Azərbaycan
memarlığında epiqrafik abidələr
Orta əsr Ağsu şəhərinin məzarlığında
aparılan arxeoloji ekspedisiya maraqlı faktlar üzə
çıxarıb
Epiqrafik abidələrin tədqiqi mədəniyyət və
incəsənət tariximizin öyrənilməsi
baxımından mühüm önəm kəsb edir.
Arxeoloqlarımızın Ağsu rayonunda orta əsr şəhər
məzarlığında apardıqları qazıntılar bu
yöndə maraqlı tapıntılar üzə
çıxarıb. Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika
elm fond şöbəsinin dissertantı Həbibə Əliyeva
ilə bu mövzuda qısa söhbət etdik.
- Həbibə xanım, orta əsr
Ağsu şəhər ekspedisiyasının
apardığı arxeoloji qazıntılar zamanı
aşkarlanan epiqrafik abidələrin səciyyəvi
xüsusiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycanda ta qədim
zamanlardan daş üzərində oyma üsulla
naxışlar, təsvirlər işləmək və
yazılar həkk etmək ənənəsi olub. Bu, ilk öncə
qayaüstü təsvirlərdə, daha sonra memarlıq abidələrimizdə
və qəbirüstü daşlarda tətbiq edilib. 2010-cu ilin
martında Ağsu şəhər ekspedisiyası tərəfindən
aparılan arxeoloji qazıntılarda aşkar edilən
memarlıq nümunələri içərisində epiqrafik
abidələr xüsusilə maraqlıdır. Orada XVIII əsrə
aid iki qəbiristanlıqda tədqiqat işləri
aparıldı. Yüzlərlə məzar daşı nömrələnərək
qeydiyyata alındı. Epiqrafik təhlil nəticəsində
müəyyən nəticələr əldə olundu. Tədqiqatlar
onu göstərir ki, epiqrafik yazılı məzar
daşları formaca və kitabələri baxımından
eynidir. Azərbaycan daşyonma məktəbinin bütün səciyyəvi
xüsusiyyətləri bu məzar daşlarında öz əksini
tapıb.
Azərbaycan memarlığında
məzar daşları üzərində daşyonma sənətinin
səciyyəvi xüsusiyyətləri əsasən Şirvan
məktəbi nümunələrində özünü
göstərir. XII-XV əsrlərdə Şirvanşahlar
dövləti hakimlərinin bina etdikləri məscidlər,
saray kompleksləri və türbələr üzərindəki
bədii tərtibatlar ərəb əlifbası-kufi, nəstəliq,
suls, nəsx və s. xəttlərlə həkk olunan dəyərli
epiqrafik abidələrdir. Məzar daşı üzərində
bu cür oyma işləri və epiqrafik yazılar
respublikamızın bir neçə bölgəsində -
Şəkidə, Şuşada, Naxçıvanda, Qubada,
Qazaxda, Lənkəranda da müşahidə edilir.
- Orta əsrlər memarlıq
nümunəsi olan həmin məzar daşlarında əsasən
həndəsi və nəbati naxışlara
üstünlük verilib. Bu nə ilə bağlı olub?
- Orta əsrlərdə nəinki məzar
daşları üzərində, hətta memarlıq abidələrində
həndəsi və nəbati naxışlara
üstünlük verilməsi İslam dininin qanunları ilə
bağlı olub. İslam qanunlarına görə, canlı aləmin
qəbirüstü daşlarda, digər memarlıq abidələrində
təsviri yolverilməzdir. O dövrlərdə həndəsi
fiqurlardan düzbucaq, üçbucaq, dairə, dörd, səkkiz
və oniki guşəli ulduzlar, nəbati naxışlardan isə
zanbaq, qərənfil, qotazlı lalə və s.
naxışlardan istifadə olunub. Bu naxışların
hamısı orta əsr Ağsu şəhər qəbiristanlığında
aşkar edilmiş məzar daşlarında da mövcuddur.
- Məzar daşlarındakı
xüsusi təsvirli oyuqlar nə məqsədlə
yaradılıb?
- Məzar daşlarında adətən
dörd, səkkizguşəli həndəsi rəsm və dairə
içində səkkiz ləçəkli gül təsviri,
səthində 5-10 sm dərinlikdə oyuq yonulub. Məqsəd
oyuqlara su, yemək qoymaq və dəfn olunanın ruhunu şad
etmək olub. Həm də oyuqlara yağış suyu
yığılmaqla quşların su içməsi nəzərdə
tutulub. Maraqlıdır ki, orta əsrlərdə mövcud olan
bu ənənə respublikamızda bu gün də
yaşamaqdadır. Bir çox bölgələrdə insanlar
müqəddəs və bayram günləri qəbiristanlığa
gedir, məzar daşı üstünə su, şirniyyat və
s. qoyurlar.
Nəqqaşlar, həkkaklar və
xəttatlar məzar daşları üzərində işləyərkən
müqəddəs kitabımız “Qurani-Kərim”in ayələrini
təsvir ediblər. Orta əsr Ağsu şəhər qəbiristanında
tədqiq edilən məzar daşları üzərinə
“Qurani-Kərim”in “əl-Bəqərə” surəsinin ayələri,
məşhur “Ayət ul-kursiyyə”, həmçinin “əl-Rəhman“
surəsinin ayələri, ərəb və fars dilində mənzum
şeir parçaları və s. nəsx xətlə həkk
olunub.
Məzar daşlarının kitabələri
eyni olsa da, təsvirlərində fərqlər var. Kişiyə
məxsus başdaşlarının arxa hissəsində
simvolik rəsmlərdən rəhil və bağlı kitab
var. Silahlardan qılınc, xəncər, tüfəng,
barıt qabı, həmçinin su qabı və yəhər-yüyənli
sahibsiz qalmış at rəsmi nəqş edilib. Qadınlara məxsus
məzar daşlarına isə hana dəzgahı və
xalça toxumaq üçün lazım olan alətlərin
rəsmləri həkk olunub.
- Bəzən məzarların
qurulmasında iqlimə, şəraitə uyğun daşlardan
istifadə olunur. Bu barədə nə deyə bilərsiniz?
- Tədqiq edilən hər iki qəbiristanlıqda
məzar daşları iqlimə, şəraitə uyğun
yerli daş növlərindən hazırlanıb. Sənətkarlar
heç bir çətinlik çəkmədən daşlar
üzərində epiqrafik abidələrin işlənməsinə
çox asanlıqla nail olublar. Xalq sənətkarları bərk
materiallara aid olan mərmər daşlar üzərində də
ornamentləri zərif və yüksək səviyyədə
oyublar. Göründüyü kimi, epiqrafika sənəti o
dövrdə heç də metalişləmə,
xalçaçılıq və zərgərlik sənətindən
geri qalmayıb. Aparılan tədqiqatlar göstərir ki, XVIII
əsrdə nəbati, həndəsi ornament motivlərlə və
gözəl xətlə ən nəfis məzar daşları
yonmaq ənənəsi Azərbaycanın bir çox bölgələrində
olduğu kimi, Şirvanda da geniş intişar tapıb.
Söhbəti qələmə aldı: Savalan Fərəcov
Mədəniyyət.-
2010.- 13 oktyabr.- S. 15.