Elçin Əzizov “Böyük
Teatrın gənc səsləri” konsertində
çıxış edib
Rusiyanın Qnesinlər adına
Akademiyasında “Böyük Teatrın gənc səsləri”
konserti olub. Konsertdə istedadlı həmyerlimiz, Moskva
Böyük Teatrının solisti Elçin Əzizov (bariton)
da çıxış edib.
Böyük Teatrın solisti Oksana
Lesniçayanın (soprano) da çıxış etdiyi
konsertdə Çaykovski, Raxmaninov, Verdi, Motsart, Qlinka,
Rimski-Korsakov və Bizenin operalarından parçalar səslənib.
Elçin Əzizov dünya
şöhrətli teatrın solisti olmuş ilk azərbaycanlıdır.
O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin məzunudur, Qalina Vişnevskayanın opera
ifaçılığı Mərkəzində təcrübə
keçib. E.Əzizov 2005-ci ilin avqust ayında
“Motsarteum” Universitetinin
Yay Akademiyasına daxil olub. Bu il müğənni Qalina Vişnevskayanın
opera ifaçılığı Mərkəzinin səhnəsində
“Karmen” operasında Eskamilyonun partiyası ilə debüt edib.
Böyük Teatrın istedadlı
gənc solistinin repertuarına tanınmış
Rusiya və Qərb bəstəkarlarının
operalarından ariozo və ariyalar, Borodinin, Raxmaninovun və Çaykovskinin romansları daxildir.
Elçin Əzizov Bülbül adına 3-cü Beynəlxalq müsabiqənin
laureatıdır. Moskva Beynəlxalq
Musiqi Xadimləri İttifaqının medalı,
bir sıra digər musiqi mükafatları ilə təltif edilib.
Mədəniyyət.- 2010.-
20 oktyabr.- S. 7.