Əhədzadə Elxan Yəhya oğlu

 

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti, Xalq artisti, Prezident təqaüdçüsü Elxan Yəhya oğlu Əhədzadə 2010-cu il oktyabr 8-də ömrünün 63-cü ilində vəfat etmişdir.

   E.Əhədzadə 1948-ci il yanvarın 30-da Bakıda anadan olmuşdur. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına kinostudiyanın «Kinoaktyor» studiyasında rejissor A.İsgəndərovun sinfində almışdır. O, 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi yaradıcılıq fəaliyyətinə başlamışdır. E.Əhədzadə 1972-1977-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi çalışmağa başlamışdır.

   Uzun müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində çalışan Elxan Əhədzadə müxtəlif səpkili rəngarəng obrazlar qalereyası yaratmışdır. Gözəl vokal və səhnə imkanlarına, yüksək peşəkarlığa və tamaşaların ab-havasını gözəl əks etdirmək bacarığına malik olan sənətçi İ.Kalmanın «İddialı qaraçı» operettasında Pali Rac, F.Leqarın «Şən dul qadın»da Danilo, S.Fərəcov, Ə.Əmirlinin «Səhnədə məhəbbət»də Rüstəm, Q.Qarayevin «Çılğın qaskoniyalı» tamaşasında Sirano kimi rolları ifa etmişdir.

   E.Əhədzadə Azərbaycan Dövlət Mahnı Teatrında da işləmişdir.O, «Çətirimiz buludlardır» və «Üzü küləyə» filmlərində baş rollara çəkilmişdir. İstedadlı sənətkar Akademik Opera və Balet Teatrının səhnəsində də Ü.Hacıbəylinin «Leyli və Məcnun» operasında Nofəl, C.Bizenin «Karmen»ində Eskamilyo, R.Mustafayevin «Vaqif»ində Qacar, S.Ələsgərovun «Solğun çiçəklər»ində Bəhram, C.Verdinin «Riqoletto»sunda Riqoletto, C.Rossininin «Sevilya bərbəri»ndə Fiqaro rollarında çıxış etmişdir.

    Milli teatr sənətinin inkişafına bütün qüvvəsini sərf edən istedadlı müğənninin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. E.Əhədzadə 1998-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. O, prezident təqaüdçüsü idi.

   İstedadlı müğənni və gözəl insan Elxan Yəhya oğlu Əhədzadənin əziz xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində daima yaşayacaqdır.

  

   Allah rəhmət eləsin!

  

   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,

   Azərbaycan Dövlət Musiqili Komediya Teatrı,

   Azərbaycan Teatr Xadimləri İttifaqı.

 

 

   Mədəniyət.- 2010.- 13 oktyabr.- S. 6.