Gənc dirijor Əyyub Quliyev beynəlxalq müsabiqənin qalibi olub

 

   Azərbaycanlı gənc dirijor Əyyub Quliyev Avropanın nüfuzlu musiqi yarışmalarından biri olan Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsində Qran-priyə layiq görülüb. İtaliyanın Parma şəhərində gerçəkləşən müsabiqə ilk dəfə olaraq bu şəhərdəki “Teatro di Reggio” Opera Teatrının təşkil etdiyi nüfuzlu “Verdi-2010” Opera Festivalı ilə birgə keçirilib.

  

   Müsabiqənin əsas təşkilatçıları - Arturo Toskanini Fondu, Cüzeppe Sinopoli Festivalı və Toskanini Filarmonik Orkestri olub. Üç mərhələdən ibarət olan müsabiqəyə 35 ölkədən 171 nəfər dirijor müraciət edib və onlardan yalnız 12 nəfəri 1-ci mərhələyə vəsiqə qazanıb. Tələb olunan şərtlərə əsasən gənc dirijorlar hər mərhələdə Toskanini Filarmonik orkestri ilə Y.Haydn, V.Mosart, L.Bethoven, İ.Brams və S.Prokofyevin müxtəlif irihəcmli simfonik əsərlərini hazırlamaqla bərabər, onları konsertdə ifa etmək bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin 1-ci mərhələsində iştirak edən Amerika, Avstriya, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Rusiya, Azərbaycan və Serbiyanı təmsil edən 12 nəfərdən yalnız 4-ü yarımfinala və 2 nəfəri isə finala vəsiqə qazanıb. Oktyabrın 16-da Parmanın məşhur “Paqanini Auditorium” salonunda baş tutan final mərhələsində Əyyub Quliyev 1-ci yerə, yaponiyalı Keyko Mitsuhani 2-ci yerə layiq görülüb. Əyyub Quliyev eyni zamanda, Cüzeppe Sinopoli Fondunun təsis etdiyi baş mükafatla da təltif olunub. Gənc dirijorların çıxışlarını dünya şöhrətli maestro, professor M.Yurovskinin (Almaniya) sədrlik etdiyi münsiflər heyəti - P.Antonini, P.Minardi, L.Ferrari (İtaliya) və M.Ortega Püyol (İspaniya) qiymətləndirib.

 

 

   Mədəniyyət.- 2010.- 20 oktyabr.- S. 15.