Çətən sənəti

 

   Torpağımızın qamışı da mədəni zənginliyimizdən xəbər verir

  

   Hazırda dövlət muzeylərində dəyərli eksponat kimi qorunub saxlanan xalq tətbiqi sənətinə aid nəfis incilər xalqımızın zəngin məişət mədəniyyəti tarixindən xəbər verir. Vaxtilə xalq sənət növləri sırasında özünəməxsus yer tutmuş, bu gün isə nisbətən unudulmaqda olan məişət mədəniyyəti nümunələrindən biri çətən sənətidir.

  

   Daim bataqlıqlarda, lillənmiş su hövzələrində yabanı halda bitən qamış kollarını görəndə bu bitkinin lazımsız bir kol yığını olduğunu düşünmüşük. Lakin keçmişdə tədbirli və zəhmətsevər dədə-babalarımız bizim hazırda lazımsız bilib, məhv etdiyimiz qamışdan gözəl məişət əşyaları düzəldib, istifadə ediblər.

   Çətən “çətmək” sözündən yaranıb, mənası “bağlamaq” deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün “çığ” da adlandırırlar. Çətən hörülməsində əsas material qamış bitkisidir. Keçən ildən qalmış quru qamışları yaz fəslində yığıb, təmizləyirlər. Yığılan qamışlar üzəri təmizləndikdən sonra çətən hazırlayan ustanın istəyinə görə ölçülənir, kəsilib şəkillənir və adətən qoyun yunundan alınmış ip vasitəsi ilə hörülüb bir-birinə bağlanır. İstər bəzək üçün, istər də müəyyən məqsədlər üçün istifadə olunan çətənin üzəri təbii şəkildə bitkilərdən əldə edilmiş boyalarla naxışlanır. Qədimdən çətəndən alaçıqların örtülməsi, bəzədilməsində geniş istifadə olunurdu. Çətən insanların sağlamlıqlarının keşiyində də dayanırdı. Onlar nəmişlikdən yarana biləcək xəstəlikləri önləmək üçün yaşadıqları yeri tamam qamışla örtüb, yerə çətən (həsir) döşəyirdilər. Bundan başqa, çətən indi də interyerdə dekor kimi istifadə olunan çox nəfis sənət növüdür.

   “Bu gün xalq tətbiqi sənətinin bəzi növləri kimi, çətən sənəti ilə məşğul olan sənətkarların da sayı azdır. Səbəb isə azacıq zəhmət tələb edən bu cür unikal sənəti öyrənmək istəyinin olmamasıdır”. Bu fikirlər çətən sənəti ilə peşəkar səviyyədə məşğul olan Tariyel Bəşirliyə aiddir. Dahi xalçaçı rəssam Lətif Kərimovun tələbəsi olmuş Tariyel Bəşirli ustadının sənətini layiqincə davam etdirməklə yanaşı, çətən sənəti ilə də böyük nüfuz qazanıb.

   Tariyel Bəşirli 1959-cu ildə Ağsu şəhərində anadan olub. Uşaqlıqdan rəssamlığa həvəs göstərib, sonra xalçaçı rəssam ixtisasına yiyələnib. Çətən sənətinə marağı isə onda ilk dəfə sənətşünas Kübra Əliyeva oyadıb. Daim sənətdə yeniliklər etməklə çətənin texnologiyasına, işlənmə, qamış toplama və bu kimi bir çox incəliklərinə yiyələnən rəssam özünün nəyə qadir olduğunu yüksək bacarığı və istedadı sayəsində sübut edib. Sənətkar xalqımızın minillik tarixinin təzahürü olan çətən və digər xalq sənəti nümunələrini gənclərə öyrətmək, tədris etmək üçün xüsusi tədris ocaqlarının, texniki-peşə məktəblərinin açılmasını zəruri sayır.

   Tariyel Bəşirli çətən üzərində daha çox portret janrında və süjet işləməyə üstünlük verir. Onun sadə qamış üzərində yaratdığı fəlsəfi məzmunlu sənət əsərləri insan təhtəlşüurunun ənginliklərinə enərək tamaşaçıları daxili aləmi ilə zahiri, bəşəri bağlılığa, vəhdətə səsləməkdədir.

   “Beşiyim əbədiyyətim”, “XX əsrin korifeyi”(Lətif Kərimova ithaf olunub), “Şeyx Nizami”, “Xanlıq”, “Oğuznamə”, “Füzuli”, “Qoşa qapı” və s. çətənlə işlənmiş əsərlər dəfələrlə ölkəmizdə və xaricdə sərgilənərək Azərbaycanın mədəni irsinin, xalq sənətinin gözəlliklərini nümayiş etdirib. Çünki doğma Azərbaycanımızın torpağı, daşı kimi, qamışı da zəngin tarix və mədəniyyətimizin daşıyıcısıdır.

 

  

   Eldar İbrahimoğlu

 

   Mədəniyyət.- 2010.- 8 oktyabr.- S. 15.