İlmə-ilmə
sökülmüş ömür çeşnəsi
Sözdən hörülmüş əbədiyyət
14
oktyabr Xalq şairi Məmməd Arazın doğum
günüdür. O Məmməd Araz ki, həmkarlarının
arasından bir ox kimi sıyrılaraq elə bir zirvənin
yaxalığında addımlayır ki, biz orada onu yeganə
görürük. İllərdir ki, onun yoxluğuna
alışa bilməsəm də, insanı
düşündürən və son anda onu yaradanın niyyətindən,
öyrətmək, alışdırmaq istədiyi bir acı həqiqətdən
xəbər verən aşağıdakı məşhur
misralar bizi indi daha çox kövrəltdi:
Bəlkə bu yerlərə bir də
gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal!
Bəd taleyin kəməndində qəfil,
həm də çox erkən sıxılan Məmməd
Arazın söz buludlarından ruhumuza yağan misraları indi
tamam başqa ovqatda təsirlidir: "Ölə-ölə
yazmıram, yaza-yaza ölürəm".
Otuz ilə yaxın dərdin
ən ağırı ilə mücadilədə olan şair əyilmədi,
sınmadı, ilhamının qüdrətinə söykənərək
öz mənəviyyatını, şəxsiyyətini
qeyri-adi ucalıqda tutmağı bacardı. Dünənini döşdən asmayan, sabahına qəbir
qazmayan, zəmanə küləyinin əsirindən çox
uzaq, daim öz-özü ilə mənəvi hesabatda olan bir
ömür yaşadı Məmməd Araz. Gəlimli-gedimli
dünyanın son hökmünün ağrılarını
içindən keçirə-keçirə
duyğularımızı bir xəbərdarlıq
üstündə köklədi: "Dünya mənim,
dünya sənin, dünya heç kimin".
Poetik
duyğularını misra-misra kağızlara
köçürən şairi insan kimi tanımaq
üçün şeirlərini dönə-dönə
oxumaq, poeziyasından çəkilən ləçəklərə
diqqətlə yanaşmaq gərəkdir. Özü
demişkən, anadan-bacıdan gizlətdiyini kağızdan, qələmdən
pünhan saxlamayıb. "Gündoğandan
günbatana mənzilim" söyləyən ustadın bu bir
addımlıq ömür yolunun bütün məqamları,
həyəcanları, sarsıntıları, sevincləri
(görən, bu hisslərin ömrü nə qədər
olub?! - F.X.), ittiham və məsləhətləri, gileyləri,
çağırışları şeirlərində elə
qəribə misralanıb ki, bu ümmanda Məmməd Arazın
portreti tam aydınlığı ilə görünməkdədir:
"Öz ömrümü şum elədi öz əlim".
Bu poetik ittihamın
ahəngindəki peşmanlıqla məmnunluğun həddini
ayırd etmək çətindir. Çünki,
əslində, gözümüzün önündə nəhəng
bir dağ qətrə-qətrə sovruldu. Böyük bir şairin ömür çeşnisi
ilmə-ilmə söküldü. Bu əzaba-əziyyətə
Məmməd Araz şeirlərinin şəfəqi ilə elə
bir libas geyindirilmişdir ki, illər boyu üzləşdiyi
ağır xəstəlik sanki yaddan
çıxmışdı. Birnəfəsə bir
qoşunu düşmən üstünə yürüşə
aparmağa malik od püskürən
şeirlərin müəllifi sanki elə
gözümüzün önündəcə gündən-günə
avazıyan, soluğan, yanıb-yandıran bir ocaq ömrü
yaşamalıymış. Biz də bilə-bilə
bəlkə də elə qəsdən unutmalıydıq ki, bu
zərif və zəif varlığın kirpiklərindən
hansı daşlar asılıb? İtirdiklərindən
nə onu sevənlərin, nə də bu fani dünyanın xəbəri
vardı. Çünki bu qovhaqovda, bu
çarpışmada, həyatla ölüm arasındakı
çırpıntıda Azərbaycan ədəbiyyatı
qazanırdı, şeirimiz zənginləşirdi, poeziya sevənlər
qürur duyurdu, ədəbi tənqidin çiçəyi
çırtlayırdı. Biz canlı
klassiklə və bənzərsiz bir şairlə eyni qübbənin
altında, eyni məmləkətdə və nəhayət,
eyni şəhərdə yaşayırdıq. İndi anlayıram, nə xoşbəxt oxucularıq
ki, Azərbaycan poeziyasında Məmməd Araz zirvəsinin
şahidi olduq. Şeirimizdə Məmməd
Araz dilinin yaratdığı ucalığın ətəklərinə
çatmağa belə çoxu tamarzı qaldı.
Məmməd Araz
haqqında yazanlar onun fəth etdiyi zirvənin
kökünü həmişə ilham və istedada
bağlayırlar. Bu, təbii ki, belədir.
Amma bir məsələ də var. Adətən
bu sözləri bütün şairlər haqqında demək
mümkündür. Çünki
şairliyin mayası, əslində, elə ilhamdan, istedaddan
tutulur. Şairlik Allah vergisidir. Məmməd Araz hər kəsdən seçilirdi.
Məmməd Arazı çoxundan fərqləndirən
təkcə xasiyyəti, həssaslığı, kövrəkliyi
deyildi. O, seçilən bir tale karvanının
sarbanı idi. "Ölümlərə baş
əymədən yaşayacağam". 31 il öncə söylədiyi bu misralar şair
qələminin qüdrətinə güzgü tutur. Məmməd Araz həm son dərəcə təvazökar,
səmimi, kövrək, həm də zahirən çox
fağır, solğun təsir
bağışladığından, bəlkə də
çoxumuz dərk edə bilmirdik ki, ətrafımızı
bürümüş adiliyin içində necə
böyük bir dahiliklə üz-üzəyik. Çəkdiyi ağrılara da, cəfaya da, səfaya
da özü daha yaxşı bələd idi. Bəzən
də bir təsəlli kimi kədərin özünü
azdırırdı: "İnsanın ömrü öz əlində
deyil". Bəzən də qələmini daha dərindən
fırladırdı: "Taleyin hökmü də
vaxtını bilir". Bu minvalla da
ölümün qara üzünə şeirləri ilə
meydan oxuyurdu. Öz inkarında özünü təsdiqləyirdi:
Qələm var əlimdə,
Gör neçə ildir,
Bir nəğməm
dillərə nə vaxt düşəcək?
Mənim gəlişimlə nə
dəyişildi,
Mənim gedişimlə
nə dəyişəcək?
“Sənət
yarışında, söz yarışında
yüzümüz bir Sabir deyilik hələ..." söyləyən
Məmməd Araz ömrü boyu iddialardan, umacaqlardan və bir
də riyalardan, yalanlardan uzaqda yaşadı. Neçə ad itirən söz meydanında həmişə
öz-özü ilə hesabatla yazıb-yaratdı. Şeirinin imtahandan qalib çıxması
üçün birinci növbədə özünü
ittihama çəkdi. Yüz səmtə
fırlanan kürsülərdən çox uzaq olan şairin ən
böyük qazancı sənətdəki ucalığı və
bənzərsizliyidir. Məmməd Araz həm də yeganə
şairdir ki, sağlığında adına
mükafatlar təsis edildi, yaradıcılıq müsabiqələri
keçirildi.
Böyük şairin poeziyası
ilə bağlı Xalq yazıçısı Anarın
çox dəqiq ədəbi ölçüləri var:
"Məmməd Araz şeirində sanki fikirlər sözlərin
boyuna biçilib. Nə vəznin boş xanələrini
doldurmaq üçün artırılan lüzumsuz kəlmələr
var burda, nə də darısqal dil köynəyində
çırpınan düşüncələr... Məmməd Araz poeziyasının mehvəri Vətən
eşqi, vətəndaşlıq amalı, dünya
haqqında, kürreyi-ərzimiz haqqında həm nikbin, həm
də nigaran qənaətlərdir".
Bu gün gərək hər
anımız Vətən desin!
Təxminimiz, gümanımız Vətən
desin!
Qılıncımız,
qalxanımız Vətən desin!
Qəlbimizin hər duyğusu Vətən
desin!
Əgər varsa zərrə qədər
gümanımız,
İmanımız Vətən
desin!
Dünyanın təzadlarına
həmişə qəribə poetik baxışı var idi.
Bu mövzuda yazdığı şeirlərin
sayı olduqca çoxdur. Onu ən çox narahat edən
ağılın qəfil bir döngədə məğlubiyyətə
üz tutması idi:
Ağıllı azdıqca
ağılsız artır,
Qoruyun dünyanı
«ağıllı»lardan.
Digər tərəfdən də
yerdən-göydən əlini üzmüş kimi
özünü qınağa çəkərdi: «İti
bazarında atından baha, mən belə dünyanın nəyindən
küsüm?!» Sanki bu sualın oxucuya
üzüntü gətirə biləcəyini duyurmuş kimi
qəfil bir sıçrayışla, qüdrətlə
başqa bir poetik çağırışa imza
atırdı:
...Hanı sənin tufan yıxan,
gurşad boğan
Yurda oğul
oğulların?!
Qara Çoban, Dəli Domrul
oğulların!
Çək sinənə -
qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər
boyda bayraq elə,
Ayağa dur, Azərbaycan!
Zamanın, bəxtin
hökmü qarşısında insan heç nəyi dəyişməyə
qadir deyildi. Ömrün
toranlığında geriyə boylanmaq həvəsi də bəzən
mənasızdır. İnsanın yeganə
tapınacağı bircə şey var: haqq! Məmməd
Araz bütün ömrü boyu haqqa sarılmaq istəyi ilə
yazıb-yaradırdı. Sözünü də elə məqamda,
elə tərzdə təsirli söyləyirdi ki, insan onun
şeirlərinə qoşulub vətən torpağına
damcı-damcı hopmaq istəyirdi:
Bu dəyirman: nahaqqı dən,
haqqı dən,
Bölən
böldü nahaqqı tən, haqqı tən.
Nahaqqa tən olan yerdə haqqı
itən...
Tanrım, məni məndən
qoru bu yaşda.
İlhamının və
istedadının gücünə öz ömrünün əbədiliyinə
imza atan əsərlər yazıb-yaratdı. Min illər
indən belə də insanların dilindən qopmayacaq şah
misralara qanad taxdı:
Demək, günəş Yer
üzünə qarğıyıb,
Demək sənə,
Vətən eşqim qar yağıb.
Demək, kardı Azərbaycan
torpağı,
Sizə yetim deyən olsa,
qızlarım!
Olmuş və
olacaqların qəfil ağrılarından sarsılanda qələmə
aldığı bu misralarda da Məmməd Araz sanki
yeri-göyü təsəlliyə
çağırırdı. Çünki
o, həmişə günəşlə birgə yurduna
boylanmaq həvəsi ilə öz ömrünü söz
uğrunda girov qoymuşdu.
Ən ağır, ən
üzüntülü anlarda belə dünyanın faniliyini
hamıdan çox duyduğuna baxmayaraq, ölümün qara
kabusunu, caynaqlarını özünə yaxın qoymurdu.
Hər dəfə üzləşdiyi qəfil itkilərdən
sarsıldıqca heyrətə gəlirdi:
İnana bilmirəm: ölüm
haqq ola,
Torpaq rəssam uda, bəstəkar
uda! -
Ana dəfn oluna, gözəl
qocala...
Bəlkə bir səhnədir, əsərdir
bu da...
Bir insan beş
addımlıq ömür yolunda ilahi, nə qədər dərdlə,
kədərlə, bəd xəbərlə üzləşərmiş?
Amma nə gileyə dəyər, nə də
şikayətlənməyə. Çünki verən də
Allahdır, alan da. Pozulmaz
yazıları məhz ulu Tanrı yazıb. Bizə qalan
təsəllidə bir ümidə söykənirik ki: bu əzab
məngənəsinin içindən sıyrılan Məmməd
Araz heç vaxt naşükür olmayıb. Dilindən
həmişə xoş sözlər eşidilib,
baxışlarından mehribanlıq duyulub. Gileydən, şikayətdən çox uzaq idi.
Min illər də indən belə səslənəcək
şeirləri bizə ərməğan qaldı:
Ta heç nə demirəm,
heç nə demirəm,
Alışır sinəmdə
söz aram-aram.
Mən sənə bir kövrək
yaddaşı möhkəm,
Vəfalı xatirə
bağışlayıram.
Bu "xatirə"lər
isə Məmməd Arazın bizə həmişə uzaq və
şirin nağıl danışacaq şeirləridir. Leylilər göyərəcək, Məcnunlar
doğulacaq, igidlər Vətən naminə ayağa qalxacaq,
sıraya düzüləcək və sonra daha nələr, nələr
olacaq. Min qanun yazılacaq, min fərman
veriləcək, min söz deyiləcək. Bəlkə hələ min illərin Həkərisi,
Arazı öz əvvəlki səmtini itirəcək. Böyük Füzulinin söz mülkü kimi dəyişməyən
Məmməd Arazın yazdıqları olacaq. Hava, su, çörək kimi köhnə təzəlikdə
həmişə ona ehtiyac duyulacaq. Və bir də bizə
qalan bu vəsiyyəti olacaq:
Bu torpağın son qurbanı mən
olsam,
Öz odumda yanıb külə tən
olsam,
Eldən ötən güllələrə
dən olsam,
Ata millət, oğul deyib
ağlama,
Ağlamağın yeri deyil,
ağlama!
Mədəniyyət.-
2010.- 13 oktyabr.- S. 13.