İlham Rəhimli və əzəmətli İbrahim Həmzəyev
İstedad Allahın lütfüdür. Hər kəsə
nəsib olmur. Nəsib olan isə onun qədrini bilsə, bəxt
də həmin şəxsin üzünə güləcək...
İlham Rəhimli kimi... Mənə elə gəlir ki,
İlham Rəhimli istedad və zəhmətdən yoğurulub.
Gecəli-gündüzlü qələmi əlindən
düşmür. Bu günə kimi görkəmli alim, sənətşünaslıq
doktoru, professor İlham Rəhimli incəsənətin müxtəlif
sahələrinə, ayrı-ayrı sənətkarlara, eləcə
də «Azərbaycan teatrı» silsiləsindən bir çox
teatrlara həsr edilmiş 50 kitabın müəllifidir...
Son illərdə çap etdirdiyi
kitablarda müəllif daha çox elmi-nəzəri salnamə
janrının prinsiplərinə üstünlük verir.
Onların arasında Akademik Milli Dram Teatrına həsr
edilmiş ikicildlik, Təbriz, Aşqabad, Tiflis, İrəvan, Gəncə,
Sumqayıt teatrları, eləcə də Dövlət Kukla,
Akademik Opera və Balet teatrları haqqında monoqrafiyalar,
görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlalın
yaradıcılığına həsr edilmiş “Məqam”,
rejissor Vaqif İbrahimoğlunun teatr dünyasından söz
açan «Zaman zaman içində» kitabları var.
Bu yaxınlarda «Mədəniyyət»
qəzetində İlham Rəhimlinin özünün
özü ilə dialoqları əsasında çap etdirdiyi
essedə oxudum ki, o, yeniyetməlik dövründə rəssam
olmaq istəyirmiş, amma sonradan fikrini dəyişib. İlham
Rəhimlinin bu açıqlamasını oxuyanda, ürəyimdən
bir xoş niyyət keçdi: nə yaxşı ki, İlham Rəhimli
rəssam olmayıb. Çünki rəngkarlıq
dünyası onsuz keçinə bilərdi, ancaq Azərbaycan
teatrşünaslıq elmi keçinə bilməzdi.
Hər bir yaradıcı
insanın, alimin müxtəlif yönümlü zəngin
axtarışları onun tarixə çevrilən sabahkı tərcümeyi-halıdır.
Bu baxımdan professor İlham Rəhimlinin Azərbaycan sənətşünaslıq
elmi və jurnalistikası sahəsində çox zəngin və
şərəfli bir səhifəsi var! Bu səhifə bu
gündən fərqli olaraq (özünün etiraf etdiyi kimi,
«kitab yazanların» bol olduğu bir dövrdə) sabah
üçün daha qiymətlidir.
Belə deyirlər ki, hər bir
kitabın da insan kimi öz taleyi olur. Elə kitab var stol
üstü olur, eləsi var ki, kitablar taxtında illərlə
oxucusunu gözləyir, eləsi də olur ki, çap
olunduğu gündən əldən-ələ gəzir... Amma
maraqlı kitab maqnit kimidir, cazibəsindən qurtulmaq olmur. Elə
bu yaxınlarda İlham Rəhimlinin yenicə çapdan
çıxmış, Xalq artisti, məşhur aktyor və
rejissor İbrahim Həmzəyevin yaradıcılıq yoluna həsr
etdiyi «Səhnədə ucalan əzəmət» (İbrahim Həmzəyev)
(Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2010)
kitabı kimi...
İbrahim Həmzəyev XX əsr
Azərbaycan teatr sənətinin qüdrətli simalarından,
möhtəşəm yaradıcılıq irsinə malik səhnə
fədailərindən biridir. Professor İlham Rəhimli öz
monoqrafiyasında İbrahim Həmzəyevin sənət yolunun
Gəncə (1890-1937), Naxçıvan (1937-1982)
dövrünü faktoloji, elmi-nəzəri salnamə
janrının prinsipləri əsasında qələmə
alıb. Azərbaycan teatr tarixi salnaməsində İbrahim və
Zəroş Həmzəyevlərin xüsusi yerləri var. Biz
teatrşünaslara hər iki sənətkar haqqında ilk məlumatı
verən, rəhmətlik müəllimimiz, professor Ədilə
İsmayılova olmuşdu. Ədilə xanımın o vaxt Zəroş
xanım Həmzəyevaya həsr etdiyi «Nehrəmli qız»
adlı kitabı işıq üzü
görmüşdü. Tale elə gətirdi ki, sonralar Zəroş
xanımın özü ilə tanış olmaq mənə nəsib
oldu. «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində mənim
ssenarim əsasında Zəroş xanıma həsr olunmuş
«Nehrəmli qız» adlı sənədli televiziya filmi də
çəkildi.
İbrahim və Zəroş Həmzəyevlərin
dünyası teatr idi. Hiss və ağılın tərəf-müqabil
olduğu bu möcüzəli məkanda onlar böyük sevgi
və arzularla yaşayırdılar... Onlar heç vaxt sənətdə
şöhrət dalınca qaçmırdılar, şöhrət,
fəxri adlar, mükafatlar, alqışlar özləri
onları tapırdı...
Sözün dəyərini, rənglərin
sözdə ifadə tutumunu və möcüzəsini
yaxşı bilən İlham Rəhimli kitabının ilk səhifəsindən
İbrahim Həmzəyevin zəngin insani keyfiyyətlərinin,
şəxsiyyət bütövlüyünün, kamil sənətkarlığının
portret cizgilərinin üfüqlərini belə qiymətləndirir:
«İbrahim Həmzəyev vüqarlı və qürurlu insan idi,
daxilən işıqlı, zahirən yaraşıqlı,
nurlu kişi idi. Ağayanalıq və kübarlıq onun
qanındaydı. İbrahim Həmzəyevin daxili qüruru,
insanlıq ləyaqəti onun özünə əzəmət
verir, sənətinə möhtəşəmlik gətirirdi.
İbrahim Həmzəyev həm yaradıcı rejissor kimi, həm
də nəhəng aktyor kimi səhnədə əzəmət
tapıb. Onun kamil şəxsiyyət kimi formalaşması da
daha sıx şəkildə səhnə ilə
bağlıdır».
Müəllif öz oxucusunu ilk səhifədən
həyatda və sənətdə kamillik zirvəsinə
ucalmış şəxsiyyət, lider sənətkarla,
gözəl insanla görüşə dəvət edir.
İbrahim Həmzəyev milli
teatrımızın romantik və realist qollarından bəhrələnən
aktyor, rejissor, teatr təşkilatçısı idi. Nə qədər
qəribə olsa da İbrahim Həmzəyevin
yaradıcılıq fəaliyyəti daha çox paytaxtdan kənarda
olmuşdu. Ancaq Onun sənətkarlığı və şəxsiyyəti
səhnəyə gəldiyi ilk illərdən ona Azərbaycan
teatr ictimaiyyətinin rəğbətini və məhəbbətini
qazandırmışdı.
İlham Rəhimli öz
kitabında haqlı olaraq yazır: «Ölkəmizin
paytaxtından kənarda (Tiflisdə, İrəvanda,
Aşqabadda, Təbrizdə, Gəncədə, Şəkidə,
Ağdamda, Şuşada...) fəaliyyət göstərmiş
milli rejissorlar arasında İbrahim Həmzəyev kimi zəngin
və şərəfli, səmərəli və tutumlu sənət
yolu keçmiş, yaxud zəngin
yaradıcılığı onunla müqayisə edilən sənətkar
yoxdur...»
İlham Rəhimli müqtədir sənətkarın
izi olan teatrlardakı fəaliyyətindən bəhs edərkən
İbrahim Həmzəyevin həmin sənət ocaqlarında
yaratdığı yaradıcılıq ab-havasından,
ayrı-ayrı əsərlərin quruluşundan,
tamaşadakı aktyorların oyun tərzindən, eləcə
də teatr ictimaiyyətinə indiyə kimi məlum olmayan
qaranlıq mətləblərdən söz açır.
Seçdiyi sənətdə təmənnasız olan
İbrahim Həmzəyev özünə və sənətinə
qarşı çox tələbkar idi. Teatrda
çalışan gənclərə xüsusi diqqət
yetirirdi. Elə ona görə
çalışdığı teatrlarda gənclər ona
inanır, onu özlərinə arxa-dayaq bilirdilər.
İbrahim Həmzəyevdə olan bu yüksək insani - sənətkar
keyfiyyətini İlham Rəhimli belə qiymətləndirir:
«O, istedadlı gəncləri fəhmlə duya bilirdi. Həmişə
gənclərə bu fikirləri tövsiyə edirdi: qabiliyyət
yalnız işə yarayanda üzə çıxır, faydalı
olur. Ona görə güvəndiyiniz istedadınızı səhnədə
sınaqdan çıxarmağa çalışın,
boş-boş danışıqla qürrələnməyin».
Etiraf edək ki, İbrahim Həmzəyevin
gənclərə ünvanladığı bu tövsiyələr
bu gün də öz aktuallığını qoruyub
saxlamaqdadır.
Daxilən zəngin mənəvi aləmə
və geniş dünyagörüşünə, hərtərəfli
mütaliəyə malik olan İbrahim Həmzəyev aktyor və
rejissor kimi səhnədə öz sənətkarlıq «mənini»
ifadə etmək üçün, milli və dünya klassiklərinin
əsərlərinə quruluş verdiyi tamaşalarda
özünü uğurla sınağa çəkib. O, həm
aktyor, həm də rejissor kimi öz sənət
uğurları ilə təkcə tamaşaçıların
deyil, eləcə də professional teatr ictimaiyyətinin rəğbətini
qazanıb. Onun aktyor və rejissor kimi repertuarında
M.F.Axundovun, N.Nərimanovun, Ü.Hacıbəylinin, Ə.B.Haqverdiyevin,
C.Məmmədquluzadənin, S.Vurğunun, S.Rüstəmin,
İ.Əfəndiyevin, S.Rəhmanın, M.Cəlilin, eləcə
də dünya klassiklərindən V.Şekspirin, V.Hüqonun,
N.Qoqolun, F.Şillerin, L.de Veqanın və çağdaş
onlarca başqa müəlliflərin əsərləri əsas
yer tutub. İlham Rəhimli sənətkarın
yaradıcılıq təbiətinin diapazonunda nəhəngliyini,
əzəmətini göstərmək üçün
İbrahim Həmzəyevin səhnədə
canlandırdığı rolları və quruluş verdiyi
tamaşaların bədii estetik səciyyəsini xronoloji
ardıcıllıqla geniş elmi təhlilə çəkməklə,
qəhrəmanının bütöv harmonik şəxsiyyət
- sənətkar portretini canlı rənglərlə təcəssüm
etdirib. İlham Rəhimli özü bu haqda belə yazır:
«Məncə, onda sənətkarın qüdrətli
yaradıcı insan kimi tərəqqisi və təkamülü
daha aydın, daha ifadəli və daha parlaq görünər».
İbrahim Həmzəyevin sənət
taleyi Gəncədən başlasa da, onun parlaq sənətkarlıq
ulduzu Naxçıvan teatrında parlayıb. Rejissor Yusif
Yulduzun dəvəti ilə Naxçıvana gələn
İbrahim Həmzəyev bu qədim torpağı və onun
insanlarını sevdi. İlk işi isə M.İbrahimovun «Həyat»
əsərinin (7 noyabr 1937-ci il) tamaşasında Abbas rolu oldu.
Elə ilk gündən onun aktyor kimi özünün canlı
və inandırıcı oyunu səhnə mədəniyyəti,
tərəf-müqabillərilə ünsiyyət qurmaq
bacarığı həmkarlarının diqqətindən
yayınmadı. İlham Rəhimli onun Naxçıvan
teatrında ilk işini belə qiymətləndirir: «Onun
işgüzarlığı və sənət ciddiliyi, teatr
etikasına bütün məqamlarda yüksək tələbkarlıqla
yanaşması tezliklə İbrahim Həmzəyevi
bütün kollektivə sevdirdi».
İbrahim Həmzəyevin
Naxçıvana gəlişi teatr aləminə,
bütövlükdə bu qədim diyarın mədəni
mühitinə canlanma gətirdi. Burada ulu öndər Heydər
Əliyevin 2000-ci il martın 27-də Xalq artisti Zəroş Həmzəyevaya
ünvanladığı məktubdakı bir məqamı
xatırlamaq yerinə düşərdi: «Respublikanın
tanınmış teatr xadimi, mərhum həyat yoldaşınız
İbrahim Həmzəyevlə birlikdə Naxçıvan
Dövlət Teatrının səhnəsində keçən
sənət yolunuz 40-50-ci illərdə bu qədim diyarın mədəni
həyatının canlanmasında mühüm rol
oynamışdır. Həmin dövrü haqlı olaraq
Naxçıvan teatrının «Həmzəyevlər
dövrü» adlandırmaq olar».
Naxçıvan teatrının «Həmzəyevlər
dövrü» məhz İbrahim Həmzəyevin yüksək
insani keyfiyyətləri, sənətə olan böyük
sevgisi, sənət tələbkarlığı, sənətkarlığı
sayəsində formalaşıb. Teatrın repertuarını rəngarəng,
müxtəlif mövzu və ideyalı əsərlərlə
zənginləşdirən İbrahim Həmzəyev
Naxçıvan teatrının aktyorlarına onların səhnə
imkanlarının üzə çıxmasına şərait
yaratmaqla, Naxçıvan şəhərində teatral bir
mühit yaratmağa nail oldu. Həm romantik, həm də
realist teatr məktəbinin nümayəndələri olan Səməd
Mövləvi, Rza İsfəndiyarlı, Mirhəsən
Mirişli, İsa Musayev, Məmməd Quliyev, Xədicə
Qazıyeva, Füruzə Əlixanova, Əyyub Haqverdiyev, Roza Cəfərxanova,
Sofya Hüseynova, Zemfira Əliyeva və təbii ki,
Naxçıvan səhnəsinin kraliçası Zəroş
Həmzəyeva… İbrahim Həmzəyev məktəbinin parlaq
yetirmələri idi.…
Yüksək bədii zövqə,
rejissor təxəyyülünün genişliyinə malik olan
İbrahim Həmzəyev, professor İlham Rəhimlinin təbirincə
desək, «Naxçıvan teatrının rejissorluq
üslubunda monumental romantizmi və realizm vüsətini
formalaşdıraraq estetik kamillik zirvəsinə
çatdıran böyük rejissordur!»
Aktyorla iş üslubunu yüksək
qiymətləndirən İbrahim Həmzəyevin
yaradıcılıq yolunu tədqiq edən «Səhnədə
ucalan əzəmət» monoqrafiyasının müəllifi belə
bir qənaətə gəlir. «O, aktyorlarla işində onlara
müstəqil düşünmə imkanı verirdi. Müstəqil
düşünmənin təbii estetik prosesi isə nəticədə
yaradıcılıq sərbəstliyinə meydan
açırdı».
Naxçıvan teatrı əyalət
hesab olunsa da, məhz İbrahim Həmzəyev şəxsiyyətinin
cazibəsi nəticəsində Akademik Dram Teatrının sənətkarları
Kazım Ziya, Ələsgər Ələkbərov, Həsənağa
Salayev, Sidqi Ruhulla Naxçıvan teatrının
yaradıcı truppası ilə S.Vurğunun «Vaqif» əsərində
çıxış etmişdilər. Xuraman rolunu isə
özünün təbii, emosional, lətafətli oyunu ilə
başqalarından fərqlənən Zəroş Həmzəyeva
ifa etmişdi.
Yeri gəlmişkən, Zəroş
xanım yeganə aktrisadır ki, sonradan məhz əyalətdən
Akademik Dram Teatrının səhnəsində «Vaqif»
dramında (1969) Xuraman rolunu oynamaq üçün dəvət
olunmuşdu. İlham Rəhimli haqlı olaraq yazır: «Zəroş
xanım zəngin yaradıcılıq irsi yaratmış,
Naxçıvan teatr tarixinin böyük bir
dövrünün repertuar ağırlıqlarını zərif
çiyinlərində mətanətlə
saxlamışdır!»
Bu da bir həqiqətdir ki,
İbrahim Həmzəyev dünyasını dəyişdikdən
sonra Zəroş xanım səhnəni tərk etdi.
Çünki onun teatr dünyası İbrahim Həmzəyevlə,
onun həyat və səhnə sevgisi ilə bağlı idi.
Professor İlham Rəhimlinin «Səhnədə
ucalan əzəmət» monoqrafiyası təkcə İbrahim Həmzəyevlə
bağlı deyil, bu kitab həm də Zəroş xanım Həmzəyeva
haqqındadır. Çünki onları bir-birindən
ayrı təsəvvür etmək mümkün deyil...
«Səhnədə ucalan əzəmət»
kitabı Azərbaycan teatr tarixi ilə bağlı bir
çox maraqlı faktlarla zəngindir. Kitabda Gəncə,
Füzuli, Ordubad, eləcə də Naxçıvan
teatrlarının tarixi ilə bağlı səhifələrə,
eləcə də İbrahim Həmzəyevin nəsil şəcərəsinə
işıq tutulur.
Kitab Azərbaycan teatr tarixi salnaməsinə
layiqli töhfədir. İnanıram ki, İbrahim Həmzəyev
yaradıcılığının gələcəkdə də
tədqiqatçıları olacaqdır. Lakin professor İlham
Rəhimlinin «Səhnədə ucalan əzəmət»
monoqrafiyası stolüstü kitab olacaq.
Yaqub
Əlioğlu
Mədəniyyət.-
2010.- 8 oktyabr.- S. 12.