Sədərək Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub

 

   Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad qəsəbəsində Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilib. Sərhəd bölgəsində belə bir muzeyin açılması, ümumiyyətlə, qəsəbəyə ikinci həyatın verilməsi tarixi bir hadisədir.

     

   Muzeyin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov əlamətdar hadisə münasibətilə rayon ictimaiyyətini təbrik edib: “Azərbaycanın zəngin tarixi keçmişi var. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında bu tarix çox qədimlərdən başlayaraq öz nümunələrini indi də yaşatmaqdadır. Belə nümunələr isə Naxçıvan Dövlət Tarix Muzeyində və rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində yaşayır. Sədərək də tarixi min illərlə ölçülən bölgələrimizdən biridir.

   Binada muzey işçiləri üçün lazımi şərait yaradılıb. Muzeydən səmərəli istifadə isə rayon mədəniyyət və turizm şöbəsinin, muzey işçilərinin üzərinə düşür”.

   Açılışı bildirən rəmzi lent kəsildikdən sonra muzeyə baxış olub. İkimərtəbəli muzey binasının birinci mərtəbəsində ekspozisiya zalı, ikinci mərtəbəsində isə 3 otaq və ekspozisiya zalı yerləşir. Muzey binası orijinal memarlıq üslubunda tikilib.

   Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində 1495 eksponat saxlanılır. Muzeyin ekspozisiyasında Sədərək rayonunun son illərdəki inkişafını əks etdirən guşə də ziyarətə gələnlərin ixtiyarına verilib.

 

 

   Mədəniyyət.- 2010.- 20 oktyabr.- S. 14.