi qədim saz
havaları tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
Bir sözlə, Azərbaycan
musiqisi, incəsənəti və mədəniyyəti,
dünyanın hər yerində olduğu kimi, bu konsert
proqramında da öz sözünü dedi.
Sonra mərasim
iştirakçıları “Niyavəran” sarayının
salonlarında təşkil olunan kitab, rəsm və turizm sərgilərinə
tamaşa etdilər.
28 sentyabr, Təbriz.
“Qarabağ
şikəstəsi” zalı ayağa qaldırdı
Sentyabrın 28-də
Mədəniyyət Günlərinin
iştirakçısı olan bir qrup sənətçi Təbriz
şəhərinə gəldilər. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Təbrizdə
İranın Şərqi Azərbaycan vilayətinin
başçısı Əhməd Əlirza Beygi ilə
görüşdü.
Görüşdə
Azərbaycan ilə İran arasında mədəniyyət və
turizm sahəsində əlaqələrin genişləndirilməsi
perspektivləri müzakirə edildi, bu məsələdə
iki ölkənin sərhəd bölgələrinin
imkanlarına dair fikir mübadiləsi aparıldı.
Əlirza Beygi vurğuladı ki,
İran dövləti Azərbaycanı dost və qardaş
ölkə hesab edir: “Bizim xalqlarımızın xüsusiyyəti
və davranışları eynidir, demək olar ki fərqli
xüsusiyyətlərə malik deyilik. Bunun
üçün də Azərbaycan ilə əməkdaşlıq
bizim üçün zəruridir”.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev hər iki ölkənin
xalqlarının mədəni və tarixi əlaqələrinin
doğma və dərin olduğunu bildirdi: “Hər iki ölkənin
şairləri həm Azərbaycan dilində, həm də fars
dilində şeirlər yazıblar”.
Azərbaycan Mədəniyyəti
Günləri Təbrizdə də konsert proqramı ilə
müşayiət olundu. Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev, İranın Şərqi Azərbaycan
vilayətinin başçısı Əlirza Beygi, ölkəmizin
İrandakı səfiri Cavanşir Axundov, Azərbaycanın Təbrizdəki
baş konsulu Əli Əlizadə də
tamaşaçılar arasında idilər. Konsert
şairlər Taleh Həmid və Adil Cəmilin dostluğu, məhəbbəti
tərənnüm edən şeirləri ilə
başladı. Aşıq Nemət Qasımovun sazda
ifası, əməkdar artistlər- Elçin Həşimov
(tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun
(nağara) müşayiəti ilə Xalq artisti Mənsum
İbrahimov və Əməkdar artist Təyyar Bayramovun birlikdə
oxuduqları “Qarabağ şikəstəsi” ayaq üstə
alqışlandır. Bu, Azərbaycan musiqisinə,
mədəniyyətinə verilən ən böyük dəyər
idi.
29 sentyabr, Tehran.
Gülə qərq olmuş səhnə
İranda Azərbaycan
Mədəniyyəti Günləri sentyabrın 29-da Tehranda təşkil
edilmiş zəngin konsert proqramı ilə yekunlaşdı.
Tədbirdə əvvəlcə Elçin
Musaoğlunun “Qırxıncı qapı” filmi nümayiş
olundu.
Sonra şairlər
Taleh Həmid və Adil Cəmil öz yaradıcılıqlarından
nümunələr söylədilər. Dövlət
Kamera Orkestri bədii rəhbər və baş dirijor, Xalq
artisti Teymur Göyçayevin dirijorluğu ilə
Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, M.Mirzəyevin əsərlərini
ifa etdi. Orkestrin müşayiəti ilə əməkdar
artistlər Samir Cəfərov və Anar Şuşalı
Ü.Hacıbəylinin və T.Quliyevin mahnılarını
xüsusi peşəkarlıqla ifa etdilər. Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artist
Təyyar Bayramovun ifasında səslənən
muğamlarımız tamaşaçıların xüsusi
coşqusuna səbəb oldu.
Konsert bəstəkar
Rauf Hacıyevin böyük şairimiz Səməd Vurğunun
sözlərinə bəstələdiyi “Azərbaycan”
mahnısı ilə yekunlaşdı. Tamaşaçılar
bu mahnını ayaq üstə musiqi kollektivi ilə birlikdə
oxudular.
Səhnə
çiçəklərə qərq oldu. Tamaşaçılar səhnəni çiçək
dəstələrinə, gül çələnglərinə
qərq etdilər.
İranda Azərbaycan
Mədəniyyəti Günləri başa çatdı.
İki ölkə arasında mədəniyyət
körpüsü daha da möhkəmləndi. Əminik
ki, mədəniyyət körpüsündən keçib
bir-birimizin qapısını daha tez-tez döyəcəyik...
İntiqam Hümbətov,
“Mədəniyyət”
qəzetinin baş redaktoru
Bakı-Tehran-Təbriz-Tehran-Bakı
Mədəniyyət.-
2010.- 6 oktyabr.- S. 8.