Əzəmətli Beşbarmaq dağı

 

   Ekoturizm və dini turizm məkanı

  

   Respublikamızın ərazisindəki nadir geoloji obyektlərin ən maraqlı və turizm baxımdan cəlbedici olanlardan biri Beşbarmaq dağıdır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası “səhra aysberqi”ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də əzəmətlə ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. 

 

    Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib.

   Bu qayanın digər adı isə Xıdır Zində piridir. İnsanların həyatında, onlara güc verən, onları yaşadan müəyyən bir qüvvəyə olan “inam” məfhumu var. İnsanlar təbiəti, cəmiyyəti dərk etməyi başladığı andan təbiətdə baş verən mürəkkəb bir proses qarşısında aciz qaldığı zaman ümidini inandığı bir qüvvəyə, obyektə bağlayır, ona sitayiş etməklə ondan kömək gözləyir. Ərazidə özünün böyüklüyü, hündürlüyü, təkliyi və qeyri-adiliyi ilə, daha doğrusu, heykəl bir relyef forması kimi seçilən Beşbarmaq dağı belə bir nadir geoloji obyektlərdən biridir.

   Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədi ilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər.

   Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır.

   Qayanın zirvəsində dəniz havasını hiss etmək, ətrafı-dənizi və əks tərəfi müşahidə etmək insana xoş təəssürat bağışlayır. Burada ölçüləri 3x3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var.

   Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var.

   Doğrudur, burada yağışdan, günəşdən qorunmaq üçün çox da böyük olmayan bir necə tikinti var, lakin bunlar hamının qorunması üçün bəs etmir. Pir ətrafında tək-tək ağaclara rast gəlinir. Lakin təəssüflər olsun ki, ziyarətçilər tərəfindən bu ağacların kölgəsində ocaq yandırıldığından onlar qurumaq təhlükəsi altındadır. Odur ki, ərazini daha çox ziyarətçi, turist cəlb etmək üçün abadlaşdırmaqla Beşbarmaq dağını ən gözəl ziyarətgaha, ekoturzim dini turizm məkanına çevirmək olar.

  

 

   Fəxrəddin Abdullayev,

   Geoloq

 

  Mədəniyyət.- 2010.- 15 oktyabr.- S. 8.