Azərbaycan
musiqiçiləri Şanxayı heyran etdilər
Çində
keçirilən EXPO-2010 beynəlxalq sərgisindən ürəkdolusu
təəssürat
Tarixi 1851-ci ildən başlayan beynəlxalq sərgilər içərisində EXPO ən möhtəşəmidir. İNSANIN YARADICILIQ İLHAMININ VƏ ZİYASININ BARİZ NÜMUNƏSİ!
Şahzadə Albertin Londonun Hayd Parkda yerləşən Büllur Sarayda “bütün millətlərin sənaye əməyini” nəhəng miqyasda sərgiləmək ideyası təkcə yüksək ideallara xidmət edən bir yaradıcı hadisə kimi yox, bu missiyasını qoruyub saxlamaq şərtilə yaradıcılığı mütərəqqi kommersiya planları ilə birləşdirən, beynəlxalq ticari əlaqələrdən başlamış dövlətlərarası münasibətlərə, memarlıq və dizayn, turizm, şou-biznes və reklamın formalaşması da daxil olmaqla, cəmiyyətdə baş verən müxtəlif proseslərə təsir etmək, bəzi hallarda isə bu prosesləri istiqamətləndirən inanılmaz möhtəşəm bir layihə kimi gerçəkləşdi.
EXPO-nun inkişaf prosesi əslində beynəlxalq cəmiyyətin inkişaf prosesidir. Bu prosesdə üç mərhələ öz əksini tapıb: sənayeləşmə, mədəni mübadilə və milli özünüdərk prosesi. Sənayeləşmə mərhələsində (1851-1938) EXPO-nun fəaliyyəti yalnız dünyanın iqtisadi tərəqqisinə təsir etmiş ticari və texnoloji yeniliklərin nümayişi məqsədini daşıyırdı. Amma 1939-cu ildən başlayaraq Nyu-Yorkda mədəniyyətlərarası əlaqələr, artıq bütün bəşəriyyətin gələcək rifahına xidmət edə biləcək məqamlar vurğulanmağa başladı.
1988-ci ildə Brisbendə keçirilən EXPO 1992-ci ildə başlayan və bu günə qədər davam edən yeni mərhələnin carçısı kimi tanındı. Bu mərhələnin mahiyyəti hər bir dövlətin obrazının gücləndirilməsi və populyarlaşdırılması idi. Necə ki, 2000-ci ildə Hannoverdə pavilyonların 73%-i milli ideyanın formalaşdırılması oldu. Bu gün güclü milli obraz və fərdilik xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də EXPO hər hansı bir ölkənin ticarət markasının reklamı üçün ən parlaq məkandır. Bu cür nəhəng reklam kampaniyası yalnız EXPO-da mümkündür. Təbii ki, XXI əsrin EXPO-su da bəşəriyyətə xidmət edən idealların carçısı olaraq sərginin konkret mövzusu çərçivəsində hər bir ölkənin və millətin tarixini, mədəniyyətini, ideallarını, arzularını və ümidlərini ehtiva etmək, mədəni və texnoloji inteqrasiyaya xidmət yolunda bütün dünyanın birlikdə göstərdiyi növbəti güclü cəhddir.
İldən-ilə EXPO-nun vəzifələri dəyişsə də, mahiyyəti dəyişməzdir. Televiziya və internet kimi güclü kommunikasiya vasitələrindən istifadə edən müasir İNSAN özünü Dünya Vətəndaşı sayır. Lakin bu vasitələr ona birlik və harmoniya, bəşəriyyətlə vəhdət hissini aşılaya bilmir. Məhz bunlara nail olmaq cəhdləri yeni kəşflərə gətirib çıxarır. Əbədiyyən bu duyğular dünyada yeni ideyalar, yeni tapıntılar, yeni kəşflər üçün ilham mənbəyidir. Kimisi bu kəşfləri edəcək, kimisi onlardan istifadə edib qiymətləndirəcək və yalnız EXPO onların dəyişməz görüş yeri olacaq. EXPO sərgidə iştirak edənlərin hər biri ilə birlikdə yaşayan, bəşəriyyətin gələcək taleyini fərziyyələrdə gerçəkləşdirən və vahidləşdirən nöqtədir.
Bütün bu söylənənlərin kontekstində müstəqillik qazanandan sonra Azərbaycan Respublikasının EXPO sərgilərində üçüncü dəfə iştirak etməsi misli görünməmiş bir uğurdur. 2000-ci ildə Hannoverdə, daha sonra 2005-ci ildə Yaponiyada və 2010-cu ildə Şanxayda!
“Ən yaxşı şəhər
- ən yaxşı həyat”
Budəfəki görüş yeri Şanxay oldu. Son illər dünyanın ən gəlişmiş ölkəsinin ən inkişaf etmiş şəhərlərindən biri! Elə məhz bu “ən” ədatı da həm dünyanın beş ölkəsinə qalib gəlib EXPO-nu keçirmək hüququnu Şanxaya qazandırdı, həm də 2010-un şüarını özündə ehtiva etmiş oldu. Son 30 ildə Çinin əldə etdiyi nailiyyətlərə görə 2007-ci ildə mütərəqqi bəşəriyyətin ümumi razılığı ilə Şanxay şəhəri «EXPO -2010»un məkanı seçilən gündən Huanqpu çayının hər iki sahili Şanxayın mərkəzində, Nanpu və Lupu körpüləri ətrafında 5,28 kv km ərazidə EXPO şəhərciyi tikilməyə başladı. Bu layihədə hər şey nəzərdə tutulmuşdu. Yollar, hotellər, iaşə müəssisələri, bir sözlə, “Ən” müasir şəhərə lazım olan “Ən” gözəl və yeni dünyanın dilində danışsaq, “Ən” “Full” şərait!... Və bu baş verdi... Çinlilər bu az müddətə şəhəri tikə bildilər. “EXPO -2010” sərgisi üçün seçilən mövzu “Ən yaxşı şəhər - ən yaxşı həyat” həm də bəşəriyyətin can atdığı ideal məkandır. Deyilənə görə, 1800-cü ildə əhalinin yalnız 2%-i şəhərlərdə yaşayırdısa, 2010-cu ildə bu rəqəm artıq 55% təşkil edir. Demək, urbanizasiyaya uğrayan cəmiyyətin həyati keyfiyyəti gələcəyin şəhərlərinin necə olacağından asılıdır! Bəşəriyyət gələcəyin şəhərini necə təsəvvür edir? Çiçəklənən, səhər-axşam nəğmələr eşidilən, əyləncəli, rahat bir yuva kimi, bəlkə sağlam həyat tərzi keçirən, ekoloji təmizliyə üstünlük verən asketik bir ərazi kimi, bəlkə sadəcə mədəni, yaxud bu yalnız bomond aləminin qəbul etdiyi fetiş obyektidir, bəlkə.... bəlkə uçan şəhərdə yasayacaq gələcəyin İNSANI... Bax belə, inanılmaz ehtimalların, gerçəkləşdirilməsi mümkün olmayan fərziyyələrin, fantastik ideyaların məkanıdır «EXPO-2010» Şanxay Çin sərgisi!
«EXPO -2010»
Şanxay Çin sərgisinin möhtəşəm
açılış mərasimi 2010-cu il aprelin 30-da baş
tutdu. Qeyri-adiliyi ilə keçmiş EXPO -lardan seçilən
bu mərasimdə bir neçə ölkələrin birinci
simaları da iştirak etdilər. Azərbaycanı da «EXPO
-2010»un açılışında nüfuzlu nümayəndə
heyəti təmsil edib. Sərginin ərazisində, Azərbaycan
da daxil olmaqla, 192 ölkənin iqtisadi, sosial, turizm
potensialını əks etdirən pavilyonlar qurulub.
Bütün ölkələrin pavilyonlarının dizaynı
sərginin ümumi devizi «Ən yaxşı şəhər -
ən yaxşı həyat» konsepsiyasına xidmət edir. Sərginin
emblemində «EXPO-2010» yazılan bir stend üzərində
üç insan fiqurunun - “mən, sən və o”nun sanki
bütün bəşəriyyəti qucaqlayaraq
insanlığı ünsiyyət və vəhdətə səsləyən
əksi təsvir olunub. Sərginin qoruyucu bazubəndi isə
Çin əlifbasında “sülh” sözünü ifadə
edən körpəyəbənzər işarədir. İngilis dilində «Better
siti - better life» kimi səslənən şüar tərcüməsiz
işlənir. Mövcud olduğu müddət ərzində hər
gün sərginin ərazisində iyirmiyədək tədbir
keçirilir və yeri gəlmişkən, ilk dəfə
olaraq «EXPO -2010»un gedişatını
bütün dünya online rejimində izləyə bilir. Təbii ki, ölkələrin milli günləri
keçirilən zaman da hər bir xalqın mədəniyyət
proqramları bütün dünyaya açıq olur. Nəzərdə tutulub ki, EXPO bağlanandan sonra səsvermə
yolu ilə ən yaxşı pavilyonlar saxlanacaq, o biriləri
isə ya söküləcək, ya da biznes məqsədləri
üçün hərraca çıxarılıb əhaliyə
satılacaq. Bugünkü hesablamalar göstərir ki,
Şanxay sərgisi ziyarətçilərin sayına görə
dünyada birinci yeri tutur, daha dəqiq desək, bu rəqəm
70 milyonla 100 milyon arasında tarazlaşmalıdır.
İncəsənət ustalarımızın
çıxışı çinliləri heyran etdi
Azərbaycan pavilyonu
EXPO ərazisinin, demək olar ki, mərkəzindədir.
İnsan seli hər on-on beş dəqiqədən
bir dəyişir və pavilyona daxil olmaq üçün
bir-birini sıxışdırır. Onu da deyim
ki, Çin kimi əhalisi çox olan bir ölkədə
insanlar belə növbələrə öyrəşib və
hamı özünü çox səbirli aparır.
Azərbaycan Respublikasının
nümayəndə heyətinə baş nazirin müavini və
Azərbaycan pavilyonunun baş komissarı Abid Şərifov rəhbərlik
edirdi. Rəsmi nümayəndə heyətinin tərkibinə
mədəniyyət və turizm nazirinin müavini, baş
komissarın müavini Ədalət Vəliyev, Mədəniyyət
və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev,
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli
daxil idilər.
İşçi qrupunu Mədəniyyət
və Turizm Nazirliyi İncəsənət şöbəsinin
əməkdaşları Sevda Məlikova, Mənzərxanım
Nurəliyeva, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin rəis müavini İsmayıl
Hüseynov, nazirliyin mətbuat katibi, bəndəniz Zöhrə
Əliyeva, Dövlət Filarmoniyasının direktor müavini
Afət Mikayılov, səs rejissoru İsa Kərimi, «Salnamə»
studiyasının operatoru Elşən Əliyev təşkil
edirdi. Yaradıcı kollektivlərdən Xalq artisti Afaq Məlikovanın
rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Xalq
artisti Teymur Göyçayevin rəhbərliyi ilə Dövlət
Kamera Orkestrinin üzvləri, xanəndələr Təyyar
Bayramov, Arzu Əliyeva, musiqiçilər Sahib Paşazadə
(tar), Toğrul Əsədullayev (kamança),
vokalçılar İnarə Babayeva, Xalq artisti Azər
Zeynalov, Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» ritm qrupu,
ölkənin baş kulinarı Tahir Əmiraslanov və
komandası həmişə olduğu kimi, bu dəfə də
üzümüzü ağ etdilər. Bakı
Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova miniatür
kitabları ilə sərgidə xüsusi maraq doğurdu.
Oktyabrın 15-də “EXPO -2010”
Şanxay Çin Sərgisində Azərbaycanın Milli
Günü keçirildi!
Nümayəndə
heyətinin rəhbərliyi və bir qrup artist EXPO Mərkəzinə
rəsmi açılış mərasiminə, bir qrup isə
EXPO-nun “Avropa” meydanına yollandılar. Həmin
gün incəsənət ustalarımız üç konsertlə
çıxış edirdi. Rəsmi mərasimdə və
iki dəfə EXPO-nun ən böyük səhnəsi olan
“Avropa” meydanında...
Rəsmi
açılış mərasimi Azərbaycan
Respublikasının Dövlət himninin səslənməsi və
bayraqqaldırma mərasimi ilə başladı. Himnimiz Çin nəfəsli alətlər orkestri tərəfindən
ifa olunurdu. Azərbaycan gününün
davam etdiyi müddətdə sərginin doqquz girişində
Azərbaycan bayrağı Çin bayrağı ilə
yanaşı dalğalandı. Mərkəzin “yaşıl”
zalında keçirilən tədbirdə
çıxış edən Çinin insan resursları və
sosial təhlükəsizlik nazirinin müavini Vanq Syaoku Azərbaycanın
Şanxay sərgisində iştirakını yüksək
qiymətləndirərək baş nazirin müavini, Azərbaycan
pavilyonunun baş komissarı Abid Şərifova söz verdi. Abid Şərifov Azərbaycan
Prezidenti İlham Əliyevin mərasim
iştirakçılarına təbrik məktubunu oxudu.
O, Çin-Azərbaycan Əməkdaşlıq
Komissiyasının həmsədri kimi iki ölkə əlaqələrinin
inkişafına böyük önəm verdiyini bildirdi.
Sonra Azərbaycan nümayəndə
heyəti tərəfindən aparılan hədiyyələr sərgi
rəhbərliyinə təqdim olundu və Abid Şərifov
«EXPO-2010»un xatirə kitabına öz
ürək sözlərini yazdı. Mərasim
incəsənət ustalarımızın
çıxışları ilə yekunlaşdı.
Konsertdə Dövlət Kamera Orkestri, Dövlət Rəqs
Ansamblı və “Natiq” ritm qrupu çıxış etdi. Şanxayın kütləvi informasiya vasitələri
Azərbaycan nümayəndələri ilə yaxından
maraqlanırdılar. Nümayəndə
heyətimiz tərəfindən Şanxay televiziyasına
geniş bir müsahibə verildi. Çinli
jurnalistlər bizim mədəniyyət ustalarının
çıxışlarından danışmaqdan yorulmurdular.
Onlar belə geniş və çoxşaxəli
mədəniyyətimizi tamaşaçılara lakonik proqramla
bu qədər dolğun çatdıra bilməyimizdən heyrətləndiklərini
söyləyirdilər.
Azərbaycan
pavilyonunu 3 milyona yaxın insan ziyarət edib
Abid Şərifovun rəhbərlik
etdiyi nümayəndə heyəti Çin nümayəndəliyi
ilə bərabər Çin pavilyonunu ziyarət etdi. Bu pavilyon da EXPO-nun konsepsiyasına uyğun
qurulmuşdu. İnsan burada özünü sanki
nağıllardakı kimi hiss edirdi. Pavilyonun
üst hissəsi Pekindəki imperator sarayını
xatırladır və «Şərqin tacı» adlanırdı.
Bir neçə hissədən ibarət
pavilyonun içərisi Disneylend attraksionlarına
oxşayırdı. Mürəkkəb konstruksiyalar,
bütün məkan boyu ölkənin tarixini anladan
animasiyalar, gələcək ailə modelinin artıq 2030-cu
ilin şəhərində yaşayış konsepsiyası,
salon boyu uzanan projektorlar «EXPO-2010»un niyə məhz Çində
keçirilməsinə bir daha bəraət
qazandırırdı.
Daha sonra rəsmilər
Azərbaycan pavilyonuna yollandılar. Burada
qonaqlar xanəndələrimiz Təyyar Bayramov və Arzu Əliyevanın
ifasında səslənən muğamlarla
qarşılandı. Milli musiqimiz ziyarətçiləri
sözün əsl mənasında valeh etdi. Ölkəmizin bütün infrastrukturu, iqtisadi
inkişafı, sənayesi, tarixi və mədəniyyəti,
turizm potensialı Azərbaycan pavilyonunda öz əksini
tapmışdı. Abid Şərifov əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və
hazırda Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu
siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə
layiqli yer tutduğundan, dünya dövlətlərinin Azərbaycana
marağının artmasından söz açdı.
Qonaqları Azərbaycanın tarixi, min illər boyu
formalaşan mədəniyyəti, müasir iqtisadi
inkişafı, neft strategiyası, müxtəlif sahələrdə
əldə etdiyi uğurları əks etdirən stendlərlə
tanış etdi. Pavilyonda
respublikanın iqtisadi durumu, Heydər Əliyev Fondunun
çoxşaxəli fəaliyyəti haqqında da çinli
qonaqlara məlumat verildi. Azərbaycan
pavilyonunun baş komissarının sözlərinə istinadən
deyə bilərik ki, bu günə qədər ölkəmizin
bir parçası olan bu məkanı artıq 3 milyona
yaxın insan ziyarət edib.
Daha sonra Türkiyənin
və Gürcüstanın da pavilyonlarını gəzdik.
Təbii ki, hər pavilyonda özünəməxsus
yaradıcı məqamların şahidi olurduq.
Nəhayət, “Avropa” meydanında
keçirilən Azərbaycan incəsənət
ustalarının baş konsert proqramı barəsində xüsusi
danışmağa ehtiyac var. Axşam saat 16.00-da bütün
EXPO bu meydana toplaşmışdı... Biz
tamaşaçılar tərəfindən həmişə
diqqət və maraqla qarşılanmağa bir növ
alışmışıq. Xarici ölkələrə
səfərlərimiz zamanı bunu daim müşahidə
etmişik. Zatən lap əvvəldə söylədiyim
məqamlara görə Şanxaydakı diqqət fərqli və
daha möhtəşəm idi. Çünki
burada bütün dünya sanki vəhdətdə olaraq azərbaycanlıların
onlara təqdim etdiyi mədəniyyəti qəbul etməyə
hazır dayanmışdı. Dünyanın
etibarını doğrultmaq lazım idi.... Sərginin mədəni
proqramlarının təşkilatçılığı Mədəniyyət
və Turizm Nazirliyinin üzərində olduğundan nazir
müavini Ədalət Vəliyevin, qrup rəhbərlərinin
həyəcanı sonsuz idi, çox böyük bir məsuliyyət
hiss edirdik. “Natıq” ritm qrupunun lap başlanğıcda
kütləyə yaşatdığı coşqu bütün
proqram boyu - həm Xalq artisti Təranə Muradova və Rüfət
Xəlilzadə və ansamblın başqa üzvləri rəqs
edərkən, həm muğam ustalarımız Təyyar
Bayramov və Arzu Əliyeva Qarabağ nəğmələrini
və “Sarı gəlin” həsrətini dilləndirərkən,
həm kamera orkestri Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərini
ifa edərkən, həm Xalq artisti Azər Zeynalov və
İnarə Babayevanın solo və duet partiyaları səslənərkən,
rəqqaslarımızın xalqımızın
döyüş ruhunu ifadə edən “Qılınclılar”
“ordusu” meydana çıxarkən davam etdi. Çox maraqlı
mənzərələr müşahidə olunurdu: çinlilər
rəqs edir, hərəkətlərini bizimkilərə
oxşatmağa çalışırdılar. Çinlilər
azərbaycanlı tələbələr və orada yaşayan
azərbaycanlılar kimi bizim milli bayrağımızı elə
əzizləyirdilər... sanki onlar da azərbaycanlı idilər!
«Natiq» ritm qrupunun çıxışı insanları
ovsunlamışdı
Azərbaycan Milli
Gününün sonunda isə milli xörəklərimizdən
ibarət böyük bir ziyafət təşkil edildi. Tahir Əmiraslanovun rəhbərlik etdiyi aşpazlar
heyətinin hazırladığı milli mətbəximizin ləziz
təamları qonaqlara təqdim olundu. Çin
dilində “məcun” sözünün tərcüməsini
bilməsəm də, çinlilərin yeməkdən
sonrakı nidaları yalnız bu anlamı verirdi.
Yenə də
xüsusi vurğulanmağa layiq məqamlardan biri Nazim
Tatlıyevin rəhbərliyi ilə 6 ay ərzində Şanxayda
fəaliyyət göstərən qrupun işi ilə
bağlıdır. Çində təhsil alan tələbələrimiz, oradakı
nümayəndələrimiz və ölkəmizin Çindəki
səfirliyinin əməkdaşları pavilyonumuzun
tanıtdırılması naminə, Azərbaycan mədəniyyətinin,
tarixinin insanlara yetərincə təbliğ edilməsi istiqamətində
əllərindən gələni əsirgəməyib. Bundan əlavə, burdan gedən nümayəndə
heyətini qarşılamaq, yerləşdirmək, sərginin ərazisində
gəzmək, pavilyonda qonaqları qarşılamaq kimi təşkilati
məsələlər də onlara həvalə olunmuşdu.
Uşaqlar çin və ingilis dillərini
mükəmməl bildiklərindən biz heç bir problem
yaşamadıq.
Oktyabrın 16-sı axşamı şanxaylılarla birlikdə bizi də heyrətləndirən bir məqam yaşandı. İnsanların kütləvi şəkildə meydana axışdığını görüb ora yollandıq. Gördüyümüz mənzərə bizi çox qürurlandırdı. «Natiq» ritm qrupu hotel şəhərciyinin mərkəzində öz ifası ilə tamaşaçıları sanki ovsunlamışdı. Bizimkilər «EXPO-2010»da bir ənənənin olduğunu öyrənibmiş: hər nümayəndə heyəti milli günlərini məhz belə yekunlaşdırırmış.
Beləliklə, Azərbaycan musiqiçiləri Şanxayı heyran etdilər! İndi növbə 2015-ci ildə Milanda keçiriləcək EXPO-nundur. Sağlıq olsun!
Zöhrə Əliyeva,
Mədəniyyət və Turizm
Nazirliyinin
mətbuat katibi
Bakı-Şanxay-Bakı
Mədəniyyət.-
2010.- 20 oktyabr.- S. 9-10.