Energetikin rənglər dünyası

 

   Müxtəlif sənət sahələrində çalışan insanlarda gec-tez iç dünyalarında gəzdirdikləri yaratmaq istəyinin musiqi, şeir, rəsm əsəri şəklində təzahür etməsinə dəfələrlə şahidlik etmişik. Bakının Xətai rayonu elektrik şəbəkəsinin mexaniki Tofiq Mövsümovun bu gün energetik peşəsini rəssamlıqla qoşalaşdırması da dediklərimizin təsdiqidir.

  

   Sabirabadda dünyaya göz açsa da, sonralar Bakıda yaşayan və Keşlədəki 201 saylı orta məktəbdə oxuyan Tofiq Mövsümov biliyə yiyələndiyi illərdə özünün rəssamlıq bacarığını da nümayiş etdirə bilib. Amma peşə seçimi edəndə atasının istəyinin əksinə getməyərək Bakı Energetika Texnikumunda təhsil almağa üstünlük verib. Sonra Bədii İstehsalat Kombinatında mexanik vəzifəsində çalışarkən o, yenidən ürəyində hələ də öləziməyən rənglərə olan sevgisini xatırlamağa məcbur oldu. Belə ki, burada respublikanın bir çox məşhur rəssamları ilə hər gün təmasda idi. Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Asəf Cəfərov, Kamil Xanlarov və digərləri ilə həm kombinatda, həm də rəssamların yaradıcılıq emalatxanasında baş tutan ünsiyyəti bir neçə il davam etsə də, mexanik özünün rənglərə olan marağını onlara bildirməkdən çəkinirdi. Nəhayət, bir müddət sonra Tofiq Mövsümov rəssamlar arasına çıxmağa qərar verəndə onun çəkdiyi əsər hər kəsi təəccübləndirdi.

   Hadisə belə olmuşdu...1990-cı ildə Rəssamlar İttifaqının indiki Azərbaycan (keçmiş H.Hacıyev) küçəsindəki sərgi salonunda Azərbaycana səfərə gələn nüfuzlu xarici qonağın mədəni tədbirlər proqramına daxil edilmiş sərgi təşkil edilmişdi. Mədəniyyət nazirinin müşayiəti ilə sərgiyə gələn qonaq böyük maraqla əsərlərlə tanış olur. Sonda qonaq sərgidə göstərilən bir tablonu almaq istədiyini bildirir. Nazir haradasa onun bu istəyini təbii sayır. Çünki ekspozisiyada adları xarici ölkələrdə də kifayət qədər məşhur olan Azərbaycan rəssamlarının əsərləri vardı. Ancaq qonaq xanımın seçimi naziri də, elə onları müşayiət edənləri də çaş - baş salmışdı. Fransalı qonaq çoxsaylı əsərlərin arasından Tofiq Mövsümovun “Kənd mənzərəsi” tablosunu seçmişdi. Həmin anda ona heç kəs əsəri bəyənilən müəllif barəsində qonağa tutarlı məlumat verə bilmədi. Yalnız işləri sərgiyə qəbul edən salonun təmsilçisi onun Bədii İstehsalat Kombinatında mexanik işlədiyini söylədi. Hamı təəccüb içində idi. Bu xoş xəbər bir anda rəssamlar arasında yayıldı. Doğrudan da sərgidən professionalların yox, bilavasitə həvəskar rəssamın əsərinin alınması o vaxt üçün gözlənilməz idi. Beləliklə, yaratdığı ilk əsərin qonorarını alan Tofiq Mövsümov o vaxtdan rəssamlar ailəsinin üzvü oldu...

   İndi o vaxtdan 20 il keçir. Bu müddətdə iki peşəni qoşalaşdıran T.Mövsümov həmişəişıqlıolan palitrasının sayagəlməz rəng çalarlarından neçə-neçə gözoxşayan tablo yaratmağa nail olub. İki dəfə Bakıda, bir dəfə isə İstanbulda fərdi sərgisi təşkil olunub. Müxtəlif mövzulu əsərləri Türkiyə, Avstriya, Yunanıstan, Rusiya, Fransa digər ölkələrin nüfuzlu şəxsi kolleksiyalarında saxlanılır.

   Onun bütün janrları əhatə edən yaradıcılığını şərtləndirən başlıca bədii məziyyət əsərlərinin məna - məzmun yükünün tutumluluğuna köklənməsidir. Gerçəklikdə gördüklərindən heyrətlənməkdən usanmayan Tofiq Mövsümov hər dəfə bədii görüntü verdiyi süjetləri, təbiət motivlərini, portretləri, həttacansız əşyalarməcmusu hesab etdiyimiz natürmortları mənalandırmağa çalışır. Belə lövhələr onun özünə qədər mənəvi rahatlıq gətirirsə, tamaşaçısına da bir o qədər estetik zövq verir, onu düşündürür...

   Energetik-rəssamın süjetli tablolarında Qarabağ mövzusu geniş yer tutur. O, işğalçılara münasibətini həm real görüntülərlə, həm rəmzi - şərti ifadə vasitələri ilə ifadə etməyə nail olub. Rəhmsizliktablosunda düşmənlə göz - gözə qalan balaca qızcığazın nümayiş etdirdiyi iradəyə bədii görkəm verən rəssam bu qarşıdurmada işğalçıya nifrət, ölümü dirigözlü qəbul edən balaca uşağa rəğbət hissi oyada bilib. OnunƏqrəblərlövhəsi yaddaqalan obrazlı həlli ilə diqqət çəkir. İşıqlı səthdə Azərbaycanın xəritəsinin ümumi görünüşünü beş qara əqrəblə əhatələyən Tofiq Mövsümov ölkəmizə qarşı hücum təzyiqlərə obrazlı - rəmzi görkəm verməyə nail ola bilib.

   Dəryada batanlarəsərində məzmun rəmzlərlə ifadə olunub. Belə ki, kompozisiyada dəryada görünən əllər onların üzərində yüksələn üfüqi qara xətt zahiri görkəminə görə rəmzi məna daşımaqla təzad təşkil edir. “Yalquzaqlövhəsi təkliyə məhkum olunmuşların ümumiləşdirilmiş təqdimatıdır. Kifayət qədər real cizgilərlə işlənmiş yalquzağın harayı sanki hamını etibarlı olmağa çağırır...

   RəssamQala divarları önündəlövhəsində sülh arzuludur. Paytaxtımızın qədim tarixinə şahidlik edən memarlıq tikilisi önündə əsgərlərlə onları sevinclə qarşılayan uşaqları qoşalaşdıran rəssam, bu motivə bəyaz sülh göyərçinlərinin təsvirini qatmaqla onu həm lirik ovqata kökləyə bilib.

   Onun yaradıcılığında mənzərə janrı üstünlük təşkil edir desək, yanılmarıq. Bu təkcə onun təbiətə sevgisi ilə bağlı deyil. Əslində təbiət motivləri ona duyğularını ifadə etmək üçün vasitədir. Tofiq Mövsümovun təqdimatındaQürub mənzərəsi”, “Təbiətin qoynunda”, “Xəzər sahilində”, “Yay”, “Qoruqda”, “Qədim minarə”,“Göldə”, “Payız”, “Kür boyunca s. lövhələrini təzadlı insan yaşantılarına məlhəm ola biləcək, onu duyğulandıra biləcək motivlərin yaddaqalan bədii görüntüsü hesab etmək olar.

   Rəssamın bu vaxta qədər təsvirə çevirə bildiyi müxtəlif əşyalarda məna axtarması da haradasa onun fərdi yaradıcılıq kredosundan irəli gəlir. Onun qənaətinə görə, el sənətkarlığı nümunələrinə diqqət əslində nəsillər arasında mənəvi əlaqələrin qorunmasıdır. Odur ki, bir çox natürmortlarında qədim mis əşyalara, dulusçuluq nümunələrinə rast gəlmək mümkündür.

   İlk dəfə 52 yaşında özünün gözəllik duyğularını kətan üzərində reallaşdıran energetik bu gün rənglərin əhatəsindədir. Ömrünün səkkizinci onluğunuxırdalayanrəssamın əl işləri bu günlərdə keçirilən həvəskar rəssamların respublika sərgisində nümayiş olunub.

  

 

   Ziyadxan Əliyev,

   Əməkdar incəsənət xadimi

 

   Mədəniyyət.- 2010.- 20 oktyabr.- S. 14.