Memarlıq
tariximizin görkəmli siması:
Mikayıl
Hüseynov
Avropa
və Asiyanın qovşağında yerləşən
ölkəmiz, mədəniyyətin digər sahələrində
olduğu kimi, dünya memarlıq xəzinəsinə də
mühüm töhfələr verib. Görkəmli sənətkarlarımız
dünya memarlığının ən
yaxşı ənənələri ilə milli
xüsusiyyətləri, Şərq, İslam
memarlıq üslubunu sintez
edən möhtəşəm əsərlər yaradıblar.
Nəticədə Azərbaycan memarlıq məktəbi təşəkkül tapıb. Bu məktəbin parlaq simalarından biri də Mikayıl Hüseynov (1905-1992) idi. Dünən, oktyabrın 7-si böyük sənətkarın xatirə günüydü.
O, 1905-ci il aprelin 19-da Bakıda anadan olub. İndiki Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini
bitirib. İlk işləri mədəni-məişət
binalarının layihələri
olub. Onun layihələri əsasında
Bakıda, Gəncədə,
Naxçıvanda, respublikanın
digər şəhər
və rayonlarında binalar tikilib. Çəkdiyi zəhmət yüksək
dəyərləndirilib, Dövlət
mükafatına layiq görülüb. Çox keçmir,
sənətkarın şöhrəti
nəinki respublikanın,
keçmiş Sovet İttifaqının da hüdudlarını aşır.
Mikayıl Hüseynovun layihələşdirdiyi
tikililər milli memarlıq üslubu ilə seçilib. Şərq və Qərb memarlıq məktəbinin
sintezindən yararlanaraq
əzəmətli yaşayış
və ictimai binaların layihələrini
hazırlayıb. Onlardan
bu gün Bakının yaraşığı
olan Hökumət Evini, Bakı Musiqi Akademiyasının, M.F.Axundov adına
Milli Kitabxananın, Milli Elmlər Akademiyasının binalarını
göstərmək olar.
Bu yerdə
haşiyə çıxaraq
Hökumət Evinin inşası ilə bağlı bəzi maraqlı məqamları diqqətə çatdırmaq
istərdik.
1934-cü ildə Bakıda respublikanın nazirlik və dövlət komitələrinin yerləşəcəyi
binanın - Hökumət
Evinin layihəsi ilə bağlı ümumittifaq müsabiqəsi
elan edilir. Müsabiqəyə SSRİ Memarlar Akademiyasının
həqiqi üzvü L.V.Rudnev, gənc memar Mikayıl Hüseynov və başqalarının müəllif
olduğu layihələr
təqdim olunur. Qiymətləndirmə prosesi uzun sürür və 1939-cu ildə müsabiqəni yekunlaşdırmaq məqsədilə
son toplantı keçirilir.
İclasda Mircəfər Bağırov
başda olmaqla, respublikanın bütün
rəhbərliyi iştirak
edirdi. Layihələrin müsbət və
mənfi cəhətləri
müzakirə olunur.
Onu da qeyd edək ki, memar
Mikayıl Hüseynov Kommunist Partiyasının üzvü olmayıb.
İclasda bu faktı qabardan respublika xalq daxili işlər
komissarı (naziri) Stepan Yemelyanov Mikayıl Hüseynovun təqdim etdiyi layihədə sovet dövlətinin qurucusu V.İ.Leninin heykəlinin binanın aşağı
hissəsində (indiki
Azadlıq meydana baxan postament üzərində) yerləşdirilməsinə
etirazını bildirir.
O, M.Bağırova müraciətlə
deyir:
- Yoldaş Bağırov, başa düşmürəm, nə
üçün memar
M.Hüseynov proletariatın
dahi rəhbəri V.İ.Leninin heykəlinin binanın aşağı
hissəsində qoyulmasını
təklif edir. O, bununla nə demək istəyir? Axı bina çoxmərtəbəli
olmaqla, həm də çox əzəmətli olacaq.
Belə olan halda V.İ.Lenin
yoldaşın heykəlini
binanın aşağı
hissəsində yerləşdirməkdə
hansı məqsədi
güdür?
Bu sözlərdən
sonra salon sükuta qərq olur. Hamının nəzərləri Mikayıl Hüseynova dikilir. Yaranmış
sükutu M.Bağırov
pozur və deyir:
-Yoldaş Hüseynov, sizə tutulan irad çox
ciddidir. Bu barədə
nə deyə bilərsiniz?
O, dərhal ayağa qalxır və təmkinlə deyir:
- Dahi rəhbər V.İ.Leninin
heykəlinin binanın
aşağı hissəsində
qoyulmasını bilərəkdən
təklif edirəm (Bu
sözlərdən sonra
vəziyyət bir az da gərginləşir). Çünki proletariatın rəhbəri
V.İ.Lenin yoldaş heç vaxt zəhmətkeşlərdən uzaq olmayıb. Ona görə də layihəmdə heykəlin
kütləyə daha
yaxın yerdə qoyulmasını nəzərdə
tutmuşam.
M.Bağırov
gənc memarın bu cavabından sonra ona heç
bir söz demir. Ancaq baxışlarından
hiss olunur ki, cavabdan razı qalıb. Sonra üzünü S.Yemelyanova
tutub deyir:
- Yoldaş Yemelyanov, cavab sizi qane etdimi?
Əlavə sualınız yenə
varmı?
Gənc memarın gözlənilməz
cavabından o, bir az tutulur.
Ancaq özünü ələ alır və deyir:
- Yoldaş Bağırov, bu gənc memar çox ağıllı və məntiqli cavab verdi.
Onunla razılaşmamaq düzgün
olmazdı.
1941-ci ildə Böyük Vətən müharibəsinin
başlanması ilə
əlaqədar Hökumət
Evinin inşası dayandırılır. Müharibədən sonra bina tikilib
istifadəyə verilir.
Respublikamızda ucalan möhtəşəm
binalarla yanaşı,
memar Düşənbədə,
Moskvada da Şərq milli koloritli və ornamentləri ilə seçilən bənzərsiz
tikililərin müəlifidir.
Bakıdakı Nizami adına Milli
Azərbaycan Ədəbiyyatı
Muzeyinin binası isə memarın şah əsərlərindəndir.
Dünya şöhrətli memar, alim və
pedaqoq Mikayıl Hüseynov Azərbaycan memarlığının inkişafı
yolunda müstəsna xidmətlər göstərib.
Bu xidmətlərinə görə
Azərbaycanın, keçmiş
SSRİ-nin ən yüksək mükafatlarına,
orden və medallarına, “Sosialist Əməyi Qəhrəmanı”
adına layiq görülüb. O,
1992-ci il oktyabrın 7-də dünyasını
dəyişən görkəmli
sənətkarın əsərləri
memarlıq və incəsənət tariximizdə
hər zaman layiqli yer tutacaq.
Savalan Fərəcov
Mədəniyyət.-
2010.- 8 oktyabr.- S. 15.