Azərbaycanda
mütəşəkkil turizmin tarixi 1908-ci ildən başlayır
Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin
hazırladığı hesabat maraqlı faktlarla zəngindir
Son
illər ölkəmizdə turizm sektorunun intensiv
inkişafı istiqamətində dövlət və qeyri-hökumət
təşkilatları tərəfindən məqsədli
iş aparılır. Azərbaycan Turizm İnstitutunun Tədqiqat
və İnkişaf Mərkəzi də öz tədqiqatları
və maraqlı araşdırmaları ilə diqqəti cəlb
edir. Bu günlərdə mərkəz Azərbaycan-Türkiyə
İş Adamları Birliyi (ATİB) ilə birgə
apardığı «Azərbaycanın turizm sektoru» adlı
araşdırmanın nəticələrini
açıqlayıb.
Araşdırmalar nəticəsində
Azərbaycanın turizm sektoru ilə bağlı çox
maraqlı nəticələr əldə edilib. Hesabatda ölkəmizdə
turizm sahəsinin potensialı, idarə olunması, problemləri
və inkişaf perspektivləri əksini tapıb. Sənəd
yerli və xarici ekspertlərin əvvəlki illərdə
hazırladıqları hesabatlar, rəsmi məlumatlar və
elmi mənbələr əsasında tərtib edilib. Dünya
Turizm Təşkilatının, Dünya İqtisadi Forumunun
statistikasının, habelə Azərbaycan Dövlət
Statistika Komitəsinin rəqəmlərinin öz əksini
tapdığı hesabatın hazırlanması zamanı 50-dək
mənbədən istifadə olunub. Hesabat müəllifləri
Turizm İnstitutunun həyata keçirdiyi 10-dan çox sahə
tədqiqatının nəticələrindən də faydalanıblar.
70-80-ci
illər sosial turizmin
inkişafı ilə səciyyəvi olub
Hesabatda qeyd edilir ki, Azərbaycanda modern turizm fəaliyyətinin tarixi 1908-ci ildən başlayır: «Həmin il Bakıda Krım-Qafqaz dağ klubunun filialı açılıb. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olmağa başlayıb. Sovet dövründə turizm sahəsi özünəməxsus şəkildə inkişaf edib. 1922-ci ildən Bakıda ilk ekskursiya dərnəkləri fəaliyyətə başlayıb və 1929-cu ildən Proletar Turizm və Ekskursiyalar Cəmiyyətinin bölməsi kimi fəaliyyət göstərib. Qurum 1935-ci ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin nəzdində fəaliyyətini davam etdirib”.
Böyük Vətən
müharibəsindən (1941-1945) sonra idman, özfəaliyyət, ailəvi və uşaq turizmi vüsət
almağa başlayıb. 1950-ci ilin sentyabrında Bakı turist
bazası yaradılıb və bir müddət
sonra Azərbaycan Turizm
Ekskursiyalar İdarəsinə çevrilib. 1970-1987-ci illər ölkədə
sosial turizmin perspektiv
inkişafı ilə xarakterizə olunur.
1983-cü ildə SSRİ Nazirlər Soveti
sədrinin 1-ci müavini Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə Xəzərin
Azərbaycan sahillərində ümumittifaq
əhəmiyyətli kurort zonasının
yaradılması barədə müvafiq qərar
qəbul edilib. Azərbaycan SSR Nazirlər
Sovetinin 1984-cü il 2
oktyabr tarixli 381
saylı qərarına əsasən, respublikada
2000-ci ilə qədərki dövr üçün turizmin inkişaf sxemi qəbul olunub. Bu plan turizm sahəsində ilk və ən uzunmüddətli
plan olub. 1991-ci ildə
Azərbaycan Respublikası
Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası yaradılıb».
Son 10 ilin zəngin statistikası
Sənəddə son 10 ildə Azərbaycanda
turizmin inkişafından
geniş bəhs olunur. Bildirilir ki, 1999-cu ildə "Turizm haqqında" Qanun qəbul edilib, 2001-ci ildə Turizm Nazirliyi yaradılıb və həmin ildə Dünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan bu beynəlxalq quruma üzv qəbul olunub: «Bütün bunların nəticəsində
isə ölkəyə
turist axını ildən-ilə güclənməyə
başlayıb. 2008-ci ildə
Azərbaycana gələn
turistlərin sayı
2007-ci illə müqayisədə
39,4% artaraq, 1,4 mln. nəfər təşkil edib, 2009-cu ilin sonunda ölkədə
230 turizm şirkəti,
370 hotel fəaliyyət göstərib
ki, bu da
2007-ci illə müqayisədə
16,9% çox olub,
2009-cu ilin birinci yarısında respublikada
35 yeni mehmanxananın inşası davam edib».
Aparılan araşdırmaların nəticələrinə görə,
2002-ci ildə ölkədə
fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
94 olduğu halda, ötən dövr ərzində bu say 4 dəfə artaraq 370-ə
çatıb. Həmçinin
yerləşdirmə yerlərinin
də sayı 3 dəfə artıb: «Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir
ki, bu da
2002-ci illə müqayisədə
3 dəfə çoxdur.
Hesabatda qeyd edilir ki, Azərbaycan ərazisində dövlət
mühafizəsinə götürülən
daşınmaz tarix və mədəniyyət
abidələrinin siyahısında
artıq 7000-dək qorunan
obyekt var. Bir sıra tarix və mədəniyyət
abidəsinin qorunma sistemləri yaradılıb.
Bunlara İçərişəhər,
Çıraqqala, Qobustan,
Keşişdağ, Xınalıq,
Nardaran qalası, Şuşa, Şəki, Lahıc, Zaqatala, Basqal, Gəncə, Qazağın «Avey», Qəbələ, İlisu,
Ordubadın «Gəmiqaya»,
Şərurun «Arpaçay»,
Ordubad, Culfanın «Gülüstan», «Şabran
şəhəri», Hacıqabulun
«Pir Hüseyn Xanəgahı» və s. dövlət mədəniyyət,
etnoqrafiya qoruqlarını
misal gətirmək olar.
Milli mətbəximizin turizmdə yeri
Sənəddə qeyd olunur ki, Azərbaycanın geniş və əvəzolunmaz milli mətbəxinin turizm sektorundakı yerindən də söz açılır. Ölkəmizin
milli mətbəxinin nümunələrinin - yüksək
kalorili ət yeməklərindən balıq
yeməklərinədək, vegeterian tələblərə
uyğun göyərti
və tərəvəzdən
hazırlanan təamların
turistlər tərəfindən
yüksək qiymətləndirildiyi
vurğulanır: “Mineral sular,
regionlarımızda hazırlanan
yerli şərablar, turşular və şirniyyatlar da turistlərin diqqətini cəlb edən amillərdəndir. Azərbaycan
insanının xarakterik
xüsusiyyətləri arasında
yer alan
qonaqpərvərlik və
tolerantlıq turizm üçün mühüm
fürsətdir».
Turizm sektorunun əhəmiyyətinə
gəldikdə isə
bildirilir ki, turizm qeyri-neft sektorunda ən ümidverici sənaye sahəsidir ki, bu da Azərbaycanda
getdikcə daha sürətli inkişaf edir: «Turizm həm
gəlir gətirir, həm də iqtisadiyyatda katalizator effektinə malikdir. Çünki turizm iqtisadiyyatın
ən dinamik və sürətlə inkişaf edən sahələrindən biridir.
Dünyada ümumi daxili
məhsulun 6 %-ni təşkil edir. Eyni zamanda dünya investisiyalarının 7 %-i,
dünya istehlakçı
xərcləmələrinin 11 %-i turizmin payına
düşür. Azərbaycanda turizm siyasəti, hüquqi-normativ aktların
qəbul edilməsi və ölkənin mövcud turizm potensialının beynəlxalq
aləmdə tanınması
turizmin əhəmiyyətini
kəsb edən məsələdir. Turistlərin Azərbaycana çoxsaylı
səfərlərinin təşkili,
bu sahədə orta və kiçik
sahibkarlığın inkişaf
etdirilməsi, müasir
turizm infrastrukturunun yaradılması sahəsində
işlərin görülməsi
xüsusi əhəmiyyət
kəsb edir».
Beynəlxalq miqyasda Azərbaycanın turizm potensialının tanınması
Sənəddə o da qeyd edilib ki, son illər turizm haqqında bir sıra hüquqi aktlar qəbul olunub, qorunan ərazilər və abidələr haqqında qərar və sərəncamlar, lisenziya fəaliyyətinin normallaşdırılması,
hotellərin təsnifatlaşdırılması
və ulduzvermə fəaliyyəti sahəsində
böyük işlər
görülüb. Azərbaycan
hökuməti ilə
Moldova, Belarus, Qətər, Yunanıstan, Qazaxıstan,
Pakistan, İordaniya, Fransa,
Tacikistan, Misir və Litva arasında
turizm sahəsində əməkdaşlıq haqqında
sazişlər bağlanıb,
26 ölkə arasında
turizm sahəsində əməkdaşlıq haqqında
saziş layihələri
hazırlanıb.
Bundan başqa, ölkənin mövcud turizm potensialının beynəlxalq
aləmdə tanınması,
Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı,
Müstəqil Dövlətlər
Birliyinin Turizm Şurası, GUAM təşkilatı,
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı, İqtisadi
Əməkdaşlıq Təşkilatı
və s. beynəlxalq və regional təşkilatlarla
turizm sahəsində çoxtərəfli əməkdaşlığın
təşkil edilməsi
də bu istiqamətdə görülən
işlərin sırasına
aiddir.
Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə son beş
il ərzində ölkənin turizm imkanlarını əks etdirən qırxdan çox reklam-çap məhsulları hazırlanıb.
Turizm marşrutlarının
təbliği
Sənəddə qeyd edilir ki, ölkəmizə gələn turistlərin sayının artmasının
birinci səbəbi xarici ölkələrdə
təbliğat işinin
mütəşəkkil və
geniş şəkildə
qurulmasından asılıdır.
Son illər bu sahədə də mühüm irəliləyişlər
var. «İpək Yolu»,
«Babaların tarixi zəfər və şəhadət yolu», «Şərab yolları», «Aleksandr Düma Qafqazda», «Azərbaycanda alman yaşayış məskənləri», «Siemenslər
Gədəbəydə» beynəlxalq
turizm marşrutlarının
yaradılması turistlərin
ölkəmizə marağını
artırıb.
Bundan əlavə, ölkədə
5 ulduzlu hotellərinin
durmadan artması və biznes sərgilərin dəstəklənməsi,
istirahət və əyləncə turizmi, turizm-rekreasiya zonaları ilə bağlı aparılan işlər, ölkədə dini turizm potensialının mövcudluğu, Şahdağ
yay və qış turizm kompleksinin tikintisi bu sahədə daha böyük imkanlardan xəbər verir.
Turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf
etdirilməsi məqsədilə
230 turizm şirkətinin,
370 hotelin və 123 turizm müəssisəsinin
lisenziya əsasında
fəaliyyət göstərdiyinin
qeyd edildiyi sənəddə həmçinin
bildirilir ki, turist cəlb olunmasında mühüm amillərdən bir də keyfiyyət, münasib qiymət, təhlükəsizlikdir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 15 oktyabr.- S. 9.