“Caz musiqisində sərbəstlik, geniş improvizasiya imkanları var”

 

   Şahin Növrəsli: “Caz, qəliz musiqidir. Onu Azərbaycanda muğam, xalq musiqisi ilə sintez edib tamaşaçıya sevdirmək lazımdır”

  

   Azərbaycan cazının tarixi böyük olmasa da, xeyli zəngindir. İlkin təşəkkül dövründə muğam üstündə qurulmuş Azərbaycan cazı özünəməxsus inkişaf yolu keçib və bu gün dünyanın bir çox ölkələrində maraqla dinlənilir, ifa edilir, rəğbət doğurur. Ölkəmizin gənc caz ustaları bu janrda yazılmış musiqimizi xaricdə müxtəlif müsabiqə və festivallarda layiqli şəkildə təbliğ edirlər.

   Onlardan biri də istedadlı cazmen Şahin Növrəslidir.

   O, 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb, 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Qısa müddət ərzində Şahin caz musiqisinin məğzini və onun çoxobrazlı imkanlarını o qədər dərindən mənimsəyib ki, Amerika və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir musiqi bilicilərini və professionalları heyrətə salıb. Moskvada çıxışı zamanı isə rus cazmenləri onu dahi Vaqif Mustafazadənin davamçısı, dünya cazının yeni ulduzu adlandırıblar.

   Bu gün Şahin Növrəslini Azərbaycan cazının gənc vizit kartı adlandırmaq olar. Azərbaycan muğamının melodiyaları və ənənəvi caz ritmlərini sintez edən musiqiçi iki mədəniyyəti - Qərb və Şərq musiqisini öz əsərlərində birləşdirir.

   Ekzotik melodiyalar, iti harmoniya, şıltaq Şərq ritmləri və qaynar Amerika cazı - bu, Şahin Növrəslinin musiqisidir. Onunla söhbətdə ilk olaraq bu musiqiyə marağının haradan qaynaqlandığını soruşduq:

  

        

   - Niyə məhz caz musiqisini seçdiniz?

   - Hələ uşaq yaşlarımdan məndə musiqiyə böyük maraq yaranmışdı. Xalq musiqiləri, muğam, klassik musiqi məni özünə bağlamışdı. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuduğum müddətdə klassik musiqi və caz ilə dərindən məşğul oldum. 18 yaşımda Raxmaninovun II konserti ilə çıxış etdim və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görüldüm. Bakı Musiqi Akademiyasında oxuyarkən özümü tamamilə caz musiqisinə həsr etdim. Cazı seçməyim də təsadüfi deyil. Bu elə bir sahədir ki, burada azadlıq, sərbəstlik var. Musiqiçi burada klassik musiqilərdə olduğu kimi çərçivələrdə yox, tam azad şəkildə improvizasiyalarla öz musiqisini ifa edir. Cazda musiqiçinin qəlbini, daxili hisslərini görmək mümkündür.

   - Bu vaxta qədər müxtəlif beynəlxalq festivallarda iştirak etmisiniz. Bildiyimizə görə, bu yaxınlarda ABŞ-da konsert proqramı ilə çıxış edəcəksiniz...

   - Artıq neçə ildir ki, müxtəlif festival və turnelərdə çıxış edirəm. Bu vaxta qədər İtaliyada “Gruppe Dekadeniz”, ABŞ-da “Hot summer jazz Festivale”, Rusiyada (Soçi) “Black Sea Jazz Festivale”, İsveçrədə “Montreux Jazz” festivalı kimi mötəbər müsabiqələrdə, həmçinin Bakıda keçirilmiş Beynəlxalq caz festivalında iştirak etmişəm. Bu yaxınlarda Amerikaya gedəcəyəm və orada təxminən 1 aylıq konsert proqramı ilə çıxış edəcəyəm. Bu səbəbdən builki “Bakı Beynəlxalq caz festivalı”nda iştirak edə bilməyəcəyəm.

   - Özünüz trio yaratmısınız...

   - Bəli. Bu trionu bir neçə il bundan öncə yaratmışam. Daima yeniliklər axtarışında olduğum üçün trionun tərkibini tez-tez dəyişməli oluram. Bəzən ifa etdiyim caza başqa bir musiqi alətini əlavə edirəm, dəyişikliklər də bununla bağlı olur. Sonuncu dəfə Alim Qasımovla olan konsertdən sonra muğam ifa etmək fikrinə düşdüm. Trioda muğamı özüm ifa etdim. Bu da növbəti yeniliyim idi. Tamaşaçılar da bu ifamı çox yaxşı qarşılamışdılar. Hətta caz ifamla muğam ifamı eyni dərəcədə müqayisə edənlər də var idi. Bu da təbii ki, böyük stimuldur.

   - Bir vaxtlar Bakıda Caz Akademiyası yaratmaq arzusunda olduğunuzu demişdiniz...

   - Bu mənim uşaqlıq arzumdur. Hər bir yeni layihə haqqında düşünərkən ilk öncə, təbii ki, ölkəmi fikirləşirəm. Azərbaycanda cazın inkişafı üçün Caz Akademiyasının olması əsasdır. Son zamanlar xarici ölkələrdə konsert proqramları ilə mütəmadi çıxış etdiyim üçün daha bu ideya haqqında ciddi düşünüb-daşına bilməmişəm.

   - Azərbaycan cazının xarici dövlətlərdə təbliğində kifayət qədər rolu olan insansınız. Bunun məsuliyyətini necə hiss edirsiniz?

   - Azərbaycan cazı dünyada kifayət qədər qəbul edilir və tanınır. Lakin elə ölkələr olub ki, onların müasir Azərbaycan cazı haqda ümumiyyətlə məlumatı olmayıb. Həmin ölkələrdə mənim ifamdan sonra Azərbaycan cazı ilə tanış olublar. Təbii ki, belə hallarda mənim üzərimə düşən məsuliyyət yükü daha ağır olur. Ölkəmiz üçün çalışıb əldə etdiyim hər bir uğur mənim üçün böyük şərəfdir.

   - Azərbaycan cazına xaricdə münasibət necədir?

   - Bütün dövrlərdə Azərbaycan cazı haqqında yüksək fikirdə olublar. Həm də bizim musiqiçilər hər zaman caza yeniliklər gətirməklə əcnəbilərin diqqətini özlərinə cəlb edə biliblər. Məsələn, mən caz ifa edərkən qəzəl deyirdim və bu da zalda çox böyük maraqla qarşılanırdı. Hətta Fransada konsertin sonunda tamaşaçı qarşımda diz çökərək alqış edirdi. Bu onun mənim yox, Azərbaycan cazı qarşısında baş əyməsi idi. Ümumiyyətlə, xarici tamaşaçıların bizim milli caza reaksiyası daha emosional olur.

   - Xarici caz ustaları ilə birgə hansı layihələriniz olub?

   - Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan “Əbədi yol” adlı layihə ərsəyə gəlib. Daha bir layihə isə caz solo və klassik solonu birləşdirən “Clajamu” layihəsidir. Bununla yanaşı, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxış etmişəm, birgə albomlarım var.

   - Peşəkar caz ustasısınız. Dərs demək haqqında düşünürsünüzmü?

   - Doğrusu, musiqi məktəblərindən dəvətlər almışam. Hətta bir ilə yaxın dərs də demişəm. Lakin son zamanlar qastrol və turlar dərs deməyimə imkan vermir. Amma cazla maraqlanan hər bir tələbəyə yaxından kömək etməyə hazıram.

   - Niyə digər musiqilərlə müqayisədə caza az qulaq asırlar?

   - Caz qəliz musiqidir. Onu Azərbaycanda sırf caz şəklində ifa etmək də olmur. Cazı mütləq muğam, xalq çalğı alətləri ilə sintez edib tamaşaçıya sevdirmək mümkündür. Dünyada da belədir. Bütün dövrlərdə caz musiqisinə tamaşaçı marağı o qədər də böyük olmayıb. Bu tamaşaçının cazı başa düşməməsi ilə əlaqədar deyil. Cazın öz dinləyicisi və auditoriyası var.

   - Şahin Növrəsli özü kimi dinləyir?

   - Təbii ki, uşaqlıqda Vaqif Mustafazadəni daha çox dinləyirdim. Kit Karleti çox dinləmişəm. Hətta bilmədən özümü dinlədiyim vaxt da olub. İnanılmaz səslənsə də, özümü bəyənib demişəm ki, “görəsən, bunu kim ifa edir?”... Sonradan müəllifin özüm olduğunu biləndə mənfi cəhətləri tapmağa çalışmışam.

   - Sizi bəzən Vaqif Mustafazadə ilə müqayisə edirlər. Hətta onun davamçısı da deyirlər... Bu müqayisə sizdə necə təəssürat oyadır?

   - Hər bir musiqiçi ilk addımlarında özünü kiməsə bənzədir. Təbii ki, mən də ilk dəfə Vaqif Mustafazadəni dinlədiyim üçün ondan ilham almışam. Keçmişdəki görkəmli musiqiçiləri, kökü unutmaq olmaz.

   - Bu vaxta qədər qazandığınız uğurlara görə kimlərə borclusunuz?

   - Uğurlarımda hər şeydən öncə Allaha minnətdaram. Bütün uğurlarımda, təbii ki, valideynlərimə borcluyam. Onların borcundan heç vaxt çıxa bilmərəm. Qardaşlarım da mənə çox böyük dəstək olublar.

   - Bu günlərdə Bakıda möhtəşəm caz festivalı keçiriləcək. Bu barədə nə deyə bilərsiniz?

   - Çox gözəl haldır ki, Azərbaycanda caza maraq və qayğı var. Qeyd etdiyim kimi, həmin vaxt Amerikada səfərdə olacağam və təəssüf ki, festivalda iştirak edə bilməyəcəyəm. Cazı sevmək üçün həm də klassik musiqini qəbul etmək və təbliğ etmək lazımdır.

  

   Söhbətləşdi:

   Yeganə Cansail

 

  Mədəniyyət.- 2010.- 15 oktyabr.- S. 5.