Avropa Şurasının binasında TÜRKSOY-un sərgisi açılıb

 

   Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Avropa Şurasının əsas binasında Türk Mədəniyyət və Sənət Təşkilatı - TÜRKSOY-un rəsm sərgisinin açılışı olub.

   Sərginin açılışında AŞPA sessiyasına dəvət edilmiş Türkiyə prezidenti Abdulla Gülün xanımı Hayrünnisə Gül, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Avropa Şurasının yüksək səviyyəli məmurları və digər qonaqlar iştirak ediblər. AŞPA sədri Mövlud Çavuşoğlu, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycanın AŞ yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov tədbirdə çıxış ediblər. M.Çavuşoğlu türk dünyasının mədəniyyətini təbliğ edən bu sərgini açmaqdan şərəf duyduğunu deyib.

   TÜRKSOY-un baş katibi D.Kaseinov qurumun tarixi barədə məlumat verib: “TÜRKSOY UNESCO ilə eyni məqsəd və xarakterə malikdir. TÜRKSOY-un əsas məqsədlərindən biri türkdilli xalqlar arasında ümumi mədəni irsin saxlanılması və inkişafıdır. Hazırkı sərgidə 1998-ci ildən bu yana 13 dəfə nümayiş etdirilmiş TÜRKSOY ölkələri rəssamlarının əl işləri nümayiş olunur. Bu ilin əvvəlində TÜRKSOY Paris və Strasburqda Novruz bayramı şənlikləri təşkil edib. Çox şadıq ki, yeni bir mədəni tədbirlə bağlı buraya yığışmışıq. Mən rəssamlara, eləcə də Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndəliklərinə göstərdikləri yardıma görə dərin təşəkkürümü bildirirəm”.

   Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov isə bu böyük ailənin bir hissəsi kimi Azərbaycanın türk irsinə xüsusi əhəmiyyət verdiyini və eyni zamanda Avropa dəyərləri və ideyalarını könüllü şəkildə qəbul etdiyini söyləyib: “2008-ci ilin dekabrında Avropa Şurası mədəniyyət nazirlərinin Bakı konfransında əsası qoyulmuş “İncəsənət xadimləri dialoq naminə” layihəsini başlayarkən biz rəssamların mədəniyyətlərarası dialoqun mükəmməl bir orkestr kimi həyata keçirilməsində aparıcı qüvvə olduğuna inanmışdıq. Hazırda əldə etdiklərimizə və qarşıda bizi daha çox işin gözlədiyinə diqqət yetirdikdə zəhmətimizin hədər getmədiyini görürük”.

   Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlının sözlərinə görə, bu sərginin təşkil edilməsində məqsəd "Mədəniyyətlərarası dialoq ili" çərçivəsində türk mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir.

   Qeyd edək ki, sərgidə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Rusiya Federasiyasına daxil olan Tatarıstan, Başqırdıstan, Tuva, Altay, Saxa, Yakutiya, Xakasiya, Moldovanın Qaqauz Yeri, Ukraynanın Krım Muxtar Vilayəti, Bolqarıstan və digər ölkələrdən olan rəssamların seçilmiş əsərləri nümayiş etdirilir.

 

 

   Mədəniyyət.- 2010.- 8 oktyabr.- S. 2.