Tariximizin izlərini yaşadan
kitab
«Zəngəzur» romanı
Ermənistanda niyə
qadağan edilmişdi?
Ədəbi
yaradıcılığa şeirlə başlayan,
uzun müddət publisistika
ilə məşğul olan, uşaqlar üçün
maraqlı əsərlər yazan Əyyub Abbasov adlı yazıçımız olub. Ədəbiyyat tariximizə “Zəngəzur”
adlı ikicildlik roman
bəxş edib. Ötən əsrin
ortalarında vəfat edən Əyyub Abbasov
haqqında, təəssüf
ki, bugünkü nəslin
geniş məlumatı yoxdur.
Uzun müddət idi ki, bu yazıçı barədə düşünürdüm. Bu narahatlıq məni onun ədəbi irsini daha dərindən öyrənməyə vadar etdi. Vaxtilə Əyyub Abbasov haqqında yazılmış materialları, məqalələri oxudum. Yazıçılar Birliyindəki şəxsi işi ilə tanış oldum. Cəmi 52 il ömür sürmüş yazıçının həyatı çox kəşməkəşli olub. Erməni-müsəlman toqquşmasının ən tufanlı çağında - 1905-ci ildə Zəngəzur mahalının Şəki kəndində anadan olub. Valideynlərini, bacı-qardaşlarını, bütövlükdə nəsillərini bu davada itirib. Bir müddət Naxçıvanda xeyirxah insanların himayəsində yaşayıb, oxuyub və sonradan taleyini Bakıya, onun ədəbi mühitinə bağlayıb. Yarım əsrlik bir ömürdə hansı müsibətləri görməyib? Lap kiçik yaşlarından gəncliyinə kimi Zəngəzurda törədilən faciələrin şahidi olub. 1937-ci ilin qovğasını görüb. İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşub.
Əyyub Abbasovun “Zəngəzur” romanının I cildi 1956-ci ildə, II cildi 1957-ci ildə çap olunub. Elə həmin ilin dekabrında ədib vəfat edib. Onu tanıyan həmkarları ilə söhbət edərkən Əyyub Abbasovun ölümü ilə maraqlandım. “İşə gedərkən qəflətən ürəktutmasından keçinib” - dedilər. Ölümün müəmmalı olması duyulurdu. Çünki həmin illərdə xalqlar dostluğunun “carçısı” olan bəzi yazıçıların Əyyub Abbasovla bağlı şikayət məktublarını da oxumuşdum. O yazılarda bildirilirdi ki, Əyyub Abbasov erməni-azərbaycanlı dostluğuna kölgə salır...
Xəyalım yenidən Zəngəzura qanadlandı. Yadıma uşaq vaxtı evimizdə - daha doğrusu, anbar kimi istifadə etdiyimiz otaqda yerləşən qutunun içində gördüyüm bir neçə kitab düşdü. Onların arasında Əyyub Abbasovun “Zəngəzur” romanı da var idi. Uşaq marağı ilə onu oxuyarkən kitabxanaçı bacımdan xəbər aldım ki, niyə bu kitablar rəfə qoyulmayıb, qutuya atılıb? Qəribə bir cavab verdi ki, heç mən də bilmirəm. Ermənistanda bu kitabı bütün kitabxanaların fondundan çıxarmışdılar. O dövrün qanununa görə, fonddan çıxarılan kitablar akt tərtib olunaraq yandırılmalı idi. Bacım isə gizlicə onları evə gətirmişdi.
Universitetdə oxuyanda mərhum ədəbiyyatşünas alim Qulu Xəlilov bizə XX əsr Azərbaycan ədəbiyyatından dərs deyirdi. Azərbaycan romanının inkişaf tarixindən söz açan zaman Əyyub Abbasovun “Zəngəzur” romanından da ətraflı danışmış, bu əsərdə erməni və Azərbaycan xalqlarının dostluğunun geniş, epik lövhələrlə təsvir edildiyini vurğulamışdı.
Bəs onda niyə bu kitab Ermənistanda kitabxanalardan yığışdırılmışdı? O vaxtdan məni düşündürən bu suallara cavab tapmağa çalışırdım. “Zəngəzur”u təkrar oxudum. Bir daha bəzi qaranlıq mətləblər mənim üçün aydınlaşdı.
Erməni daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri qırğınlar “Zəngəzur” romanında son dərəcə ətraflı və geniş şəkildə öz əksini tapıb. Yazıçı təkcə baş verən qırğınların bədii təsvirini verməklə kifayətlənməyib, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin “haradan qaynaqlandığını” ustalıqla qələmə alıb.
“Zəngəzur”un qiymətli cəhətlərindən biri də budur ki, müəllif bu bölgədə baş vermiş hadisələrin şahidi kimi məhz öz başına gələnləri oxucuya danışır. Müəllif daşnakların alçaq niyyətlərini həyata keçirməyə can atan Andronik, Karo, Njde kimilərinin mürtəce və qaniçən əməllərini ifşa edib.
Andronik öz qoşunu ilə Zəngəzura daxil olmağa hazırlaşanda ermənilərlə görüşür və sonra belə bir qanlı plan qurur: “Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır”. Bu tayqulaq quldurun bircə məqsədi, ideyası olub və bunu da həyasızcasına bəyan edib: “Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır”. Əyyub Abbasov romanda qeyd edir ki, Andronikin cinayət hərəkətlərinə mane olmayan, əksinə, müsəlman kəndlərinin dağıdılmasında ona haqq qazandıran daşnaklar sadə erməniləri, yəni Andronikə tabe olmayanları “siz erməni deyilsiniz, millət xainisiniz, dəstəmizə qoşulmasanız, türklər sizi qıracaq” - deyə hədələyirdilər.
Andronikin Zəngəzurda törətdiyi faciələri Əyyub Abbasov gözləri ilə gördüyündən o müsibəti olduğu kimi qələmə alıb: “1919-cu ilin yazıdır. Malını, pulunu özü ilə aparmağa müvəffəq olmuş dövlətlilər istina olmaqla, Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi. Minlərlə insan səfalət içində idi. Onların əkməyə torpaqları, yeməyə çörəkləri, geyməyə paltarları yox idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. On aydan artıq idi ki, Zəngəzur qaçqınları fəlakət içində çırpınırdılar. Hamı yandırılmış, viran edilmiş kəndlərinin, yurd-yuvalarının həsrətində idi. Lakin daşnakların hökmranlıq etdikləri bir torpağa qayıtmaq mümkün deyildi”.
Talesizliyə bax ki, tarix
təkrar olunub. Demək olar
ki, məzmun eynidir, dəyişən formadır. Ötən əsrin əvvəllərində
törədilən vəhşiliklər
həmin əsrin sonlarında eyni dəhşəti ilə təkrarlandı. “Zəngəzur” romanını
yenidən vərəqləyirəm.
Erməni generalı Karo Hamparsumyanın bəyanatından sətirlər:
“Bu yaxınlarda qoşunumuz
hücuma keçəcək.
Sərhədimizə yaxın olan
müsəlman kəndlərini
götürəcəyik. Planımız belədir ki,
tezliklə Qarabağa
girək. Vediyə, onun
ətrafındakı kəndlərə
yaxşı divan tutmuşuq.
İndi
o kəndlər də
erməni qardaşlarımızın
əlindədir. Ölən ölüb,
sağ qalan müsəlmanlar isə İrana, Naxçıvana
qaçıb».
«Zəngəzur»
romanı çapdan çıxdıqdan sonra ədəbi ictimaiyyətdə
böyük maraq doğurmuşdu. Xüsusilə erməni-müsəlman toqquşmasında
daşnakların xalqımızın
başına gətirdiyi
zülmləri görən
insanlar əsəri rəğbətlə qarşılamışdılar.
Qəribədir ki, Bakıda
çıxan «Qrakan Adrbecan» (ermənicə «Ədəbi Azərbaycan»)
jurnalında (Ermənistanda
isə Azərbaycan dilində belə bir jurnal nəşr
edilmirdi - F.X.) A.Balayan adlı
birisi bu əsəri tərifləyərək
onu «Xalqlar dostluğu haqqında
roman» adlandırmışdı. Amma yazısının heç
bir yerində qeyd etməmişdi ki, müəllif azərbaycanlılara qan udduran Andronikin vəhşi simasını
necə bacarıqla təsvir edib. Halbuki bu əsərdən danışanda tayqulaq «dığa»nun qanlı obrazını görməmək
qeyri-mümkün idi və ona görə
də «Zəngəzur»
romanı Ermənistanda
kitabxanalardan yoxa çıxarılmışdı.
Bakıda isə əksinə,
vazgenlərin, ohanyanların,
kaputikyanların, tumanyanların
kitablarını böyük
məmnuniyyətlə çap
edirdilər. Tarix boyu
ermənilər bizim unutqanlığımızdan öz
məqsədləri üçün
istifadə ediblər.
Doğrudur, ötən əsrin
ortalarında Azərbaycan
mətbuatında «Zəngəzur»
haqqında müsbət
məqalələr dərc
olunub. Amma nədənsə bir kimsə bu kitabın Ermənistanda yaratdığı
əks-səda ilə
maraqlanmayıb. Kitabı təhlilə
çəkən tənqidçilərimiz
də əsasən iki xalqın dostluğundan, sadə ermənilərin mehribanlığından,
sədaqətindən söz
açıblar. Əsas mövzunun
üstündən sükutla
keçiblər.
Təbii ki, o dövrün qanun-qaydaları elə idi ki, «Zəngəzur»un sovet boyunduruğundan salamat çıxması üçün
müəllif əsərində
dostluq, qonşuluq motivlərinə geniş yer verməli idi. Əslində elə müharibəni
pisləmək, fitnə-fəsada
bais olanları tənqid etmək hər bir yazıçının
vəzifəsidir, mənəvi
borcudur. Bu mənada Əyyub Abbasov bütün xalqların sülh, əmin-amanlıq şəraitində
yaşamasını arzulayırdı.
O bilirdi ki, öz millətini qırğına, fəsada,
cinayətə təhrik
edən birinci növbədə elə öz xalqının düşmənidir. Yazıçı fakt və dəlillərlə,
eləcə də öz gözləri ilə gördüyü hadisələrin köməyi
ilə daşnakların
məkrli siyasətlərini
sərrast qamçılayaraq,
onların rəhbərlərinin
rəzil portretlərini
realist lövhələrlə təqdim edib.
Yenə də romanı
vərəqləyək. Orada bir obrazın
dili ilə səslənən sözlərə
fikir verək: “Sözümün canı bundadır ki, gərək Şimal tərəfdən üstümüzə
axıb gələn selin qabağını alaq! Bəli, bulanıq selin...”
Çox incə siyasətlə
qələmə alınan
bu sözlərlə yazıçı hansı
mətləbləri pıçıldayırdı,
indi məlumdur. Təəssüf ki, o bəlanın
qarşısı alınmadı.
Bunun da hesabına bolşevik bayrağı altında Zəngəzurda
talanlar başlandı.
Və o talanların da nəticəsində Zəngəzur
ermənilərin pəncəsinə
keçdi.
Kitabda belə bir haşiyə
var: “İndi bizim yerlərdə yazdır, çöl, bayır göyərib, ağaclar yarpaqlayıb, çayın, bulaqların
qıraqlarında yarpızlar
baş qaldırıb.
Eh, görəsən, mənim
ev-eşiyim hansı zalıma qismət oldu? Görəsən, qızılgüllərimi qırıb tələf etmədilər ki? Biz kəndə qayıtsaq,
ermənilər hər
kəsin evini, torpağını özünə
verəcəklərmi? ...Andronik kökümüzün
üstündə od qaladı. Allah baisin evini
başına uçursun,
axı biz ermənilərə
nə eləmişdik?
Niyə məxluqu yerindən, yurdundan elədilər?!”
Mərhum tənqidçi Məsud
Əlioğlu yazırdı
ki, romanda təsvir olunan Zəngəzur coğrafi mövqeyi, ərazi etibarilə Azərbaycanla Ermənistanın birləşdiyi
yerdə yerləşir.
Bura bir növ dağlar
ölkəsidir. Sıldırım qayaları, yaşıl yamacları, zəngin təbii füsunkarlığı
ilə fərqlənən
bu yerdə yaşayan əhalinin təbiəti də öz gözəlliyi ilə seçilir. Hayıf ki, o gözəl təbiətli insanlar o dilbər guşələri
bir daha itirdilər. Bais təkcə
ermənilərin rəzilliyi,
məkrli siyasəti deyildi. Onların at oynatmağına meydan verən, iman yaradan səbəblərdən
ən əsası bəlkə də bizim unutqanlığımız,
həddən artıq
humanist, böyük ürək
sahibi olmağımız,
bir sözlə, ilanı quzu donunda görməyimizdir.
Bütün bunlardan sonra
başımıza gələnlər
bizə dərs olacaqmı? Yoxsa yenə də
50 ildən sonra “Zəngəzur” kimi əsərləri oxuyub özümüzü ittihama
çəkəcəyik?
Cəmi 52 il yaşamış
bu unudulmaz yazıçının öz
xalqına bir növ vəsiyyəti olan “Zəngəzur” romanında erməni quldur dəstələrinin
azərbaycanlıların başına
açdıqları qırğınlar
bütün dəhşətləri
ilə əks olunub. Təəssüf ki, bu əsər çoxdan çap edildiyindən onu gənc nəsil
əldə edib oxuya bilmir. Kitabın latın
qrafikası ilə çapına həqiqətən
ehtiyac var. Hər şeydən əvvəl ona görə ki, o kitabda tariximizin
izləri yaşayır.
Flora Xəlilzadə
Mədəniyyət.-
2010.- 8 oktyabr.- S. 13.