Moskvada MDB dövlətlərinin Mədəni Əməkdaşlıq Şurasının yubiley iclası keçirilib

 

  Oktyabrın 4-də Moskvadakı Tretyakov Qalereyasında Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının XXV yubiley iclası keçirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə iştirak edib.

 

   Forum iştirakçıları MDB ölkələrinin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığının inkişafına dair 20-yə yaxın mühüm məsələni müzakirə ediblər.

   O cümlədən bu ilin may ayında Moskvada keçirilən qeyri-rəsmi sammitdə qəbul edilmiş “MDB-də humanitar sahədə tədbirlərin 2011-ci və 2012-ci illər üçün tematikası barədə qərar” haqqında məlumat dinlənilib.

   Həmin qərara əsasən 2011-ci il MDB-də Tarixi-Mədəni İrs İli, 2012-ci il isə İdman və Sağlam Həyat Tərzi İli olacaq. MDB üzvü olan dövlətlərin hökumətlərinə, sahəvi əməkdaşlıq üzrə orqanlara və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna tapşırılmışdı ki, müvafiq tədbirlərin keçirilməsini nəzərdə tutsunlar. Məlumatda MDB ölkələrindən daxil olmuş təkliflər şərh edilib.

   Şura üzvləri “Birliyin Mədəni Paytaxtları” layihəsini də nəzərdən keçirib. Bu layihədə mədəni resursların hər il MDB ölkələrinin bir şəhərində cəmləşdirilməsi əsasında həmin ərazini intensiv humanitarinfrastruktur inkişafın vasitəsinə çevirəcək zəngin və rəngarəng beynəlxalq mədəni proqramın hazırlanması nəzərdə tutulub. Bu tədbirlər dövlətlərin mədəni potensialını birləşdirməyə, əlaqələrini genişləndirməyə, inteqrasiyanı daha da gücləndirməyə kömək edəcək, iqtisadisiyasi əməkdaşlıq üçün əlverişli şərait yaradacaq, ayrı-ayrı şəhərləri və ölkələri inkişaf etdirəcək, beynəlxalq aləmdə MDB-nin statusunu yüksəldəcək, mədəniyyətlərarası dialoqa kömək edəcək.

   İclasda MDB dövlətlərinin mədəni irsi sayılan obyektlərdə bərpa və arxeologiya işlərində gənclərin iştirakı məsələsi ayrıca blok kimi müzakirə edilib. Gənclərin bu cür işlərə cəlb edilməsinin vacibliyi UNESCO-nun 2008-2013-cü illər üçün ortamüddətli strategiyasında qeyd edilir. Müvafiq müddəa Birlik dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığı Konsepsiyasının layihəsinə də daxil edilib. Bununla əlaqədar, MDB ölkələrində bərpa edilməsinə ehtiyac olan tarixi-mədəni irs obyektlərinin siyahısını tərtib etmək və artıq 2011-ci ildən başlayaraq bir neçə tələbə dəstəsi təşkil etmək təklif olunur.

   Dünya mədəni irsinin qorunub saxlanması ilə əlaqədar bir məsələ də müvafiq mərkəzin yaradılması konsepsiyasının işlənib hazırlanması olacaq. Bu barədə təklif 2011-2012-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planına daxil edilmişdir. Mərkəzin yaradılması UNESCO konvensiyalarının müddəalarının həyata keçirilməsi ilə əlaqədar tədbirlərin gerçəkləşdirilməsi zərurətindən irəli gəlir. Mərkəz Dünya Mədəni İrsi siyahısına daxil edilmiş abidələr üzrə vaxtaşırı hesabatlar hazırlamaqla məşğul olacaq, həmin abidələrin qorunub saxlanması üzrə aparacaq, konfranslar və tədris seminarları təşkil edəcək, abidələrin bərpası işində yeni materialların və texnologiyaların tətbiqinə dair elmi-metodik tövsiyə və metodikalar hazırlayacaq, aktual problemlərə dair məruzələrdən ibarət məcmuələr, turistlər üçün reklam materialları dərc edəcək.

   Şura iclasının iştirakçıları mədəniyyət sahəsində əməkdaşlıq, mədəniyyət və incəsənət sahəsində təhsilin inkişafı konsepsiyalarının layihələri, “Birliyin günbəzləri: kitabxanalar” layihəsi, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üzrə təşəbbüslər, 1941-1945-ci illərin Böyük Vətən Müharibəsi Veteranları İlinə hazırlıq və onun keçirilməsi üzrə əlavə tədbirlər və bir sıra başqa məsələləri müzakirə ediblər.

  

   “Azərbaycan Soçi Olimpiadasının mədəniyyət proqramında məmnuniyyətlə iştirak edər”

  

   “Azərbaycan 2014-cü ildə Soçidə keçiriləcək Olimpiadanın mədəniyyət proqramında məmnuniyyətlə iştirak edərdi”. Bu fikri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 4-də Moskvada MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının toplantısından sonra “İTAR-TASS” agentliyində keçirilən mətbuat konfransında bildirib.

   Nazir jurnalistlərin “MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının Soçidə keçiriləcək 2014-cü il Qış Olimpiadası ilə bağlı birgə planları varmı” sualını cavablandırarkən bildirib ki, 2012-2013-cü illərdə Azərbaycanda Şahdağ dağ xizək kurortu inşa ediləcək. Bu kurort ildə 5 min turisti qəbul etmək imkanına malik olacaq: “Ümid edirəm ki, müxtəlif ölkələrin nümayəndə heyətləri öz idmançılarını oyunlara hazırlamaq məqsədi ilə bu kurortdan istifadə edəcək”.

 

 

  Mədəniyyət.- 2010.- 6 oktyabr.- S. 3.