Qara qızıl ağ ekranda
Azərbaycan
kinosunda neft mövzusu
Ölkəmizi dünyaya tanıdan “qara qızıl”
iqtisadi güc və qüdrət olmaqla yanaşı,
zaman-zaman müxtəlif səpkili incəsənət əsərlərinə
mövzu olub, hətta bəzi sənət növlərinin təşəkkül
tapmasına təkan verib. Bu sırada kinonu xüsusi qeyd etmək
lazımdır. 1898-ci ildə fotoqraf Aleksandr Mixayloviç
Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə
neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”
adlı kinosüjetlər Bakının neft şəhəri
kimi tanınmasına töhfə olmaqla bərabər, həm
də Azərbaycan kinosunun yaranmasına zəmin idi. XX əsrin
əvvəllərində Bakıda yerli operatorlar və xarici
kino şirkətlərinin nümayəndələri tərəfindən
şəhərin həyatından, neft mədənlərindən
bəhs edən yeni kinoxronikalar və sənədli filmlər
çəkildi.
“Neft və milyonlar səltənətində” - ilk ikihissəli
bədii film
Neftlə bağlı sənədli
süjetlərdən sonra milli kinomuzda ilk bədii filmlərdən
biri neft mövzusundadır. 1915-ci ildə Qafqazda Pirone
qardaşlarının açdığı səhmdar cəmiyyət
İbrahimbəy Musabəyovun “Neft və milyonlar səltənətində”
povesti əsasında eyniadlı bədii filmin çəkilişinə
start verdi. Filmi çəkmək üçün Peterburqdan
rejissor B.N.Svetlov dəvət olundu. Film neft Bakısının
XX əsrin əvvəllərindəki həyatını
canlandırıb. Filmdə baş verən bütün əhvalatlar
əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan
edir. Yoxsul və kimsəsiz Cəlil ona məxsus torpaq sahəsində
neft tapılması nəticəsində varlı sahibkara
çevrilir. Lakin var-dövlətin qədrini bilməməsi,
Lütfəli kimi hiyləgər neft sahibkarı ilə dostluq
etməsi onu müflisləşdirir. Filmdə burjua cəmiyyətinin
ali təbəqəsinə qədər yüksələn,
amma orada özünə yer tapa bilməyən Cəlilin faciəli
həyatı əks olunub.
Neft sənayesinin
problemləri yeni ekran əsərlərində
Sonrakı illərdə də
Bakı nefti yeni ekran əsərlərinə
mövzu olmaqda davam edirdi. Sovet hakimiyyətinin ilk illərində
fəhlələrin həmkarlar
ittifaqlarının işindəki
problemlər haqqında
da filmlər çəkilirdi. 1924-cü
ildə rejissor Aleksandr Litvinov bunu komediya janrında göstərdi. “Mədənçi-neftçi istirahətdə
və müalicədə”
filmində fəhlə-neftçilərin
sanatoriya və istirahət evlərindən
söhbət açılır.
Artıq neft sənayesində
olan konfliktlər kinematoqrafçılar üçün
əsas mövzulardan biri idi. A.Litvinovun
1926-cı ildə çəkdiyi
“Müxtəlif sahillərdə”
detektiv-dramının süjeti
də neft mədənlərində gərgin
əməklə məşğul
olan işçilərə
qarşı çıxan
qüvvələrin konflikti
ətrafında qurulub.
O dövrdə Bakıda
yerli və gəlmə mütəxəssislər
arasında tez-tez münaqişələr yaranırdı.
Məhz bu münaqişələr
filmin əsasını
təşkil edib.
1928-ci ildə Azərbaycan və Ermənistan kinematoqrafçılarının
birgə istehsalı olan “Vulkan üzərində
ev” sosial
dramı çəkildi.
Filmin rejissoru və ssenari müəllifi Amo Beknazarov idi. Filmdə 1907-1908-ci illərdə Zabrat neft mədənlərində
və onun yaxınlığında fəhlə-neftçilər
üçün salınmış
komalarda baş verən faciəli hadisələr qocaman qazma ustasının xatirələrində canlandırılır.
1935-ci ildə neftçilərin
həyatından bəhs
edən və dram janrında olan “6-cı
hiss” filmini azərbaycanlı
rejissor Mikayıl Mikayılov çəkdi.
Bu tip səssiz filmlərdə
xronikal süjetlərdən
istifadə olunması
təbii idi. Çünki filmlərin mövzuları
da bəzən real həyatla səsləşirdi.
XX əsrin
30-cu illərinin sonlarından
başlayaraq neft sənayesinə gənc mütəxəssislər cəlb
olunmağa başlandı.
Yeni nəsil mütəxəssisləri
ilə yaşlı neft ustaları arasında münasibətlər
isə rəvan deyildi. Elə rəhbər dairələrdə
də qocaman neftçilərə münasibət
belə idi. Bu proseslər 1940-cı ildə rejissorlar Ağarza Quliyev və Qriqori Braginskinin birgə çəkdiyi “Yeni horizont” dramında canlanıb.
O dövrdə
Bakı neftçiləri
açıq dənizdə
qazma üsullarını
sınaqdan çıxarmağa
başlamışdılar. Bunun real təzahürü tarixi-inqilabi
janrda olan “Bakının işıqları”
filmində əks olunub. 1950-ci ildə ərsəyə gələn və rus dilində çəkilən ekran əsərinin rejissorları
Rza Təhmasib, Aleksandr Zarxi və İosif Xeyfis idi. Qeyd edək ki, Azərbaycan
kinosunda ilk dəfə
İosif Stalin və Mircəfər Bağırovun
obrazı da bu filmdə yaradılıb. Ekran əsərində
Stalin rolunu Mixail Gelovani, Mircəfər Bağırov rolunu isə Rza Təhmasib
oynayıb. Stalinin ölümündən
(1953) sonra filmdə ayrı-ayrı epizodlar kəsilib götürülüb
və 1958-ci ildə
o, yenidən ekrana buraxılıb.
Televiziyada nümayiş etdirilən ilk film neftçi-müğənnidən
bəhs edirdi
Dəhşətli
müharibənin (1941-1945) ağrı-acılarından
sonra 1950-ci illərin sonuna doğru Sovet İttifaqında sosial həyatda, mədəniyyətdə canlanma
baş verdi.
Diktator
Stalin dünyasını dəyişdikdən
sonra artıq rahat şəkildə gülmək də olardı. Belə bir vaxtda rejissor Lətif Səfərov neftçilərin
həyatını “Bəxtiyar”
filmində (1955) musiqili-komediya
janrında göstərdi.
Filmin baş qəhrəmanı
Bəxtiyar Muradovun məlahətli səsi olmasına baxmayaraq o, neftçi peşəsini seçir. Klub müdiri Ağabala
isə Bəxtiyarı
məşhur müğənni
etmək vədi ilə əslində olun fitri istedadından
yararlanmağa başlayır,
onun konsertlərini təşkil edir və çoxlu pul qazanır. Sonda Bəxtiyar müğənniliyin
böyük sənət
olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa
başlayır. “Bəxtiyar” həm də Azərbaycan Televiziyasında nümayiş
etdirilən (1956) ilk bədii
film olub.
“Neft daşları” və dəniz neftçilərinin fədakar
əməyi ekranda
Neft sənayesi qurudan
dənizə daşındıqca
filmlərin mövzuları
da onları “təqib” edirdi. Keçən əsrin 50-ci illərinin
sonlarından başlayaraq
neft mövzusunda çəkilən filmlər
dənizdə qazma işlərindən bəhs
edirdi. Rejissor Ağarza Quliyevin
1956-cı ildə çəkdiyi
“Qara daşlar” filmi neft kəşfiyyatçılarının
dənizdə qazma işləri apardıqları
zaman baş verən dramatik hadisələri əks etdirirdi. Bəzi filmlər isə
Xəzərin ortasında
salınmış “Neft
daşları” şəhərciyində
yaşayıb işləyən
neftçilərin əməyinə
və məişətinə
həsr olunurdu. “Möcüzələr adasında” (rejissor və ssenari müəllif Həsən
Seyidbəyli, 1963) dramında
ömürlərini bu
“ada”da keçirən
adamların qarşılıqlı
münasibətləri haqqında
söhbət gedir.
Rejissor Arif Babayevin
də böyük kinoda ilk müstəqil işi (“İnsan məskən salır”
(1967) tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin
həyatından bəhs
edir.
Rejissor Həsən Seyidbəylinin
müharibə janrında
çəkdiyi “Bizim Cəbiş müəllim”
(1969) filmindəki hadisələr
Böyük Vətən
müharibəsi illərində
Bakıda cərəyan
edir. Burada müharibə illərində
qələbə naminə
hər cür maddi çətinliklərə
dözüb, ailəsini
halal zəhmətlə
dolandırmağa çalışan,
vətənin azadlığını
hər şeydən yüksək tutan Cəbiş müəllimin
və sadə adamların mənəvi ucalığından söhbət
açılır. Sovet
İttifaqının faşist
Almaniyası ilə müharibədə qələbə
qazanmasında Bakı
neftinin nə dərəcədə böyük
rol oynaması haqqında fikirlər də ilk dəfə kinoda “Bizim Cəbiş
müəllim” filminin
personajı, neft mühəndisi Nəcəfovun
dili ilə söylənilib: “Hər
1000 tankdan 700-nü, hər
1000 təyyarədən 700-nü yanacaqla Bakı nefti təmin edir”. Rejissor H.Seyidbəyli Nəcəfov
obrazının dili ilə, əslində o vaxtkı ittifaq dairələrinin, rusların
xoşuna gəlməyən
faktları ekrana çıxarmışdı.
Mükafat qazandıran neft filmləri
1977-ci ildə isə neft mövzusuna rejissor Eldar Quliyev müraciət edir. Dram janrında olan “Sevinc buxtası”
bədii film 1920-ci ildə
Azərbaycanın sovetləşməsi
zamanı neft maqnatlarının yeni hakimiyyətlə mübarizəsindən
söz açır. Onlar üçün yalnız
bir yol qalıb
- iqtisadi blokada. Belə bir şəraitdə
hökumət qərar
qəbul edir: dənizin dibindən neft çıxarmaq üçün mədən
salmaq. Film 1978-ci ildə
Dövlət mükafatına
layiq görülür.
1980-ci ildə Mirzağa Mirmövsümov İbrahimbəy
Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin
ikinci ekran variantını yazır.
“Qızıl uçurum” adlı filmi Fikrət Əliyev çəkir.
Filmdə natura səhnələrinin
çəkilişi üçün
16 buruq qurulmuş və tonlarla neftdən istifadə edilmişdi. “Qızıl uçurum” filmi 1983-cü ildə XIV Ümumittifaq Kino Festivalında
(Leninqrad) rejissor Fikrət Əliyevə “Uğurlu debütə görə” mükafatı
qazandırıb.
Bir il sonra
(1984) rejissor Ənvər
Əblucun macəra janrında çəkdiyi
“Qara gölün cəngavərləri” filmi
isə 1905-ci ildə neftçi fəhlələrin
həyatından bəhs
edirdi. Filmin əsas qəhrəmanları
uşaqlar idi. Onlar da böyüklərlə
birlikdə neft maqnatlarına, istismarçılara
qarşı mübarizədə
iştirak edirlər.
Film XVIII Ümumittifaq Kino Festivalında (Minsk, 1985) Ümumittifaq
Komsomolu Mərkəzi
Komitəsinin mükafatına
layiq görülüb.
İntiqam Hacılı
Mədəniyyət.-
2010.- 13 oktyabr.- S. 10.