Tanınmış
kaman ustasının yubileyi
qeyd olunub
Beynəlxalq Muğam Mərkəzində
tanınmış kaman ustası, Milli Konservatoriyanın
professoru, Xalq artisti Fəxrəddin Dadaşovun 60 illiyi qeyd
edilib.
Məkəzin foyesində Fəxrəddin
Dadaşovun 44 illik sənət yolunu əks etdirən fotosərgi
nümayiş etdirilib. Tədbirin əvvəlində göstərilən
videogörüntüdə kaman ustasının vaxtilə
müşayiət etdiyi muğam ustaları - xalq artistləri
Yaqub Məmmədov, Əbülfət Əliyev, Alim
Qasımovun ifaları, xalq artistləri Arif Məlikov, Habil Əliyev,
Firəngiz Əlizadənin yubilyar haqqında ürək
sözləri səsləndirilib.
Tədbirdə Baş nazirin
müavini Elçin Əfəndiyevin, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın Rusiya
Federasiyasındakı səfiri Polad Bülbüloğlunun Fəxrəddin
Dadaşova ünvanladıqları təbrik teleqramları
oxunub.
Milli Konservatoriyanın rektoru bəstəkar
Səyavuş Kərimi, Xalq artisti, bəstəkar Tofiq
Bakıxanov, teatrşünas İlham Rəhimli və
başqaları F.Dadaşovun fəaliyyətə
başladığı Əhməd Bakıxanov adına Azərbaycan
Dövlət xalq çalğı alətləri ansamblı
ilə birgə getdiyi qastrol səfərlərində Azərbaycan
muğamını dünyaya tanıtdığını
vurğulayıb, indi də bu sənətin incəliklərini
səbirlə tələbələrinə öyrətdiyini
bildiriblər.
Qeyd edilib ki, F.Dadaşovun əməyi
yüksək qiymətləndirilmiş, O, Prezident İlham Əliyevin
sərəncamı ilə “Xalq artisti” fəxri adına və
Prezidentin fərdi təqaüdünə layiq
görülmüşdür.
Tədbirdə xalq artistləri
Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət
Teymurova, Əməkdar artist Firuz Səxavət və
başqaları çıxış ediblər.
Sonda F.Dadaşov tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib, kamanda bir sıra musiqi nömrələri səsləndirib.
Mədəniyyət.-
2010.-6 oktyabr.- S. 6.