“Dahilər hər gün anadan olmur...”

 

   XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, XXI əsr musiqimizin canlı əfsanəsi Xəyyam Mirzəzadənin oktyabrın 5-də 75 yaşı tamam oldu. Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, “Şöhrət” ordenli Xəyyam Mirzəzadə bu günlərdə ölkə prezidentinin sərəncamı ilə Azərbaycanın daha bir dövlət nişanı - “Şərəf” ordeni ilə təltif olundu.

   Xəyyam Mirzəzadənin 50 il ərzində yazdığı əsərlərin musiqi xəritəsi çox genişdir. "Ağlar və qaralar" baleti, iki simfoniya, "Oçerklər-63" simfonik poeması, "Memory", "Mərakeş rapsodiyası", skripka ilə orkestr üçün konsert, səs ilə orkestr üçün "4 esse", 2 simli kvartet, ayrı-ayrı alətlər üçün solo sonatalar, fortepiano üçün 12 prelüd, soprano və fortepiono üçün "Etiraf" və s. əsərlər, 40-dan artıq kinofilmə və 30 dram əsərinə yazılmış musiqi, estrada və caz musiqisi, mahnılar... 75 illik yubileyi ərəfəsində bəstəkar 22 ilə yazdığı violin və orkest üçün böyük bir əsəri başa çatdırıb.

   Beləliklə, müsahibimiz görkəmli bəstəkar Xəyyam Mirzəzadədir.

  

  

   - Xoşbəxt sənətkarsınız, həm də o mənada ki, Qara Qarayev kimi böyük bəstəkarın sevimli tələbələrindən biri olmusunuz...

   - Hansı sənət olursa olsun, sənətkarlıq yüksək səviyyədə olmalıdır. Sənətkar olmaq üçün mütləq mühit və fədakarlıq lazımdır. Elə bir mühit ki, təhsil aldığın məktəb, tanış olduğun adamlar sənin şəxsiyyət kimi formalaşmağına və öz yerini tutmağına düzgün yol göstərsinlər. Bu mənada bəxtim onda gətirib ki, ziyalı ailəsində anadan olmuşam, ziyalı mühitində böyümüşəm. Düzdür, uşaqlıq illərimiz müharibə dövrünə təsadüf edirdi, biz də hamı kimi o ağır illəri yaşamışıq. Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası - red.) nəzdində yerləşən musiqi təmayüllü onillik orta məktəbdə skripka dərsi almışam. Konservatoriyada dərs deyən müəllimlərin əksəriyyəti o məktəbdə də işləyirdilər. Kitabların, notların qıtlığı dövründə orada təhsil almışıq. Sonra təhsilimi Dövlət Konservatoriyasında davam etdirdim. Üzeyir bəy bu təhsil ocağına Moskvadan, Leninqraddan (Sankt-Peterburq - red.) yaxşı müəllimlər dəvət etmişdi. Sonralar öz bəstəkarlarımız - Qara Qarayev, Cövdət Hacıyev Moskvada təhsil alıb qayıtdılar, bizə dərs dedilər.

   Qara Qarayev böyük müəllim idi. Onun sinfində oxumaq özü bir fərəh idi. Musiqi ilə yanaşı, bütün sahələrdən məlumatı vardı, əsl yaradıcı insanıydı. Mən tək deyildim, Qara müəllimin yaxşı tələbələri çoxdur...

  

   “Əsərin yaxşılığını, pisliyini vaxt təyin edir”

  

   - Bəs sizin necə, yaxşı tələbələriniz varmı?

   - Mənim də yaxşı tələbələrim var. Birinin adını desəm, o birinin adını deməsəm, inciyərlər. Mənim indiki, lap təzə dostlarım mənim köhnə tələbələrimdir.

   - Əsərlərinizi yazarkən sizə ilham verən qüvvə nə olur?

   - Yaşa dolanda insanın ilhamından başqa ustalığı və ustadlığı ortaya çıxır. Böyük bəstəkarın əvvəlki musiqisi hara, sonrakı musiqisi hara? Bunlar bir-birindən fərqlənir. Çünki inkişaf gedir, üslub bir haldan başqa hala düşür. Mən bir bəstəkar olaraq yaradıcılığım boyu çalışmışam ki, nə isə icad edim. Bu mənim yeganə arzum olub. Ona görə də mənim yazdığım musiqilər intellektual musiqidir. İstəmişəm ki, bu musiqini dinləyən adamın, musiqi ilə məşğul olan adamın təfəkkürü yaxşı olsun. Təfəkkürü yaxşı deyilsə, heç mən incimərəm ki, mənim musiqimə qulaq asıb bəyənməsinlər. Dünyada elə yazıçılar var ki, onlar çox az oxunurlar, elə bəstəkarlar var ki, onların əsərlərini çox az ifa edirlər. Əsası odur ki, belə yazıçıların, belə bəstəkarların öz auditoriyası var. Bax, bu çox vacibdir.

   Son zamanlar, maşallah, oxuyanlarımız hamısı musiqi yazır. Bunlar musiqi yazmırlar, artıq yazılan musiqinin variantını yazırlar. Çox qəribədir, pianoçuluq, musiqişünaslıq pis sənətdir? İndi hamısı musiqi yazır - özü də pis musiqi, ikinci növ musiqi. Bu gün radioda, xüsusilə özəl televiziyalarda olan biabırçılıqların qarşısında dayanmaq çox çətindir. Baxın, onlar kimin mahnısını oxuyurlar, kimin musiqisini ifa edirlər? Tək indi deyil, zövqsüz, mənasız musiqi yazanlar dünən də vardı. Hamısı da itdi getdi... Əsərin yaxşılığını, pisliyini vaxt təyin edir.

   Xəyyam müəllim bir anlıq söhbətinə ara verir. Sonra da deyir ki, mən 50 il konservatoriyada bəstəkarlıqdan dərs demişəm. Günlərin bir günü də ərizəmi yazıb işdən çıxdım. Səbəblərdən biri də bu oldu ki, əvvəla gələn kadrlar çox yüksək səviyyədə deyildilər. Səsi olmayanlar oxuyurdu, ifa edə bilməyənlər ifa edirdi, demirəm ki, hamısı, onların arasında çox istedadlıları da vardı...

   - Əsas odur ki, yaradıcılığınızı davam etdirirsiniz...

   - Bu yaxınlarda violin və orkestr üçün böyük bir əsəri bitirmişəm. 22 ildir onu yazıram, axır ki, qurtarmışam. İfaçım yoxdur, çünki əsər çox çətin əsərdir, o gərək yüksək səviyyədə ifa olunsun. Bundan başqa, kamera instrumental musiqisi yazıram. 75 yaşındayam, elə bilirsiniz oturub baxıram? İnsan daima inkişaf etməlidir.

   - Yaradıcılığınız boyu müxtəlif janrlara müraciət etmisiniz...

   - Musiqi yaza bilməyənlər yalnız bir janrda - mahnı yazırlar. Yüksək sənətkarlığı olan, xalqa qulluq edən bəstəkarlar isə musiqinin bütün janrlarında əsərlər yazırlar. Mən opera janrından başqa bütün janrlarda musiqi yazmışam. Opera janrına da ona görə müraciət etməmişəm ki, bu janra bizdə o qədər də fikir vermirlər. Gözəl teatrımız, gözəl sənətkarlarımız var, ancaq insanlar opera teatrına o qədər də getmir. Adam var ki, 50 yaşı var, hələ də “Koroğlu”nun nə olduğunu bilmir. Bu səbəblərdən Azərbaycanda opera teatrı yaranandan, görün, cəmi neçə əsər yazılıb.

  

   “Özümü iki yerə bölə bilmirəm”

  

   - Yeni əsər yazarkən və onu bitirərkən hansı hissləri keçirirsiniz. Ümumiyyətlə, bu prosesi necə yaşayırsınız?

   - Əsər yazmaq qəribə bir hissdir, yeni ev tikməkdir, yeni dünya qurmaqdır. Hər dəfə əsəri yazmamışdan əvvəl qeyri-ixtiyari olaraq axtarışda olursan, hazırlıq dövrü yaşayırsan. Günlərin bir günü də oturub yazırsan. Bir not, iki not, beş not, bir takt, iki takt, bir xanə... yavaş-yavaş görürsən ki, alınır...

   Əsəri bitirəndən sonra dərindən nəfəs alırsan. Çünki mən musiqi yazmağa başlayanda çox həyəcan keçirirəm. Sonra mütləq istirahət edirəm. Heç vaxt eyni zamanda iki əsər yazmamışam. Çünki özümü iki yerə bölə bilmirəm. İstənilən əsərdə isə sənətkarlığı ən yüksək zirvə sayıram. Biz böyük ustadları niyə sevirik, çünki onların əsərlərində sənətkarlıq çox yüksəkdir. Sənətkarın gərək sənətkarlığı olsun.

   Xəyyam müəllim arada saata baxır. Qeyri-ixtiyari “saata tez-tez baxırsınız” - deyirəm. Xəyyam müəllim evdə xeyli saatı olduğunu deyir. Sual verirəm ki, madam ki, saat zamanın vaxtını dəyişdirə bilmir, bu qədər saat nəyə lazımdır? Bəstəkarın cavabı belə olur: saatın özü gözəllikdir, bir də ki, mən dəqiqliyi çox sevirəm.

   - Siz həm də 40-a yaxın kinofilmə musiqi yazmısınız. “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, Bizim küçə”, “Birisigün, gecəyarısı...”, “Mənim ağ şəhərim”, “Arxada qalmış gələcək” və neçə-neçə filmlər gözəl musiqisi ilə seçilir. Sizin yazdığınız musiqi ilə filmin ümumi ahəngi tam üst-üstə düşür. Buna necə nail olursunuz?

   - Kino musiqisi çox yazmışam. Amma heç vaxt film yazdığım musiqi səbəbinə görə gecikməyib. O ki qaldı musiqi ilə filmin ümumi ahənginin tam üst-üstə düşməsinə, bu mənim şah nömrəmdir. Təbii ki, əvvəlcədən ssenari ilə tanış oluram və filmin ümumi ahənginə uyğun musiqi yazıram. Eyni zamanda film montaj olanda bu prosesdə iştirak edirəm. Elə məqamlar olur ki, məsələn, ekrana baxıram, rejissor deyir ki, burada qapı açılacaq, qapı bağlanana kimi olan zamana musiqi yazılmalıdır. Mən saata baxıram gəlib evdə o müddətə musiqini bəstələyirəm. Ona görə də mənim musiqim dəqiqdir.

   - Səsin ətri, rəngi, forması olurmu?

   - Mən belə düşünürəm ki, səsin rəngi olmur, obrazın rəngi olur. Əsərdə olan qara qüvvələr, qüvvələr, sevgi məhəbbət qüvvələri... Onlar da səslərin birliyinin nəticəsində əmələ gəlir. Musiqidə səsin rəngi yoxdur, səsin xasiyyəti var.

   - 75 illik ömrünüzdə hansı rənglər daha qabarıq yer tutur, ağlar, yoxsa qaralar?

   - Mənə elə gəlir ki, bütün rənglər bərabərdir. Həyat təzaddır, bir rəngdə ola bilməz. Ziddiyyət olmalıdır ki, yaşamaq maraqlı olsun.

   - Xəyyam Mirzəzadə üçün xoşbəxtlik nədir?

   - Həyatından - işindən, sənətindən, ailəsindən, ətrafından, mühitindən razı olmaq xoşbəxtlik deyil?

   - Çoxlarını, elə məni də bu sual çox maraqlandırır: niyə bu gün Üzeyir Hacıbəylilər, Qara Qarayevlər, elə müasirimiz olan Xəyyam Mirzəzadələr doğulmur?

   - (Gülür ) Onlardan gündə doğulsaydı, ləzzəti olmazdı. Əvvəla, hər dövrün özünün qəhrəmanı, hər dövrün özünün tələbi var. Bir də ki, dahi adamlar hər gün anadan olmurlar...

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2010.- 13 oktyabr.- S. 7.