Səməd Vurğunun ev-muzeyinin 35 illik yubileyi qeyd olundu

 

    Oktyabrın 6-da görkəmli Azərbaycan şairi Səməd Vurğunun ev-muzeyinin yaradılmasının 35 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Aygün Vəkilova muzeyin yaranma tarixinə və 35 il ərzində görülən işlərə nəzər saldı. Azərbaycanda ilk memorial muzey olan Səməd Vurğunun ev-muzeyinin yaradılmasını o dövr üçün mühüm hadisə kimi qiymətləndirən A.Vəkilova bu mədəniyyət müəssisəsinin fəaliyyətinin şairin həyat və yaradıcılığını əhatəli şəkildə öyrənməyə imkan verdiyini bildirdi.

   O, muzeyin 1975-ci il oktyabrın 6-da keçirilmiş açılış mərasimində böyük öndər Heydər Əliyevin iştirak etdiyini, bu mədəniyyət ocağının fəaliyyətə başlamasının onun adı ilə bağlı olduğunu vurğuladı. Daha sonra ev-muzeyinin açılışı ilə bağlı süjet nümayiş olundu.

   Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun baş məsləhətçisi Əli İsmayılov muzeydə 35 il ərzində bir sıra tədbirlərin həyata keçirildiyini, ötən dövr ərzində burada elmi-tədqiqat işlərinin aparıldığını, kadrların hazırlandığını, müxtəlif maraqlı tədbir və sərgilərin keçirildiyini bildirdi. O, Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğuna olaraq yaxın vaxtlarda Səməd Vurğunun ev-muzeyinin əsaslı təmir olunacağını, muzeydə yeni ekspozisiya hazırlanacağını iştirakçıların diqqətinə çatdırdı.

   “Qazax Xeyriyyə Cəmiyyəti”nin sədri Vidadi Bayramov, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov və başqaları ev-muzeyinin fəaliyyətinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolundan danışdılar, görkəmli şairin yaradıcılığı ilə bağlı xatirələrini bölüşdülər. Tədbir çərçivəsində muzeydə təşkil olunmuş sərgiyə baxış keçirildi, şairin şeirləri qiraət olundu.

 

 

   Mədəniyyət.- 2010.- 8 oktyabr.- S. 6.