“Ər
və arvad”: 100 ildən sonra...
Diqqət,
məşq gedir
Oktyabrın 16-17-də Dövlət Musiqili Komediya
Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad”
operettasının premyerası olacaq
1910-cu ildə indiki Musiqili Komediya Teatrının yerləşdiyi
binada - Tağıyev Teatrında tamaşaya qoyulan “Ər və
arvad” operettası 100 ildən sonra - Üzeyir Hacıbəylinin
125 illik, Musiqili Komediya Teatrının isə 100 illik yubileyi ilə
bir vaxtda yenidən səhnəyə qayıtdı. Artıq teatrda “Ər və arvad”ın son məşqləri
gedir və biz də fürsəti əldən vermədik.
Beləliklə, “Diqqət, məşq gedir”
rubrikasında bu dəfə “Ər və arvad” musiqili
komediyasıdır.
Birinci zəng
çalınır. Demək, bir azdan
tamaşa başlayacaq. 100 ildən sonra “Ər və
arvad”a yeni səhnə ömrü verən tamaşanın quruluşçu
rejissoru Yusif Əkbərov ürək sözlərini bizimlə
bölüşür:
- Üzeyir Hacıbəyli
Azərbaycanda ilk operanı yaratmaqla yanaşı, həm də
musiqili komediya janrının əsasını qoymuş dahi bəstəkardır.
İlk dəfə o, 1909-cu ildə bu janrda “Ər
və arvad” operettasını yazıb və əsər 1910-cu
ildə tamaşaya qoyulub. Azərbaycanda
musiqili komediya teatrının tarixi də bu tamaşa ilə
başlayır. Bu mənada Üzeyir bəyin
istər musiqi, istər ədəbi irsi bizim üçün
çox qiymətlidir. Neçə illərdir ki,
teatrımızın repertuarında “O olmasın, bu olsun”,
“Arşın mal alan” əsərləri
xüsusi yer tutur.
O ki qaldı “Ər və arvad”
operettasına, bu əsərə ötən müddətdə
cəmi iki-üç dəfə müraciət olunub. Ancaq 100 illiyini qeyd edən teatr mütləq ilk
tamaşasına müraciət etməli idi. Bu ərəfədə bir sıra çətinliklərlə
qarşılaşdıq. Məlum oldu ki,
musiqi materiallarının bir hissəsi it-bata düşüb.
Ona görə Ü.Hacıbəylinin ev-muzeyinin
direktoru Sərdar Fərəcova müraciət elədik.
O, xahişimizi qəbul etdi və yeni redaksiya yaradıldı. Axtarışlar aparıldı və sonda
tamaşanın musiqiləri bərpa olundu.
- Aktyor seçimində çətinliklə
qarşılaşdınızmı?
- Şükür
Allaha, istedadlı aktyorlarımız çoxdur. Bu
tamaşaya xalq artistləri Afaq Bəşirqızı,
İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova ilə
yanaşı, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti
Yaşar Nurini də dəvət etdik. Əminəm
ki, bu aktyorların tamaşada iştirakı maraqlı olacaq.
Eyni zamanda tamaşada əməkdar artistlər Elçin Həmidov,
Əkbər Əlizadə, aktyorlardan Əliməmməd
Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva,
Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili
çıxış edəcəklər və mənə elə
gəlir ki, tamaşa bizə uğur gətirəcək.
Budur,
üçüncü zəng çalınır. Üzeyir bəyin doğma və əzəmətli
musiqisinin sədaları altında tamaşa başlayır.
Ötən əsrin əvvəllərini
xatırladan məkan tamaşaçını uzaq, eyni zamanda
yaxın dövrə aparır. Mərcan bəy
övrəti Minnət xanımdan canını qurtarmaq istəyir.
Səbəbi isə... O, yeni sevdaya düşüb. Ancaq Minnət xanım ərinin qəribəliklərindən
xəbər tutur. Yox, bütün
tamaşanı sizə danışmayacağam. 100 yaşlı səhnə əsərinin
günümüzlə nə qədər səsləndiyini
görmək üçün tamaşaya mütləq
özünüz baxmalısınız.
Gözəl səhnə
tərtibatı, səliqəli və aydın rəssam
işi, aktyorların yüksək peşəkarlığı
və bir də tamaşanın musiqisi xoş ovqat yaradır.
Hadisələr get-gedə kəskinləşib kulminasiya
nöqtəsinə çatır, pərdələr enir və
birinci hissə başa çatır...
“Bundan sonra “Ər və arvad”ın unudulmaq təhlükəsi
olmayacaq”
Fasilədə “Ər və arvad”
tamaşasının yenidən səhnəyə
qayıtmasında xüsusi xidmətləri olan, əsərin
yeni redaktəsi və orkestrləşdirilməsini həyata
keçirən Əməkdar incəsənət xadimi Sərdar
Fərəcovla görüşüb təəssüratlarını
öyrənirik:
- Bizim hər birimizin arzusudur ki,
Üzeyir Hacıbəylinin naməlum əsərləri yenidən
səhnəyə qayıtsın. “Ər və
arvad” musiqili komediyası uzun illər idi, unudulmaq girdabına qərq
olmuşdu. Sağ olsun, Musiqili Komediya Teatrının rəhbərliyi,
müraciət edib bildirdi ki, bu əsəri yenidən səhnəyə
qaytarmaq istəyirlər. Əvvəlcə
böyük təhlil prosesi getdi, muzeydə cəmi 12-13 nömrədən
ibarət klavir vardı. Klavir səs və
fortepiano müşayiətidir. Orkestr
yoxdur. Orkestrdə 40-50 nəfərin
qarşısında partiya olur. Bunlar
ayrı-ayrılıqda heç nə ifadə etmir. Ancaq biz bəzi melodiyalardan ipucu tapdıq, bərpa
etməyə çalışdıq. Qalan
yerləri isə axtara-axtara 10-a yaxın musiqi nömrəsi əlavə
etdik.
Qeyd edim ki, 40-cı
illərdən sonra bu tamaşa ancaq rayon klubları səviyyəsində
qoyulub, biz o insanları da soraqlayıb tapdıq, onların
dilində, yaddaşında olanları araşdırdıq.
Bir ildən artıq axtarışlar apardıq.
Keçən ilin dekabrında fortepiano və xor
üçün klaviri tamamladım. Xorlar birsəsli idi,
indi 4 səslidir, orkestr yox idi, indi 30 səsli orkestr var. Ən
vacibi isə budur ki, partitura var, bu o deməkdir ki, bundan sonra “Ər
və arvad”ın unudulmaq təhlükəsi olmayacaq. Bu gün
hər birimiz sevinirik ki, Üzeyir bəyin 100 il
əvvəl tamaşaya qoyulan əsəri yenidən səhnəyə
qayıtdı.
“Ər
və arvad”ın gözlənilməz sonluğu
Zəng
çalınır, ikinci hissə başlayır.
Özünü xoşbəxtliyin yeddinci qatında hiss edən
Mərcan bəyi əslində nə gözləyir? Toy səhnəsi, maraqlı rəqslər və
tamaşa içində tamaşa. Toya təşrif
buyuran sazəndələr - tar, kaman və xanəndə məharətlə
“Mahur”u ifa edir. Bu tamaşaya yeni rəng
qatır. Bu səhnə bizə Üzeyir bəyin
ikinci musiqili komediyası olan “O olmasın, bu olsun” əsərindən
də tanışdır. Və nəhayət, “Ər və
arvad”ın gözlənilməz sonluğu... və
zaldakıların alqışları...
Tamaşadan sonra baş rolların ifaçıları
ilə görüşürük:
Tamaşada Minnət xanım rolunu
ifa edən Xalq artisti Afaq Bəşirqızı qrim
otağına tələssə də, bir anlıq ayaq
saxlayıb ürək sözlərini bizimlə
bölüşdü:
- Əlbəttə
ki, bu, klassik bir əsərdir. Burada oyunun
özünün tələbləri, qaydaları var, eyni
zamanda Afaq improvizəsi də var. Hər bir aktyorun klassik əsərdə
oynaması onun yaradıcılığının ən
xoşbəxt, ən tarixi anıdır ki, bu da mənə nəsib
olub. Artıq Üzeyir bəyin ikinci əsərində
oynayıram və mənə elə gəlir bu rol mənə
uğur gətirəcək.
Tamaşada Kərbəlayi Qubad rolunu oynayan Xalq artisti
Yaşar Nuri:
- Üzeyir bəyin üç
operettası var və teatr tarixində bu üç
operettanın üçündə də oynamaq Mirzəağa
Əliyevə qismət olub, bir də tale mənə qismət
edib. “Arşın mal alanda” oynamışam, bu yaxınlarda
A.Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrında “O olmasın, bu olsun”da Məşədi
İbadı oynamışam, indi də “Ər və arvad”
tamaşasında oynayıram. Dediyim kimi, vaxtilə
“Ər və arvad” tamaşasında Kərbəlayi Qubad rolunu
Mirzəağa Əliyev oynayıb. Üzeyir
bəy onu ilk dəfə dramatik roldan bu rola dəvət
etmişdi. Bu rola görə “Nicat” cəmiyyəti
Mirzəağa Əliyevə brilyant üzük
bağışlamışdı.
Bu rola məni dəvət
edəndə məmnuniyyətlə razılıq verdim,
kollektiv çox mehriban kollektivdir, məni yaxşı
qarşıladılar, inşallah, son sözü, hər zaman
olduğu kimi, bu dəfə də tamaşaçılar deyəcəklər.
“Ər
və arvad” tamaşasında Mərcan rolunu yaradan İlham
Namiq Kamal:
- 100 il
keçir və teatr yenidən “Ər və arvad”
tamaşasına müraciət edir. Əslində
heç nə dəyişməyib, yenə eyni vəziyyətdir,
sadəcə paltarlar dəyişir. İllər
keçir, insan psixologiyası, qadın-kişi münasibətləri
dəyişmir. Kişi azadlıq istəyir,
ondan fərqli olaraq qadın evinin, ocağının, ailəsinin
xoşbəxtliyini qorumaq istəyir. Əlbəttə
ki, kişinin başı daşdan-daşa dəyəndən
sonra ayılır, başa düşür ki, ailəni,
ocağı qorumalıdır.
Yusif Əkbərov bu
rolu mənə həvalə edəndə
çalışdım ki, maraqlı alınsın. Aktyor yaşından asılı olmayaraq səhnədə
dəyişməlidir. Bu tamaşada kifayət
qədər sanballı aktyorlar iştirak edirlər, hər
biri öz rolunun öhdəsindən məharətlə gəlir.
Bu tamaşaya görə bizim kollektivi təbrik
etmək lazımdır.
Xatırladaq ki, tamaşanın
quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, dirijor Fəxrəddin Atayev,
quruluşçu rəssam Eldar Qurbanov, quruluşçu
baletmeysterlər Zakir Ağayev, Yelena Ağayevadır.
“Ər və arvad”
musiqili komediyası bir əsr sonra yenə səhnədədir.
“Ər və arvad”a 100 ildən sonra baxmaq istəyənləri
tamaşanın premyerasına dəvət edirik.
Təranə
Vahid
Mədəniyyət.-
2010.- 15 oktyabr.- S. 4.