İrəvan xanlığı haqqında kitab ingilisrus dillərində təqdim olunub

 

   Oktyabrın 7-də Prezident Kitabxanasında Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında nəşr olunmuş “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının yenicə çapdan çıxmış ingilis və rus dillərində versiyalarının təqdimatı keçirilib.

   “Çaşıoğlu” mətbəəsində yüksək poliqrafik dizaynla hazırlanmış kitabların təqdimat mərasimini giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov yeni nəşrlərin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. Kitabda sənədlərin, rəqəmlərin, faktların dili ilə çatdırılır ki, indiki Ermənistan Respublikasının paytaxtı da əzəli Azərbaycan torpağıdır.

   AMEA-nın prezidenti, akademik Mahmud Kərimov qeyd edib ki, fundamental tədqiqat əsərində ermənilərin bu torpaqların yerli əhalisi olması iddiası ölkəmizdə və xaricdə saxlanılan çoxsaylı arxiv materialları, rəsmi dövlət sənədləri, erməni mənbələrinin özündən gətirilmiş faktlarla ifşa edilib.

   AMEA-nın müxbir üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov nəşrin tarixi əhəmiyyətindən söz açıb. Ermənilərin İran və Türkiyədən Azərbaycan torpaqlarına köçürülməsi kitabda çoxsaylı arxiv materialları, şəkillər, rəsm əsərləri və digər konkret faktlarla əksini tapıb. Kitabda İrəvan şəhərinin tarixi abidələri, ermənilərin bu torpaqlara köçürülməsindən sonra dağıdılan məscid və qəbiristanlıqlar, hamamlar, Azərbaycan xalqına məxsus toponimlər, eləcə də digər mühüm faktlar yer alıb.

   Təqdimat mərasimində Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə, tarix elmləri doktoru Qafar Cəbiyev, Tarix İnstitutu direktorunun müavini, tarix elmləri namizədi Cəbi Bəhrəmov, tarix elmləri namizədi Gültəkin Nəcəfzadə, tarix elmləri üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə çıxış ediblər.

   Sonda AMEA-nın prezidenti M.Kərimov kitabın Azərbaycan, rus və ingilis dillərində nəşrlərindən ibarət xüsusi hədiyyəni Prezident Kitabxanasının direktoru M.Əhmədova təqdim edib.

 

 

   Mədəniyyət.- 2010.- 8 oktyabr.- S. 2.