Ukraynada Azərbaycana sevgi və maraq
var
Oktyabrın
6-dan 8-dək Kiyevdəki Beynəlxalq
Sərgi Mərkəzində
17-ci Beynəlxalq “Ukrayna-2010” turizm sərgisi keçirilib. Sərgidə
iştirak etmiş Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi
Vüqar Şıxəmmədovun
dediyinə görə,
tədbirin açılışına
Ukrayna Mədəniyyət
və Turizm Nazirliyinin, bu ölkədə akkreditə
edilmiş diplomatik korpusların, Kiyev Şəhər Dövlət
Administrasiyasının yüksək
vəzifəli nümayəndələri
qatılıblar.
Azərbaycanın Ukraynadakı səfiri
Eynulla Mədətli mərasimdə çıxış
edib. O, Azərbaycan
dövlətinin turizm
sahəsinə xüsusi
diqqət yetirdiyini bildirib və ölkə başçısı
tərəfindən təsdiq
edilən «2010-2014-cü illərdə
turizmin inkişafına
dair Dövlət Proqramı»nın da əsas məqsədinin
Azərbaycanda yüksək
iqtisadi, sosial və ekoloji standartlara cavab verən müasir turizm sənayesi yaratmaq, turizm sahəsini ölkə iqtisadiyyatının əsas
mənbələrindən birinə
çevirmək olduğunu
deyib. E.Mədətli Azərbaycan və Ukraynanın mədəniyyət
və turizm nazirlikləri arasında sıx tərəfdaşlıq
münasibətlərinin olduğunu,
bu münasibətlərin
turizm sahəsində ikitərəfli əlaqələrə
də müsbət təsir göstərdiyini
bildirib.
V.Şıxəmmədovun
sözlərinə görə,
sərgidə Azərbaycanın
turizm potensialını
nümayiş etdirmək
üçün Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
12 kv m-lik stend ayrılıb və 15 adda müxtəlif növ reklam-çap məhsulları,
eləcə də
monitor vasitəsilə ölkəmizə
aid reklam çarxları
nümayiş olunub: «İlk dəfə Ukrayna dilində çap edilən Azərbaycana aid broşür
ziyarətçilərin böyük
marağına səbəb
oldu. Sərgidə dünyanın 31 ölkəsinin
rəsmi turizm qurumları, turizm şirkətləri və
mehmanxanaları iştirak
edirdilər. Stendimizə
yaxınlaşan ziyarətçilərə
ölkəmizlə bağlı
ətraflı məlumatlar
verdik, onlara Azərbaycanda turizmin inkişafı və perspektivləri haqqında
danışdıq».
Müsahibimin sözlərinə görə,
Azərbaycan nümayəndə
heyəti sərgidə
Ukrayna Jurnalistlər Assosiasiyasının vitse-prezidenti
xanım Elena Zelenko və “Mejdunarodnıy turizm” jurnalının baş direktoru Aleksandr Qorobetslə görüşüb: «Görüş
zamanı hər iki jurnalist bildirdi
ki, Ukrayna hər il Türkiyə,
Misir, Maldiv, Hindistan, Birləşmiş
Ərəb Əmirlikləri,
Gürcüstan və
s. ölkələrlə qarşılıqlı
infoturlar təşkil
edir. Onlar belə layihələrin gələcəkdə Azərbaycanla
da həyata keçirilməsini təklif
etdilər. Onu da qeyd edim
ki, “Mejdunarodnıy turizm” jurnalı Ukrayna KİV-ləri arasında nüfuzlu turizm jurnalı hesab olunur. Jurnalın
üz qabığında
Azərbaycan turizminə
dair məlumatlar çap olunmuşdu. Jurnalda Azərbaycanın turizminə dair yazılan məqalə Azərbaycan stendini ziyarət edən sərgi iştirakçılarının
da böyük marağına səbəb
oldu. Həmçinin bu ölkənin daha bir nüfuzlu
nəşri olan “Obiray” jurnalı da ölkəmizə dair məqalə çap etmişdi».
V.Şıxəmmədov
bildirdi ki, səfər zamanı sərginin təşkilatçısı
olan “Avto Ekspo” şirkətinin baş direktoru Aleksandr Qaraşenko ilə də görüşüblər. O, növbəti
ildə sərgidə
Azərbaycana daha geniş yer veriləcəyini və ölkəmizə aid stendin
hazırlanmasında rəhbərlik
etdiyi şirkət tərəfindən köməklik
göstəriləcəyini bildirib.
Sərginin bağlanış mərasimində
təşkilatçılar Azərbaycan nümayəndə
heyətinə sərgidə
fəal iştirakına
görə təşəkkür
ediblər və Mədəniyyət və
Turizm Nazirliyini müvafiq diplomla təltif ediblər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 13 oktyabr.- S. 9.