Kukla Teatrında “O olmasın, bu olsun

 

    Milli musiqimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılıq irsi təkcə öz xalqı üçün yox, bütün bəşəriyyət üçün çox dəyərli sərvətdir. Onun Azərbaycan teatrı tarixində özünəməxsus yer tutan komediyaları arasında 1911-ci ildə yazdığı «O, olmasın bu olsun» əsəri mükəmməl klassik üslublu səhnə əsəri kimi şöhrət qazanıb. Bu əsər dəfələrlə Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub, onun əsasında film çəkilib.

  

   Tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanan «O, olmasın bu olsun» tamaşası bu dəfə Azərbaycan Dövlət Kukla Teatrının səhnəsinə təşrif gətirdi. Tamaşa dövlət sifarişi ilə repertuara salınıb dahi bəstəkarın 125 illiyinə töhfə edilib. Maraqlı xoşagələn hadisə odur ki, Məşədi İbad rolunu ifa etmək üçün tamaşaya Xalq artisti, görkəmli aktyor Yaşar Nuri dəvət olunub. Bu, Kukla Teatrı üçün olduqca əlamətdar sensasiya sayılacaq təşəbbüs idi.

   Məşədi İbad obrazı Yaşar Nurinin ifasında digər teatr səhnələrində oynanılmış Məşədi İbad obrazları ilə müqayisədə seçilir olduqca inandırıcı, yüksək ifaçılıq bacarığı ilə tamaşaçılara çatdırılır. Yaşar Nurinin bir ustad kimi tamaşanın əvvəlində gözlənilmədən zaldan öz əzəmətli addımları qeyri-adi jestləri ilə səhnəyə çıxması gurultulu alqışlarla qarşılanır. Tamaşada əsas rollardan birini tanınmış aktyor Rəhman Rəhmanov oynayır. Onun yaratdığı Rüstəm bəy artıq müflisləşən quru bəy, lakin hələ özünü qürurlu tutan, qızı Gülnazı qoca tacirə satan mənəviyyatsız bir tipdir. Rüstəm bəyə məxsus bu hərəkətlər, xasiyyətlər Rəhmanın ifasında bütünlüklə, öz dəst-xətti baxımından yüksək səviyyədə nümayiş etdirilir.

   Gənc tələbə Sərvər sevdiyi Gülnaza qovuşmaq üçün Rüstəm bəy onun dəstəsi ilə üz-üzə duran, öz sevgilisinin mühafizəsinə sinə gərən nəticədə istəyinə nail olan qalib bir obrazdır. Bu obraz Tofiq Dadaşovun ifasında dolğun bir tərzdə canlandırılır. Tamaşada iştirak edən digər qəhrəmanlar - meyxanalarda kef çəkən, məsləksiz hiyləgərlər bir-birlərinə kələk gələn satqınlar, Rüstəm bəy, Həsənqulu bəy, Rza bəy, Həsən bəy, qoçu Əsgər, hambal kimi tiplərin xarakterləri açıq-saçıqlığı ilə teatrın istedadlı aktyorları Elşad Rəhimzadə, İqbal Əliyev, Elnur Abbasquliyev, Aslan Fətullayev, Anar Davudov tərəfindən yaradılan xarakter etibarı ilə bir-birindən fərqlənən obrazlar dolğunluğu ilə təqdim edilir.

   Tamaşanın rejissoru Elşad Rəhimzadənin əsərə düzgün traktovka verməsi aktyorların oyununda da özünü göstərir. Gənc aktrisa Hökumə Əbdürəhimova tərəfindən sənətkarlıqla yaradılan Sənəm surəti olduqca xoş təsir bağışlayır. Aktrisa köməksiz, hüququ olmayan səmimi bir qadın obrazını məharətlə canlandırıb. Elşad Rəhimzadənin yaratdığı qoçu Əsgər obrazı da öz xarakteri baxımından həqiqətən qoçudur.

   Tamaşada böyük iztirablar içində çırpınan, özünün satıldığını açıq-aşkar bilən Gülnaz obrazı da istedadlı aktrisa Səriyyə Mənsurovanın ifasındayüksək səviyyədə ifa edilir. «O olmasın, bu olsun» tamaşası rejissor Elşad Rəhimzadə rəssam Lətifə Quluzadənin böyük uğuru sayıla bilər.

   Qeyd edək ki, tamaşa üçün kuklalar Sankt-Peterburqdakı kukla teatrında çalışan istedadlı kukla rəssamı Tatyana Melnikova tərəfindən yüksək səviyyədə, teatrımızın baş rəssamı Lətifə Quluzadənin eskizləri əsasında hazırlanıb. Tamaşaya verilən tərtibat səhnə şərtlərinə uyğun, olduqca effektli alınıb. Bu cür bir-birindən gözəl, mənalı ideyalar kəsb edən tamaşalar hazırlanmasında teatrımıza yeni yaradıcılıq uğurları arzulayırıq.

  

   Hüseyn Əhmədov,

   Dövlət Kukla Teatrının ədəbi dram hissəsinin müdiri,

   Əməkdar mədəniyyət işçisi

 

   Mədəniyyət.- 2010.- 15 oktyabr.- S. 6.