Şuşa mədəniyyət və turizm işçilərinin konfransı keçirildi

 

   “Şuşanın mədəni irsinin təbliği üçün Bakıda mədəniyyət mərkəzinin açılması vacibdir

  

   Oktyabrın 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsi işçilərinin konfransı keçirildi.

  

   Konfransda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Şuşa rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edirdi.

   “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək qədim Şuşa şəhərinin mədəni irsinin təbliği istiqamətində görülən işlərdən danışdı. İcra başçısı məlumat verdi ki, Şuşa bəşəriyyətin musiqi beşiyi kimi UNESCO-nun mədəni irs siyahısına təqdim olunub: “Şuşanın mədəni irsinin təbliği üçün Bakıda mədəniyyət mərkəzinin açılması vacibdir. Mərkəz həm də Şuşa şəhərinin mədəniyyətini dünyada təbliğ etməklə məşğul olar. Konkret planlar və layihələr hazırlayar. Bizi irəlidə çoxlu işlər gözləyir. Bunun üçün Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsi də çox ciddi çalışmalıdır. Mədəniyyət işçiləri özləri də təkliflərlə çıxış etməlidir. Hər birimiz təşəbbüs göstərməliyik”.

   Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov isə hesabat məruzəsi ilə çıxış etdi. Qeyd etdi ki, rayonun 3 mədəniyyət evi, 1 klub, 32 kitabxana, 1 ev-muzeyi, 1 uşaq incəsənət məktəbi, 7 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 1500-ə yaxın şagird təhsil alır, 454 müəllim çalışır: “Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüsləri ölkəmizi dünyanın mədəniyyət mərkəzinə çevirməkdədir. Musiqi məktəblərinin müasirləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi işində mühüm işlər görülür. Şagirdlərimiz Mədəniyyət və Turizm, İdman və Gənclər nazirliklərinin keçirdiyi musiqi müsabiqələrində layiqli yerlər tuturlar. İcma rəhbərinin dəstəyi ilə “Şuşa” sənədli filmi hazırlanıb, “Şuşa Azərbaycanın mədəniyyət və tarixi incisidir” adlı kitab nəşr edilib. Biz təbliğat işini gücləndirməliyik. Mədəniyyət işçiləri fəallıq nümayiş etdirməlidirlər. Mən demirəm ki, onlar zəifdirlər. Sadəcə daha aktiv olmaq lazımdır. Çünki torpaqlarımız erməni işğalı altındadır. Üzərimizə ikiqat məsuliyyət düşür. Yeni planlar, yeni layihələr hazırlamalıyıq. Biz mənfur düşməndən mədəniyyət siyasətində də üstün olmalıyıq”.

   Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və başqaları Şuşanın qədim maddi-mədəni irsinin erməni vandalları tərəfindən dağıdılması, həmin abidələrin erməni abidələri kimi təqdim etmələri haqqında danışdılar. Vurğuladılar ki, düşmənin bu qondarma kampaniyası da Azərbaycan dövlətinin apardığı siyasətin qarşısında məğlubiyyətə düçar olacaq.

   Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov çıxış etdi.

   Sonda bir qrup mədəniyyət işçisi fəxri fərmanlarla təltif olundu.

   Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.

  

 

   İntiqam

 

   Mədəniyyət.- 2010.- 20 oktyabr.- S. 13.